Bu gün:

Leonardo da Vinçi- Sincab ilə xanım


"İncəsənətin inciləri" rubrikası Leonardo da Vinçinin "Sincab ilə xanım" əsərini təqdim edir.


Tədqiqatçıların çoxunun fikrincə, bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir. Başqa tərəfdən portreti rəssamın yaradıcılığının Milan dövrünün əvvəllərinə, yəni 1482–1483-cü illərə aid edən tədqiqatçılar da vardır. Bu halda portretdə Sisilya təsvir edilə bilməzdi, çünki həmin dövrdə onun cəmi on yaşı var idi. Viktor Qraşenkov bu portret haqqında yazır: "1470-ci illərin Florensiya nümunələrinə əməl edən Leonardo öz modelini qurşağa qədər təsvir etmiş, bununla da əllərin göstərilməsinə də imkan qazanmışdır. Böyük psixoloji dəqiqlik ilə gizli qəlb təsirini tutmağa imkan verən onların təsviri verilmişdir. Sisilyanın barmaqları titrək ehtiyatla və nəvazişlə, onun əllərində yerləşən, qorxaq heyvancığın tüklərinə toxunur. Portret kompozisiyasına daxil edilən güclü kontrapost da ciddi məna ifadə edir. Gənc qadının çiyinləri sola çevrildikdə, onun ehtirassız üzü, kəskin şəkildə əks tərəfə çevrilmişdir. Bu kontrapost, portret surətinə ruhlandırıcı hərəkət daxil edərək, Leonardonun həmin illərdə işlədiyi "Qayalıqlar bakirəsi" əsərindəki mələk üzü üçün etüd kimi istifadə edilmiş qadın başının təsvirini xatırladır. Lakin həmin əsərdə də Sisilya Qalleraninin surəti əks olunub fikri bizim üçün çox cəsarətli görünür".

Əsərin çox sevilməsinin və məşhur olmasının səbəbi kimi ənənəvi olaraq təsvir edilmiş sincab fiquru qabardılır. Şəkildə onun olmasını bir neçə variant ilə izah edirlər. Qədim yunan dilində sincabın adı (q.yun. γαλῆ (halle)) faktiki olaraq sinyoranın soyadı Qallerani ilə bağlıdır. O zaman sözlərin bu kimi cinası İtaliyanın kübar dairələrində populyar idi.

Öz ağ xəzinə görə sincab təmizlik və bakirəlik simvolu hesab edilirdi. Leonardonun da bu haqda məlumatı var idi. Leonardo tərəfindən yaradılan "Sincab alleqoriyası" (Fisuilyama muzeyi, Kembric) rəsmi mövcuddur ki, həmin əsərdə rəssam ovçu tərəfindən tutulmağı ağ xəzinin ləkələnməsindən üstün tutan sincab təsvir edilmişdir. O, hersoqun məşuqəsinin rəsminin saray əxlaqına uyğunluğunu qeyd edə bilərdi: qadın bir tərəfdən ismətli, digər tərəfdən isə gözəl sevgili olmalıdır. Yəni onun nikahda olmamasına baxmayaraq, bu onun adına ləkə gətirməməlidir. Ceyms Holl qeyd edir ki, ola bilsin portretin çəkilməsi zamanı Sisilya hamilə olmuşdur və sincab qarını örtərək təkcə kompozisiyanı tamamlayan element funksiyasını yerinə yetirmir, o, həm də işarə edir ki, bu qadın üçün hamiləlik rüsvayçılıq deyil.

Digər tərəfdən, sincabın Lüdoviko Sforsla da əlaqəsi ola bilər, ona görə ki, o, 1488-ci ildən Neopolitan I Ferdinandın Sincab Ordeninin (L’Ordre de l’Hermine; Ordine dell’Ermellino) üzvü idi və sincab təsvirini şəxsi embleminə də daxil etmişdi. (Bəzi ədəbiyyatlarda sincabın Sfors ailəsinin emblemi olması haqqında fikirlər səslənsə də, əslində həmin ailənin simvolu Milanın gerbində olduğu kimi ilan-bission olub.)

Surətin daha metaforik olan başqa izah yolları da vardır: "uzun müddət öz əllərində "sincabı", yəni sahibkar knyazı – Lüdovik Sfrosu saxlayan məşuqənin incələşdirilmiş, lakin hökmlü təbiətini dəqiq xarakterizə edən qəribə realistik əsər".

Heyvanın və onun pəncəsinin çox dəqiq anatomik təsviri, tədqiqatçıların fikrincə, onun dindar-əxlaqi statusu ilə ziddiyyətə girir və özündə seksual çalarlar daşıyır. Buna Sisilyanın paltarının qolunun vagina işarəsi şəklində kəsiyi də işarə edir. Seksual imkanların təsviri isə İntibah dövrü üçün yeni bir şey deyildi. Bəzi tədqiqatçılar kimi, Vilhelm fon Boden də əsərdə sincabın yox, ağ ev safsarının təsvir edildiyini qeyd edir.

Hazırladı: Gülay Qəribova

Mənbə: Lady with an Ermine

https://artsandculture.google.com/asset/lady-with-an-ermine/HwHUpggDy_HxNQ

https://en.m.wikipedia.org/wiki/Lady_with_an_Ermine


Paylaş
Şərh əlavə et