Bu gün:

"Qısqanclıq kişilərdə qadınlara nisbətən özünü daha çox göstərir"



24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi uzman psixoloq, ailə-cütlük terapevti, Qərbi Kaspi Universiteti “Psixologiya və Sosial İş" kafedrasının müəllimi Səbinə Bayramovadır. O, Otello sindromundan danışıb. 

-Otello sindromu nədir və göstəriciləri hansılardır?

Otello sindromu insanın yaxın münasibətdə olduğu insana qarşı həddindən artıq qısqanclıq, vəsvəsə, inamsızlıq və güvənsizlik hiss etdiyi psixoloji vəziyyətdir. Patoloji qısqanclıq olaraq da bilinən bu sindrom, itirmək qorxusuna əsaslanan paranoid və ya həzəyanlı qısqanclıq növüdür. 


Kişilərdə qadınlara nisbətən 60% daha çox özünü göstərən bu sindromun adı ilk dəfə ingilis psixiyatr Con Todd tərəfindən işlənib.

Bu sindromu yaşayan şəxs partnyorunu həddən artıq qısqanar və hər bir davranışına məna yükləyərək idarə olunmaz reaksiyalar verər. Sindrom zamanı qısqanclıq o həddə çatar ki, şəxs qarşı tərəfi evə dustaq edər. Davamlı olaraq xəyanətə məruz qalacağı təhlükəsi qorxusunu yaradan davamlı sayıqlamalar mütəmadi olaraq ən kiçik şeylərin böyüdülməsinə səbəb olar. Qısqanclıq münasibəti yormursa və ya zərər vermirsə, qəbul edilə bilər səviyyədədir. Lakin, otello sindromunda olduğu kimi qısqanclıq fərqli bir səviyyəyə keçirsə, münasibətdə psixoloji və fiziki zərərlərə səbəb olur. Münasibətin sonu çox vaxt boşanma, cinayət ya da intiharla nəticələnir.

Otello sindromunun səbəbləri:

Otello sindromu sırf genetik xarakterli deyil. Paranoyal şizofreniya, bipolyar pozuntu, alkoqol və narkotik istifadəsi, cinsi funksiyanın azalması, parkinson xəstəliyi, beyin şişi, beyin iltihabı və endokrin pozuntular kimi vəziyyətlər də patoloji qısqanclığın tətiklənməsinə və şiddətlənməsinə təsir göstərir. Təməldə yatan ən əsas səbəb ciddi özgüvən əskikliyi, fərdi və cinsi performansa yönəlik yetərsizlik şəklində natamamlıq kompleksidir. Bundan əlavə, şəxsiyyət strukturu və ətraf mühit faktorları da otello sindromunun əmələ gəlməsinə təsir göstərə bilir.

Otello sindromunun simptomları:

1) Partnyoru tərəfindən xəyanətə məruz qalma təhlükəsi barədə idarəolunmaz düşüncələrə sahib olmaq;

2)Telefonun gec götürülməsinə, qapının gec açılmasına, başqasının zarafatına gülməyə, geyilən paltara və s. xəyanət təhlükəsi kimi baxmaq;

3) Partnyoru həddindən artıq qısqanclıqla məhdudlaşdırmaq;

4)Aşağı özgüvən və aşağı mənlik dəyəri;

5) Partnyordan ayrılma vəziyyətinin fobiyaya çevrilməsi (münasibət bitməsi ilə həyatının  bitəcəyi düşüncəsi);

6) Partnyora qarşı həddindən artıq və idarəolunmaz reaksiyalar vermək;

7) Şəxsin ümumi funksionallığı pozulmaz, yalnızca partnyoruna qarşı olan o məhdud sahəsi pozular (Şəxs həkim/ müəllim/ ev xanımlığı kimi peşəsini icra edə bilər);

8) Şübhəli hərəkətlər etmək, xüsusən də, partnyorun mobil telefonu, kompüter kimi şəxsi əşyalarını gizli şəkildə yoxlamağa çalışmaq;

9) Partnyoruna qarşı pis sözlər və söyüşlər işlədərək dəyərsiz və gücsüz hiss etdirməyə çalışmaq;

10) Zorakılıq, aqressivlik və qəzəb partlayışlarının olması;

Otello sindromunun diaqnozu və müalicəsi:

Nəticə olaraq, bu sindrom çox ağır nəticələrə gətirib çıxara biləcək psixoloji pozuntudur. Otello sindromu yaşayan insan çox vaxt bunu dərk etsə də, vəziyyəti qəbul etmək istəməz. Özünü bədbəxt, kədərli, dəyərsiz hiss edən şəxs nəzarəti əlinə alaraq partnyorunu məhdudlaşdırar, hər vəziyyətə müdaxilə edərək həyatı ona zindan edər. Partnyorunu çox sevdiyi üçün qısqandığını və qısqanclığın səbəbinin də özündən qaynaqlanmadığını bildirər. Beləliklə, o öz narahatlığını dərk edə bilməz və psixoloji dəstək almaq istəməz .Bu sindromu yaşayan şəxsin ailəsinin və yaxın ətrafının müalicə üçün dəstəyi vacibdir. Psixoterapevtik yardımla sindromun aradan qaldırılması mümkündür. Mütəxəssisin məqsədəuyğun hesab etdiyi hallarda psixoterapiyaya əlavə olaraq dərman müalicəsi də lazım gələ bilər.

Son zamanlarda qadın cinayətlərinin artmasının altında yatan psixoloji faktorlardan biri də Otello sindromudur. Bu səbəbdən, şüurlu hərəkət edərək, ətrafımızda bu pozuntudan əziyyət çəkənlərə qarşı tədbir görmək və ən qısa zamanda müalicəyə başlanması həyati əhəmiyyət kəsb edir.

Gülnisə Əfkari

Paylaş