Bu gün:

"Uşaq sahibi olmaq üçün əsas şərt..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramovadır. O, övlad tərbiyəsi barəsində danışıb.

Azərbaycanda yeni ailə quran gənclər övlad tərbiyəsinə hazır olurlarmı və ümumiyyətlə, azərbaycanlı valideynlərin övlad tərbiyəsini qənaətbəxş saymaq olarmı? 

Münasibətinə rəsmiyyət verərək ailə həyatı quran hər cütlüyün gündəmində olan mövzulardan biri də uşağın dünyaya gəlməsidir. Uşaq istəyi və zamanlanması hər cütlüyün uzlaşması gərəkdiyi önəmli bir qərardır. Çünki həm fiziki olaraq, həm də mental olaraq sağlam bir insan yetişdirmək məsuliyyəti, ciddiyə alınmayacaq bir vəzifə deyildir. Bu səbəblə, hər iki tərəfin buna hazır olmağı vacibdir.

Uşaq sahibi olmaq üçün öncəlik daşıyan şərt, hər iki tərəfin həm bədən olaraq, həm də mental olaraq sağlamlığının yerində olmasıdır. Çünki uşağın dünyaya gəlməsi ailə üçün nə qədər sevinc dolu olsa da, bu proses eyni zamanda stresli və əziyyətlidir. Uşağa yetərli baxımın verilməsinin təmin olması üçün əsas məsələlərdən biri isə psixoloji sağlamlıqdır. Böyümə dövründə uşağın mental sağlamlığı və psixososial inkişafının üzərində ailə mühitinin ciddi təsiri vardır. Uşağın valideynlərini seçmə şansı yoxdur və valideynlər uşağın dünyaya gəlməsində istəkli olmuşdur.  O zaman böyüyəcəyi ailə mühitinin uşağın inkişafını dəstəkləyici olmasının təmin etmək bilavasitə valideynlərin məsuliyyətindədir.

Bu məsuliyyətə aid edə biləcəyimiz ən önəmli faktorlardan biri uşağın fiziki, koqnitiv və emosional inkişafı haqqında məlumatlı olmaqdır. Uşaqlar böyüdükcə hər yaş dövründə özünəməxsus inkişaf xüsusiyyətləri göstərirlər ki, valideynlər bu xüsusiyyətlərdən xəbərdar olmadıqda müxtəlif situasiyalarda özlərini çarəsiz hiss edə bilirlər. Bu çarəsizliyi isə qəzəb duyğusu əvəz edə bilir. Uşağı vurmaq, üstünə qışqırmaq kimi aqressiv davranışlarla özünü göstərən qəzəb uşağa özünü təhlükədə hiss etdirir və eyni zamanda sağlam bağlanmanı zədələyir. 

Ümumiyyətlə, hamiləlik dövrünə bir çox mental sağlamlıq problemlərinin üzə çıxdığı bir dövr kimi baxıla bilər. Bu dövrün sağlam şəkildə başa vurulması üçün isə qadının psixoloji vəziyyətinin sağlamlığı qədər ona dəstək olacaq partnyorunun da psixoloji sağlamlığı önəmlidir. Bu səbəblə, partnyorların evlilik öncəsi və ya hamiləlik planlama öncəsi mütəxəssis dəstəyi alması tövsiyə olunandır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et