Bu gün:

Çox yatmaq– hipersomniya xəstəliyi


Hipersomniya və ya hipersomnolans insanın yaşından asılı olaraq kifayət qədər yuxu almasına baxmayaraq özünü yorğun və ləng hiss etməsinə və bununla da gün ərzində yuxu tutmalarına səbəb olan nevroloji xəstəlikdir.

Hipersomniya xəstələri gecə boyu fasiləsiz və ən az 7 saat yatsalar belə, gün ərzində yaranan yuxululuğu idarə edə bilməyən və sıx yuxu istəyi ilə üzləşən insanların yaşadığı haldır. Buna görə də gündəlik işlərlə məşğul olmaq demək olar ki, qeyri-mümkün olur. Bu vəziyyət insanın işinə, təhsilinə, şəxsi həyatına mənfi təsir göstərir. Rutin işlərin öhdəsindən gələ bilməyən insanlar həddindən artıq uyğunlaşmaya ehtiyac duyduqları üçün özlərini qeyri-adekvat hiss edə və ya cəmiyyətdən təcrid oluna bilərlər. Belə məqamları nəzərə alsaq, xəstəliyin şəxsə psixoloji cəhətdən mənfi təsir göstərməsi qaçınılmazdır. İnsanların həyat keyfiyyətini həm fiziki, həm də mənəvi cəhətdən pisləşdirən hipersomniya üç şəkildə formalaşır:


Narkolepsiya: 20 yaşlarında cinsindən asılı olmayaraq ümumiyyətlə insanları təsir edən yuxu pozğunluğu növüdür. Dəqiq səbəb tibbdə həll edilməmişdir, lakin bu xəstəliyin REM yuxusunu tənzimləyən neyrokimyəvi maddə olan hyproketinin az ifrazı zamanı baş verdiyi proqnozlaşdırılır. Narkolepsiya insanların yuxu tutmalarına və hətta halüsinasiyalara səbəb olur. Bu hipnaqogik hallüsinasiyalar yuxuya getmə və oyanma zamanı baş verən kabusa bənzər bir vəziyyətdir, lakin insan gördüklərinin tamamilə gerçək olduğunu düşünür. Xəstələrin simptomları günü-gündən artır və yuxu iflici yaşayırlar. Bu, insanın oyanarkən danışma qabiliyyətini itirdiyi və ya qısa müddət hərəkət edə bilməyəcəyi bir vəziyyətdir. Əsəb sistemini tamamilə təsir edən bu xəstəlik insana böyük fiziki və ruhi ziyan vurur və müalicə olunmazsa katapleksiyaya səbəb olur. Katapleksiya, insanın huşunu itirmədən qəfil yerə yıxılmasına səbəb olan ani əzələ parezidir. Kədər, sevinc və ya qorxu kimi ani emosional vəziyyətlərlə birlikdə müşahidə olunur.


İdiopatik Hipersomniya : Adətən 25 yaşından əvvəl başlayır və xroniki şəkildə irəliləyir. İdiopatik hipersomniyası olan xəstələr gecələr lazım olduğundan daha çox yatırlar. Bu yuxu bol olsa da, dincəlməkdən uzaqdır və hətta oyananda insanın daha çox yorğun olmasına səbəb olur. Bu yorğunluqla xəstələr gecələr nə qədər yatsalar da, gün ərzində yenidən yatmağa ehtiyac duyurlar.


Periodik (Kleine-Levine Sindromu): Adətən gənc kişilərdə görülür. Onun etiopatogenezi həll edilməmişdir, lakin xəstəlik inkişaf edən psixi pozğunluqlar və hiperfagiya və hiperseksuallıq kimi davranış pozğunluqları ilə xarakterizə olunur. Həddindən artıq yuxululuğa səbəb olan bu xəstəlik ildə bir neçə dəfə təkrarlanır. Sindrom hücumlarda irəliləyir və 2-3 həftə ərzində yox olur.


Mənbə: koruhastanese.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et