Bu gün:

“Hətta bizə rəqib olan mediada da çalışan tələbələrimiz var”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğludur. O bildirib ki, məktəb jurnalistlərin peşəkar yetişməsi üçün yardımçı vasitədir.


- Report Media Məktəbi, ümumən, nə qədər jurnalist yetişdirib və onların hazırkı fəaliyyətini izləyə bilirsinizmi?


-2018-ci ildən fəaliyyət göstərən Media məktəbin ötən il 5 illik yubileyini qeyd etdik. 15 qrupun buraxılışı olub. Hazırda 16-cı qrupla təlimlər davam edir. Əlbəttə, bütün məzunların fəaliyyətini izləyə bilmərik. Ümumiyyətlə, hər hansı agentliyin tərkibində olan kiçik məktəbdə təcrübə keçmək, böyük mənada jurnalistikada və ya jurnalistika təhsilində olan problemləri həll edə bilməz. Report İnformasiya Agentliyində yaradılan bu məktəb isə az da olsa, jurnalist peşəkarlığının yüksəldilməsi üçün yardımçı vasitədir.

Fikrimcə, jurnalistikada ən önəmli məsələ həvəsdir. Əgər jurnalistin bu sahəyə marağı yoxdursa, nə qədər çalışsaq da, uğurlu nəticə almaq mümkün olmayacaq.

Media məktəbinin rəhbəri bildirir ki, hər bir media qurumunda rəhbərlik gənc jurnalistləri prosesə cəlb etsə, və yaşlı nəslin nümayəndələri öz biliklərini onlarla paylaşsa, onda daha uğurlu nəticə əldə etmək olar.


-Report Media Məktəbinin məzunları ölkənin  müxtəlif media orqanlarında çalışır. Kiçik bir statistika deyə bilərəm. Bizim məktəbin 19 yetirməsini agentlikdə işlə təmin etmişik. Bu özü heç də pis göstərici deyil. Bundan əlavə, daxil olduğumuz “Global Media Group”un başqa qurumlarında da bizim məzunlar çalışır. Hətta bizə rəqib olan mediada da çalışan tələbələrimiz var. Ümumiyyətlə, bu layihəni reallaşdırarkən məhz özümüz üçün jurnalist yetişdirməyi qarşımıza məqsəd qoymamışdıq.

Hazırda bacardığım qədər tələbələrimlə kommunikasiyanı saxlayıram. Agentlikdə hər zaman bu məsələyə diqqətlə yanaşmışıq. 

İsmayıl Rafiqoğlu hazırda Azərbaycanda medianın ümumi vəziyyətindən də danışıb.


-Ümumiyyətlə, jurnalistdən medianın vəziyyətini soruşduqda, bəzən jurnalistlərdən şikayət eşidirik. İnkişaf etmiş ölkələrin mediası ilə müqayisədə Azərbaycan mətbuatını çox da güclü hesab etmək olmaz. Düzdür, bizim mətbuatının inkişafına haradasa Sovet dövrü də maneə olub. O zaman başqa standart və fərqli şablonlarla çalışmışıq. İndi isə başqa dövrə keçmişik,tələblər də dəyişib. 

Medianı qiymətləndirən zaman isə hansı bucaqdan yanaşmalı olduğumuzu da bilməliyik. Məsələn, media bazarımız zəifdir. Yaxın regional ölkələri nəzər yetirsək, Rusiya, Türkiyə, İran, Qazaxıstanda daha böyük media bazarı mövcuddur.


Əgər medianı saytların, informasiya qurumlarının sayına görə qiymətləndirsək, bu, bizim ölkə üçün kifayət qədər normaldır. 

Peşəkarlıq nəzərindən isə çox problemlər var. Adi məsələlərdə belə kadr çatışmazlığı, akademik təhsilin problemləri gözlə görüləndir. Problemləri aradan qaldırmaq üçün isə çox iş görülməlidir. 

Mənim tez-tez qarşılaşdığım hallardan biri özünü başqa sahələrdə tapa bilməyənlərin jurnalistikaya yönlənməsidir. Bu, elə bir peşədir ki, gərək onu şüurlu olaraq seçəsən. İnsan bu gün taksi sürücüsü olub, sabah satıcı kimi işləyə bilər. Amma marketinqdən jurnalistikaya keçid alınmaz, çünki düşüncə fərqlidir. Əsl jurnalistin proseslərə yanaşması heç də həmişə maddi durumla bağlı deyil. Bir sözlə, medianın vəziyyətini, ümumilikdə, orta qiymətləndirirəm.

Müsahibim gənc jurnalistlərə bir neçə məsləhət də verib. 

-Gərək peşəni sevib gələsən. Bu ən vacib nüansdır. Jurnalist gündəmi izləməli, media çevrəsini tanımalıdır. Bundan əlavə, dil biliyini artırmalıdır, çünki bu olmadan beynəlxalq arenaya çıxıb uğur qazana bilməz. Bu sahədə kiçik bacarıq sahibi olmaqla sadəcə maaş qazana bilərsən. Jurnalistikanın elitasına daxil olmaq istəyirsənsə, mütləq dərin intellektual biliyə sahib olmalısan.


Şəms Ajakh

Paylaş
Şərh əlavə et