Bu gün:

“İntihardan döndü, öləcək ikən yenidən doğuldu”


Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatı bu ili “intiharı önləmə ili” elan etməsi ilə insanların intihara meyillənməsinin, intihar hallarının çoxalmasının qlobal məsələyə çevrilməsi özünü göstərir. Qurumun verdiyi məlumata görə, hər 40 saniyədə 1 nəfər intihar edir. Bəs insanları intihara yönləndirən səbəblər nədir?


Bunu daha yaxşı anlamaq üçün 24media.az olaraq intihara cəhd etmiş və xilas olunmuş müsahibimiz Çağan Havrandereyə bu haqda suallarımızı yönləndirdik. 17 yaşlı müsahibimiz Türkiyənin İzmir bölgəsində yaşayır.

- İntihara cəhd edəndə neçə yaşında idiniz?

Öncədən 8 yaşımda öz ağlımca cəhd etmişdim, amma ölümdən dönməyim 15 yaşımda oldu.

- Həmin müddətdə nələr yaşamışdınız?

O zaman məktəbdə uzun müddət yaşıdlarım tərəfindən hər gün şiddətə məruz qalırdım, atam ilə mübahisələrim olurdu, depressiv ruh halımı diqqət çəkmək üçün etdiyimi düşündüyündən dediklərimə inanmırdı. Məktəbdən təcrid olunma səbəbim isə fərqli olmaq, yetərincə “kişi kimi” olmamam, düşüncələrimin başqa insanlarınkı ilə uyğunlaşmaması idi. O zamanlar antidepressant dərmanlardan istifadə edirdim.

- Biriləri ilə danışmağı, dərdinizi anlatmağı yoxladınızmı? Münasibətləri nə oldu?

Müəllimlərim o qədər də üstünə düşmürdü, “Olur belə şeylər”, - deyə düşünürdülər. Psixoloqumla danışanda məktəbimi dəyişməyimi tövsiyə etdi, lazım gəlsə, məktəblə də danışa biləcəyini dedi, çünki həddini aşmış bir şiddət idi.

- Ailənizin üzləşdiyiniz məsələlərə münasibəti necə idi?

Əslində , ailəmlə bunu çox danışmırdım, çünki qorxurdum ki , başqa şeylər kimi bunu da diqqət çəkmək üçün etdiyimi düşünərlər. Məsələni öyrənəndə sinif rəhbərim ilə danışdılar və o da şagirdlərlə danışacağını dedi. 1 həftə bu zorbalıq dayandı, amma sonra heç nə olmamış kimi davam etdi.

-Sizi intihara çatdıran son nöqtə nə oldu?

Bu vəziyyəti anama danışdım və o da lağ etdi. Bu bir qığılcım kimi oldu və məni hərəkətə keçməyə sövq etdi. Atam anam ilə danışanda mənə inanmırdı , “Böyüdürsən, hər yerdə olur belə şeylər” deyirdi.

- İntihara cəhdiniz və qurtarılmanız necə oldu?

120-yə yaxın antidepressant qəbul etdim və sonra isteriya keçirdim, hər şeyi dağıdıb qırıb, qışqıra-qışqıra ağlamağa başladım. Qapıçı səsə gəldi və anama zəng etdi. Mən o müddətdə şüurumu itirmək üzərə olduğumdan qapıya belə gedə bilmirdim, ən son xatırladığım polislərin gəlməsi və məni təcili tibbi yardım maşınına mindirmələri oldu. Özümdən getmək üzrə idim , sonra mədəmi yumaq üçün burnumdan mədəmə taxılan borunun şoku ilə özümə gəldim. “Çıxarın bunu”, - deyə qışqırırdım, çox iyrənc bir hiss idi. Çox insanın bu hissi təkrar yaşamamaq üçün intihar etmədiyinə mərcə girərəm.

- İntihardan sonra həyatınız necə dəyişdi?

İntihardan sonra həyatımda yeni bir başlanğıc oldu. Rəsmlə məşğul olmağa başladım. Yenə ağrılı dönəmlərdən keçdim, amma ilk intiharı düşünmək yerinə savaşmağa başladım, əvvəllər bullinqə (mənəvi şiddət) qarşı səsimi çıxarmırdım, indi isə tamam əksidir.

- İntihar etmədən öncə anlamadığınız və indi anladığınız nə oldu?

Yəni içimə elə bir istək gəldi, əgər sən belə insanlara qarşı gəlməsən, onlar var olmağa və etdiklərinə davam edəcəklər, bu gün sənə, sabah başqasına. Çox böyük bir haqsızlıqla üzləşəndə içində nifrət və intiqam hissi olur ha, bax elə. Daha passiv ikən daha aktiv oldum. Mən öz haqqımı qorumasam, heç kim mənim haqqımı müdafiə etmək istəməz.

- Və son olaraq, eyni problemlərlə üzləşən və intiharı düşünən insanlara demək istədiyiniz nəsə var ?

Şablon olacaq, amma intihar həll yolu deyil, həqiqətən ölsən, sadəcə ailən pərişan olar, qalan heç kimə heç nə olmaz. Özünüzü yox edərək insanların sizin fərqinizə varmasına nail olmaq yerinə, “Mən varam!” deyə qışqırmağı yoxlayın. “Mən varam!” deyin, hamını narahat edəcək qədər çox və tez-tez bunu hayqırın.

Əsmər Bağırova

Paylaş
Şərh əlavə et