Bu gün:

Çətirin yaranma tarixi


Çölə çıxırsan və birdən yağış başayır, amma çətirin yanında deyil. Vay! Bu elə də yaxşı situasiya deyil. Mənə elə gəlir ki, Belə havada çətirin yanında olsa idi, çox yaxşı olardı. Bəs görəsən, bu əşyanı kim və nə vaxt icad edib?

Çətir nədir?

Çətir suya davamlı parçadan hazırlanmış, tutacaqdakı çevik naqillər üzərində uzanan, açılıb-bağlana bilən, yağışdan və günəşdən qorunmaq üçün istifadə edilən daşınan əşyadır.

Tarixdə ilk çətir


Minlərlə il əvvələ aid olan çətirin ilk dəfə harada, nə vaxt və kim tərəfindən icad edildiyi dəqiq məlum deyil. Ancaq arxeoloqlar və tarixçilər sadə çətirlərin Qədim Misirdə icad edildiyini düşünürlər. Bu gün hər kəsin ixtiyarında olan və daha çox yağışdan qorunmaq üçün istifadə edilən çətirlərdən bir zamanlar görkəmli dövlət xadimləri, din xadimləri günəşdən qorunmaq üçün istifadə edirdilər. Xurma yarpaqlarından və çubuğa bağlanmış papirusdan hazırlanmış bu çətirlər qulluqçuların əlində idi və hakimiyyət simvolu hesab olunurdu. 

Uzun illər bir qrup insan tərəfindən istifadə edilən çətirlər 1500-cü illərdə Avropada bazara çıxarılıb və qısa müddətdə qadınlar arasında dəb halını alıb. 1700-cü illərə qədər qadınlar çətirləri aksesuar olaraq görür və üzlərini günəşdən qorumaq üçün kiçik, zərif və rəngli çətirlərdən istifadə edirdilər. Hətta Parisdə ən son çətir modellərinin nümayiş olunduğu moda nümayişləri də var idi.

1750-ci illərdə ingilis səyyahı və yazıçısı Jonas Hanway qadınların aksesuarı sayılan çətirlə London küçələrində dolaşmağa başladı. Əvvəlcə insanlar tərəfindən ələ salınsa da, Hanway bu fikrindən əl çəkmədi və çətiri kişilər arasında da məşhurlaşdırdı. O qədər ki, bir müddət çətirlərə "Hanway" deyilirdi.

Bu gün istifadə edilən müxtəlif rəng və dizaynlı əksər çətirlərin damı suya davamlı neylondan hazırlanır. Teflon örtüklü alüminium və ya şüşə lifdən hazırlanmış çərçivə, tutacaq və tutacaq hissələri çətiri xeyli yüngülləşdirir.

Mənbə: Bilim Genç

Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et