Bu gün:

Xarici dili ən yaxşı hansı yaşda öyrənmək olar?


Kiçik uşaqların xarici dil öyrənməyə daha meyilli olduğu və daha asan öyrəndikləri fikri geniş yayılıb. Amma əldə edilən məlumatlar bunu təsdiqləmir.

Elmi araşdırmalar insanın dil ilə əlaqəsinin ömür boyu necə inkişaf etməsiylə bağlı qarışıq açıqlamalar təqdim edir. Məlumatlar daha sonrakı yaşlarda xarici dil öyrənməyə başlayanların daha üstün olduqlarını göstərir. Həyatın fərqli dövrlərində dil öyrənməyin fərqli üstünlükləri var.

Körpə olarkən qulaqlarımız səslərə qarşı daha həssas olur. 1-3 yaş arası uşaqlar fərqli aksentləri sürətlə öyrənib təqlid edirlər. Böyüklərin isə fikrini cəmləmək müddətinin daha uzun və oxuyub-yazmaq kimi bacarıqlara sahib olması sadəcə xarici dildə deyil, həm də ana dilimizdə söz xəzinəsini davamlı genişləndirmək imkanı verir.

Yaşla yanaşı, sosial vəziyyət, öyrənmək üsulları, hətta dostluq və yoldaşlıq kimi amillər də neçə xarici dildə və nə dərəcədə yaxşı danışdığımıza təsir göstərir.

İsraildə aparılan bir araşdırmada süni bir dil qaydasını başa düşmək və bunu laboratoriya şəraitində yeni sözlərə tətbiq etmək baxımından fərqli yaş qruplarının fəaliyyəti müşahidə edilib. Yeniyetmələr olaraq adlandırılan 14-21 yaş qrupundakılar 12 yaşlılardan ibarət qrupdan daha yaxşı nəticə göstəriblər. 12 yaşlıların isə 8 yaşlılardan daha yüksək bal qazandıqları məlum olub.

İngiliscə öyrənən 2000 katalon-ispan tələbəsi ilə aparılan araşdırmada buna oxşar nəticələr əldə olunub. Xarici dil öyrənməyə daha gec yaşda başlayanların daha gənc yaşda başlayanlarla müqayisədə dili daha sürətlə öyrəndiyi müşahidə olunub.

Tədqiqatçılar belə nəticəyə gəiblər ki, yaşlı tələbələr kamilləşmə nəticəsində problemi daha yüksək səviyyədə həll etmə strategiyası kimi bacarıqlardan və dil sahəsində daha yüksək səviyyədə təcrübə sahibi olmağın verdiyi üstünlüklərdən faydalanıblar.

Yəni yaşı çox olanlar həm özləri, həm də dünya haqqında daha çox məlumata sahib olduqları üçün yeni öyrəndiklərini bu məlumatla daha asanlıqla qavraya bilirlər və hər şeyi yerli-yerində oturdurlar.

Kiçik uşaqlar isə "gizli öyrənmə" məsələsində daha yaxşıdırlar. Yəni xarici dildə danışan insana qulaq asıb onu təqlid edərək öyrənirlər. Lakin bu öyrənmə tərzi o dildə danışan insanla daha çox vaxt geçirməyi tələb edir.

Həyatımızın ilk illəri ana dilini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Tərk edilmiş və ya ətrafdan təcrid edilmiş uşaqlar üzərində aparılan araşdırmalar, danışmağı erkən yaşda öyrənmədiyimiz təqdirdə bu boşluğun sonrakı yaşlarda asanlıqla doldurulmayacığını göstərir. Lakin xarici bir dil öyrənmək baxımından vəziyyət eyni deyil.

Mənbə: BBCnews

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et