Bu gün:

"Səyahət etmək üçün çox pul lazım deyil"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Rəna Kərimovadır. Müsahibimiz travel bloggerdir və o, (@adamagezmekqalir) adlı öz blogundan da danışıb. Rəna xanım deyir ki, səfərlərimizi həmişə planlaşdırmalıyıq. 


-Az büdcə ilə səyahət etmək mümkündürmü? 


Səyahət etmək üçün heç də çox pula ehtiyac yoxdur. Hətta mən blogu açdığım ilk zamanlarda yazırdılar ki, siz çox bəxtəvərsiz, çox pulunuz var və gəzirsiniz(gülür). Amma bu belə deyil. Səyahət etməyi çox istəyən insanın, ilk növbədə, həvəsi olmalıdır. Hər yay Antalyaya eyni otelə getməkdənsə, qənaət edərək digər ölkələrə səyahət alınır. Gənclər üçün xüsusi proqramlar mümkündür. Bundan başqa, endirim kompaniyalarını izləməklə, öncədən detallı şəkildə araşdırmaqla daha ucuz səyahət etmək olar. Məsələn, mənim 4 günlük İsveç-Norveç səyahətim olmuşdu. Hər birinin paytaxtında 2gün qalmaqla, bütün xərclərim daxil, təyyarə biletim, qalmağım və yeməyim daxil 500 azn olmuşdu. Düşünürəm ki, biz bu pulla Bakıda asanlıqla restoran və ya geyimə xərcləyirik. Əsas şey isə qənaət etməkdir.


Ən əsası səyahəti öncədən planlaşdırmaq lazımdır. Gəzməyə getdiyim bütün şəhərləri detallı araşdırıram. Offline xəritələr, internetə bağlı olmayanın xəritəsini yükləyirəm, şəhərin gəzməli yerlərini və yeməklərini qeyd edirəm, qiymətləri də araşdırıram. Otel və restoranlarda vaxt keçirməkdənsə, muzeylərə üstünlük verirəm. Əvvəlcədən əlimizdə planlı proqramla getsək, vaxta da qənaət etmiş olarıq. Mən əvvəlcədən hava limanından düşdüyüm andan son günümə qədər planlaşdırıram. Taksi və avtobus qiymətlərini öyrənirəm. Bəzən muzey biletlərini də öncədən alıram. Bununla yanaşı, hava yollarının endirimlərini və xüsusi kompaniyalarını izləmək lazımdır. Otelləri də öncədən bron etmək yaxşı fikirdir. Hətta deyərdim otellərdənsə, hostellərə, evlərə üstünlük verin. Qiymətləri arasında 3-4 qat fərq olur. Yaşayış üçün isə heç bir problemi və otellərdən fərqi yoxdur. Özüm dəfələrlə hostellərdə qalmışam. Tək bir fərqi var ki, hosteldə otağınızı başqaları ilə də bölüşürsüz və bu da çox maraqlıdır deyə bilərəm. 

Əlavə olaraq, daha az pul xərcləmək üçün qidalanmanı da nəzərə almalıdırlar. Məsələn, gündə 3 dəfə restoranda olmaqdansa, gəzməyə, əyləncəyə üstünlük verə bilərsiniz. Gündə bir dəfə şəhərin məşhur restoranını, ya da milli yeməyini yoxlamaq olar. Mən özüm dəfələrlə asan, hazır yeməklərlə qidalanmışam. Bu cəhətdən də daha çox qənaət etmiş olurdum.


Xarici ölkələrdə ən çox pul aparan amillərdən biri isə nəqliyyatdır. Xüsusilə, Avropa ölkələrində ictimai nəqliyyat çox bahadır. Asiya ölkələrində nisbətən daha ucuzdur. Amma Asiya ölkələrinə uçuş biletləri məsafəyə görə daha baha olur. Bu cəhətdən xarici ölkədə çalışıram ki, taksidən çox az istifadə edim. Bəzi hallarda isə məsafə baxımından metro və ya avtobuslara üz tuturam. Daha çox getdiyim yerlərə piyada getməyə üstünlük verirəm. Bu yolla gəzərək həm şəhəri kəşf edə bilərik, həm də pula qənaət edərik. Xarici ölkəyə gəzmək üçün gediriksə, bol-bol gəzib məşhur yerlərini tanımaq, künc-bucağını görmək daha yaxşı fikirdir. Mən səyahət etdiyim ölkələrdə gün ərzində 15-20 km piyada gəzirəm. 

Bəzi insanlar ani qərarla səyahət etməyə üstünlük verir. Ruh halından aslı, doya-doya gəzmək. Bu fikir yaxşı səslənə bilər, amma məntiqsizdir və çətinliklər yaradacaq.


Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et