Bu gün:

Avokadonun hansı faydaları var və necə istifadə olunmalıdır?


Avokado yağlı və eyni zamanda yüngül dadı ilə seçilən məşhur meyvələr arasındadır. Ölçüsü, rəngi və quruluşu ilə fərqlənən bir çox avokado növləri var. Onların hamısının vətəni tropik iqlimdir. Avokado ət, sous və desertlər kimi bir çox qida maddələrinə əlavə edilə bilər.

Avokadonun tərkibində C, E, K və B6, B2, B3, B5 kimi vitaminlər var. Bundan əlavə, fol turşusu, maqnezium və kalium mənbəyidir. Tərkibində lutein, beta karotin və omeqa-3 yağ turşuları var. Avokadoda insanlara fayda verə biləcək yüksək səviyyəli sağlam, faydalı yağlar var. Yağ bədənin hər bir hüceyrəsi üçün lazımdır.

Avokadonun sağlamlığa faydaları nələrdir?

Avokado vitamin və minerallarla çox zəngin qidadır. Bu meyvə qidalandırıcı, sağlam yağ və lif mənbəyidir. Tərkibində bir çox vitamin və mineral var. Bir avokadonun yarısı gündəlik kalium ehtiyacının 10%-ni qarşılayır.

• Bağırsaqlara faydası: Avokado liflə çox zəngindir. Təbii lifli qidaların mənimsənilməsi qəbizliyin qarşısını alır, həzm sisteminin sağlamlığını qoruyur və kolon xərçəngi riskini azaldır.

• Ürək sağlamlığını dəstəkləyir: Avokadonun tərkibində sıx yağ var. Bu yağ səviyyəsinin yüzdə 60-ı doymamış yağlardan ibarətdir ki, araşdırmalar ürək xəstəliklərindən qorunmağa və qan təzyiqini azaltmağa kömək etdiyini göstərir.

• Xolesterolu azaltmağa kömək edir: Bu dadlı meyvənin verdiyi yağlar linoleik turşusu (omeqa-6 yağ turşusu) ehtiva edir. Yağlar xolesterolu idarə etməyə kömək edir.

• Göz sağlamlığının qorunmasına töhfə verir: Avokado yuxarıda qeyd olunan faydalarla yanaşı, gözləri sağlam saxlamağa kömək etdiyi düşünülən lutein və zeaksantin kimi E vitamini və karotenlərin sıx bir qaynağıdır.

• İştahı tənzimləməyə kömək edir: Bu meyvə digər meyvə və tərəvəzlərə nisbətən kalori baxımından daha sıxdır, lakin avokadonun tərkibindəki yağ və lif iştahın tənzimlənməsinə kömək edir və toxluq hissi yaradır.

Avokado necə istifadə edilməlidir?

Avokado müxtəlif formalarda mənimsənilə bilər. Dilimlənmiş avokado salatlara və ya sendviçlərə əlavə edilə bilər. Avokadonun nə qədər yetişdiyini anlamağın bir yolu onu yumşaq bir şəkildə sıxmaqdır. Dəri tamamilə sıxdırsa, avokadonun daha çox yetişməsi lazımdır. Qabığın yumşaq və əzik olması onun yeyilməyə hazır olmasından xəbər verir.

Bütün qidalarda olduğu kimi, avokadonun böyük miqdarda mənimsənilməsi mənfi nəticələrə səbəb ola bilər. Pəhriz zamanı çox istehlak edildikdə çəki artımına səbəb ola bilər.


Mənbə: NPİstanbul

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et