24Media Azərbaycanın xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovla müsahibəni təqdim edir:
Bu il 60 illik yubileyinizi qeyd edəcəksiniz. Bu ömür sizə yenidən verilsə və həyatınızdakı yalnız bir şeyi dəyişmək imkanınız olsa, o nə olardı?
-Bəli, bu il mənim 60 yaşım tamam olur. Geriyə baxanda necə çətin, əziyyətli yollarla bu günə gəlib çatdığımı xatırlayıram. Muğam sahəsi daşlı-kəsəkli, əzab-əziyyətlə dolu yoldur. Bu sənətdə maddiyyat yoxdur, ona görə də burada sənətini daha çox sevən, fədakarlıq edənlər özlərinə yer tuta bilirlər. Mən bu 60 ildə istər sənət həyatımda, istərsə də şəxsi həyatımda çox şey qazanmışam. Dəyişkənliyi sevmirəm, sahib olduqlarıma sadiq biriyəm. Bu səbəbdən heç nəyi dəyişməzdim, hər şeyi elə olduğu kimi saxlayardım, çünki bu mənim həyatımdır.
Bir qədər də illər əvvələ qayıdaq. Uşaqlığınızın bitdiyini, böyüdüyünüzü nə vaxt anladınız ?
-Mən kənddə böyümüşəm. Hərbi xidmətə qədər Ağdamda yaşamışam, bir az böyüdükdən sonra artıq valideynlərimizə təsərrüfatda kömək edirdik. Kənddə bir uşağın görə biləcəyi nə fiziki iş varsa, hamısını görmüşəm. Ot da biçmişəm, pambıq da yığmışam, quzu da otarmışam, atama çox kömək etmişəm. Kənddəki uşaqlar kiçik yaşlarından zəhmətə alışırlar. Deyə bilərəm ki, hərbi xidmət bu baxımdan mənim üçün rahat keçdi. Ona görə də, mən artıq 14-15 yaşlarımda böyüdüyümü, uşaq olmadığımı dərk etdim, bundan sonra da zəhmətli həyata baş vurdum.
Mənsum İbrahimov pilləsinə ucalmaq üçün nələrdən imtina etmiş və ya nələri qurban vermisiniz ?
-Bu günün sənətkarı, Mənsum İbrahimov olmaq üçün asan yollardan keçməmişəm. Maddi cəhətdən çox əziyyət çəkdiyim vaxtlar olub. Məsələn, vaxt var idi ki, muğama çox diqqət yetirilmirdi. Ona görə də muğamla, xanəndəliklə tanınmaq, sevilmək çətin və inanılmaz bir şey idi. Hətta yaxın dostlarım, qohumlarım: "Bəlkə bir az müasir mahnılar, estrada musiqisi filan oxuyasan, moda düşəsən, bir az pul qazanasan", - deyirdilər. Mən isə hər zaman deyirdim ki, ruhum muğamla yoğrulub, özümü ancaq muğam ifaçısı kimi görürəm. Mənim ruhum yüngül musiqiləri qəbul etmir. Bəli, çox əziyyətlərə dözmüşəm. Məsələn, Opera teatrında işləyərkən 80 rubl maaş alırdım, bu mənim üçün çətin idi, ailəli idim, 2 uşağım da var idi. Bütün bunlara baxmayaraq, yolumdan dönmədim, inadla, səbirlə məqsədimə doğru irəlilədiyim üçün bu səviyyəyə çatdım.
Muğam sənətindən Mənsum İbrahimovu çıxarsaq geriyə nə qalar ?
-Belə deyə bilərəm ki, bu gün muğam sənətindən mənim adımı çıxarsaq, yəqin ki, mən başqa sahənin ən yaxşılarından biri olaram. Hər şeydən əvvəl vətənini, dövlətini sevən Mənsum İbrahimov...
Mənim elə bir xarakterim də var ki, hansı sənətdə, sahədə olmağıma baxmayaraq həmişə oranın ən yaxşısı olmağa çalışıram. Çünki mən tərəzi bürcüyəm, heç vaxt əmin olmadığım işə başlamıram. Yəqin ki, muğam ifaçısı olmasaydım, çox yaxşı həkim, cərrah olacaqdım. Çünki uşaqlıqdan həkimliyə, cərrahlığa çox böyük məhəbbətim olub. Bəlkə də həkimliklə mənim sənətim arasında bir az uyğunluq var. Biz musiqimizlə insanların ruhunu müalicə edirik, onlarsa insanları fiziki cəhətdən sağaldırlar.
Qeyd etdiniz ki, uşaq vaxtı həkim olmaq arzusunda olmusunuz. Qızlarınızdan biri tibb sahəsində təhsil alıb. Onun bu qərarına sizin təsiriniz olubmu?
-Yaxınlarım yaxşı bilirdilər ki, həkimliyi çox sevmişəm. Ona görə də, uşaqlara dedim ki, əgər istəsəniz, biriniz həkim olun. Bu, təbii ki, sadəcə bir arzu idi, göstəriş deyildi. Mən hər insanın öz ixtisasını özünün seçməsinin tərəfdarıyam. Sonra kiçik qızım özü həkim olmaq istədiyini dedi. Beləliklə, Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib rezidenturaya yüksək balla qəbul oldu. Hazırda dietoloq, endokrinoloqdur. İnanıram ki, o, millətimizə faydalı həkim olacaq.
Yeri gəlmişkən, fürsətdən istifadə edib bütün həkimlərimizə, tibb işçilərinə dərin təşəkkürümü bildirirəm. Allah bizim bütün həkimlərimizi qorusun!
Ailədə Mənsum İbrahimov olmaq çətindirmi?
-Tərəzi bürcü olduğum üçün ağlım kəsəndən içimdə həmişə ədalət hissi olub. Yaxşı sənətkardan əvvəl, yaxşı insan olmağa çalışmışam. Adı insan özü tanıtdırır. Mənə babamın adını veriblər, onun da gözəl səsi olub. Amma babam o dövrdə bunu özünə sənət etməyib. Qismət olub, atam babamın adını mənə verib. Biz evdə 9 uşaq olmuşuq: 7 qardaş, 2 bacı. Mən 2-ci övladam. Atam həmişə deyirdi: “Bu uşaqların hamısının atası sənsən”. O, rəhmətə getsə də, bu gün bütün bacı, qardaşlarımın mənəvi cəhətdən atası mənəm. Onların övladları da, özləri də mənim başıma yığışırlar.
Ərsəyə gətirdiyiniz hər hansı layihənin bəyənilməməsi sizi nə dərəcədə həvəsdən salır?
-Artıq 23 ildir ki, “Qarabağ” muğam qrupunu yaratmışam. Sənət dostlarım, Milli Konservatoriyanın dosentləri Elçin Həşimov və Elnur Əhmədovla birgə bu günə qədər çox layihələr həyata keçirmişik. Yazdığımız əsərləri, mahnıları, muğamları, eyni zamanda həyata keçirdiyimiz layihələri heç vaxt anidən hazır etmirik. Elə olur ki, aylarla vaxt sərf edirik, bütün əyri-əskikləri düzəldirik, çox çalışırıq, çox zəhmət qoyuruq ki, hər şey qaydasında olsun. Ona görə də ərsəyə gətirdiyimiz layihələr normal olur. Təbii ki, hər işdə çatışmayan cəhətlər olur, növbəti işlərdə bunları aradan qaldırmağa çalışırıq. Ümumiyyətlə, mən həvəsdən düşən biri deyiləm, nikbin, optimist insanam. Hər zaman hər şeyin yaxşı tərəfini görməyə çalışıram. Səhv axtaran insan həmişə tapacaq.
Özünüzü müəllim, ifaçı, yoxsa aktyor olaraq daha uğurlu hesab edirsiniz ?
-Hər üçündə. Ümumiyyətlə, həyatda hansı sahəyə başlamaq istəyirəmsə, o işi etmək xətrinə görmürəm. Məsələn, ifaçı kimi fəaliyyətə başlayanda deyirdim ki, ən yaxşı ifaçılardan biri olacam. Amma bu, boş bir iddia deyil, çünki arxasında çox böyük zəhmət, yuxusuz gecələr durur. Mən operaya gedəndə, ən yaxşı Məcnunlardan biri olmağı qarşıma məqsəd qoydum. Bunun üçün aylarla zülm çəkdim.
Pedaqoji fəaliyyətə gəldikdə isə uşaqlıqdan öyrənməyə və öyrətməyə böyük həvəsim olub. Bizim sahədə bizim məhsulumuz ifaçılardır, biz ifaçı yetişdiririk. Allaha şükürlər olsun ki, bu gün mənim tələbələrim artıq əməkdar artistdirlər. Doğma televiziyamızın, opera səhnəmizin solistləridirlər. Onlar mənimlə çiyin-çiynə verərək eyni səhnəni bölüşürlər. Xarici ölkələrdə vətənimizi təmsil edirik. Bir ustad üçün bundan böyük fəxr ola bilməz. Mənim özümün belə bir tərifim var ki, bu sahədə ancaq başqasının uğuruna sevinə bilən insan müəllim ola bilər. Qısaca, mən bu sahələrin hər üçünü sevirəm.
Sənət aləminin sizə öyrətdiyi, xarakter baxımından püxtələşdirdiyi şeylər nələrdir ?
-Muğam musiqi sahəsində bir az fərqlidir. Bu sahənin ifaçıları da həm geyim, həm davranış cəhətdən digərlərindən seçilir. Çünki muğam özü bir tərbiyədir. O, Azərbaycan xalqının keçdiyi bütöv bir tarixi özündə əks etdirir. Muğam bizim əvəzsiz milli sərvətimizdir. Musiqinin başqa janrları bizə kənardan gəlsə də, muğam özümüzündür. Bu sənət mənə millətimi sevməyi, daha səbirli olmağı, böyük-kiçik yerini bilməyi öyrətdi. Mən gözümü açandan Qarabağda, muğamın içində tərbiyə almışam. Bu səbəbdən vətənimi də muğamla sevməyə başlamışam. Muğam mənim həyatımı və həyata olan baxışımı dəyişib.
“Bu səhvi etməsəydim, daha yaxşı pillədə olardım" dediyiniz nəsə olubmu?
-Az öncə də qeyd etdim ki, tərəzi bürcüyəm. Mənim içimdə sözün əsl mənasında yanlış hərəkət etməyə icazə verməyən bir tərəzi var. Səhvsiz olan Allahdır, səhvsiz insan yoxdur. Amma heç vaxt peşman olacağım addım atmamışam. Heç vaxt! Yenə deyirəm, mənim içimdə ədalət prinsipi var, tərəzi var. Bu tərəzi hər zaman öz içimdə məni tənqid edir. Həyatda ən çətin yola getdiyim şəxs öz içimdəki insandır. Çünki o, hər zaman məni tənqid edir. Nadir hallarda gördüyüm işi bəyənir. Sanki mənə deyir ki, daha da mükəmməlini etmək lazımdır. Buna görə də əziyyət çəkmirəm. Ona azadlıq vermişəm ki, hər şeyin düzgününü mənə desin.
Sizcə, "Avroviziya" mahnı müsabiqəsində təmsilçilərimiz muğam oxusalar necə olar ?
-Bu, deyəsən, bir dəfə olub, mənim yadımdadır. İki ifaçımız muğam elementlərindən istifadə edərək duet ifa etmişdilər. Çox yaxşı qarşılanmışdı. Əlbəttə, oxuduqları tam muğam deyildi, sadəcə kompozisiya idi. Düşünürəm ki, xarici ölkələrdə nə oxunursa, oxunsun, onda millilik olmalıdır. Azərbaycanın milli elementi muğamdan istifadə etsək, bu, bizə ancaq uğur gətirə bilər.
Karantin dövrü ilə əlaqədar hansı işlərinizi təxirə salmalı olmusunuz ?
-Karantin rejiminin elan olunmasına təxminən bir həftə qalmış Latviyaya səfərimiz baş tutmalı idi. Bilirsiniz ki, çox səfərlərdə oluruq. 2019-cu ildə “Qarabağ” muğam qrupu ilə birlikdə 14 xarici ölkədə və Azərbaycanın bir sıra bölgələrində konsert verdik. Latviyaya biletlərimiz də artıq alınmışdı. Elçin Həşimov, Elnur Əhmədov, Kamran Kərimov və eyni zamanda, məşhur teleaparıcımız Emin Musəvi də bizimlə birlikdə gedəcəkdi. Bir həftə qalmış gördüm ki, vəziyyət yaxşıya doğru getmir. Ona görə dostlarla məsləhətləşdik, düzdür, biletlərimiz batdı, amma əsas odur ki, düzgün qərar qəbul etdik. Çünki getsəydik, orada qalmalı olacaqdıq. Onlayn şəkildə konsertlər verməyə davam edirik. Lakin ifaçı tamaşaçı alqışına, onların nəfəsinin istisini hiss etməyə öyrəşib. Onlayn konsertlər canlı səhnənin yerini vermir.
Qarabağı görmədən böyüyən bir nəsil yetişir. Sizcə, onlar nələri itirirlər?
-Çox şey itirirlər. Məni bu gün Mənsum İbrahimov kimi tanıdan bu səsi mən Qarabağda qazanmışam. O torpaq bizim muğamımız üçün səs bazası idi.
2 ildən bir Heydər Əliyev fondunun təşəbbüsü ilə Muğam Televiziya Müsabiqəsi keçiririk. Bölgələrə gedib yeni səslər axtarırıq. Hazırda bu səslər əvvəlki qədər çox tapılmır, azalıb. Biz Qarabağda böyümüşük, o torpağın bir zərrəsiyik. Amma virtual formada görmək canlı-canlı torpağı hiss etməyin yerini vermir. Vətənin üstündə gəzməlisən. Düşünürəm ki, tezliklə torpaqlarımızı ordumuzun gücünə geri alacaq və Qarabağa qayıdacağıq.
Sonda mənim soruşmadığım, sizin oxucularla bölüşmək istədikləriniz varmı?
-Çox gözəl suallar tərtib etmisiniz, təşəkkür edirəm. Demək istəyirəm ki, bəlkə də son dövrdə yaşadıqlarımız insanlara, bəşəriyyətə göndərilmiş bir mesajdır ki, insanlar həyat tərzlərini dəyişsinlər. Dünyada insanlıq arxa plana keçmişdi. Tələbəm Təyyar Bayramov və bir neçə xeyirsevər dostlara birlikdə Ağdamda 150 ailəyə ərzaq yardımı etdik, cəbhəyanı kəndlərdə onlarla görüşdük, dərdlərinə şərik olduq, həmrəy olduğumuzu göstərdik. Ümid edirəm ki, tez bir vaxtda bu çətin vəziyyətdən çıxarıq. Hazırda gözə görünməyən düşmənlə mübarizə aparırıq, amma əsas məsələ bizim görünən düşmənlərimiz olan ermənilərdir. Tezliklə bu vəziyyətdən çıxıb düşmənləri Qarabağdan qovub çıxarmalıyıq.