Bu gün:

Ata anadan aliment tələb edə bilər?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı vəkil Asim Abbasovdur. O, atanın anadan aliment tələb edə biləcəyi hallar barəsində danışıb.


Ata hansı halda anadan aliment tələb edə bilər? 

Hazırda ölkəmizdə artan boşanma sayları aliment nikaha xitam verilməsi və uşaqların hansı valideyinin himayəsində qalması kimi hüquqi məsələləri daima gündəmə gətirir. Praktikada rastlanılan və cəmiyyətdə bəzi hallarda səhv bilinən məsələ isə boşanma hallarında qadın tərəfdən aliment alınması ilə bağlıdır. Belə ki, ərlə arvad boşandıqdan sonra uşaq, demək olar ki, ənənəvi olaraq, anası ilə birlikdə yaşamağa davam edir. Məhkəmələrin mövqeyi də bir çox hallarda uşağın ananın himayəsində qalması istiqamətində olur. Qanunvericiliyə görə, ər və arvad boşandıqdan sonra da yetkinlik yaşına çatmayan uşaqlarına maddi dəstək verməyə borcludur. Bu cür dəstəkdən imtina edilərsə, ərdən və ya arvaddan aliment ödəməsi tələb oluna bilər.

Bir çox halalrda cəmiyyətdə belə bir fikir var ki, alimenti kişi ödəməlidir. Yəni ata boşandıqdan sonra qadından ayrı yaşasa belə, övladının maddi rifahını tam şəkildə təmin etməlidir. Lakin gender bərabərliyi prinsiplərini nəzərə alsaq, qadınların gəlirindən aliment tutulması tamamilə məntiqlidir. Həmçinin bu hal qanunvericilikdə də tam formada təsbit olunmuşdur. Lakin bir çox hallarda uşaqlar atanın himayəsində qalsa belə onlar qadından aliment tələb etmir. Bu isə daha çox cəmiyyətin ümumiləşmiş etik normaları ilə əlaqədardır.

Nikaha xitam verilməsi zamanı məhkəmə ilk növbədə “uşağın mənafeyinin üstünlüyü” prinsipini əsas götürür. Bu prinsipdən irəli gələrək məhkəmə konkret işin konkret hallarından asılı olaraq, uşağın atada, yaxud anada qalması ilə bağlı qərar qəbul edir.  Bu zaman uşağın yaşı, valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti kimi bu  və ya digər hallar nəzərə alınır. Bir sözlə istənilən halda uşağın mənafeyi nəzərə alınmalıdır. Əgər uşaq məhkəmənin qərarı ilə ataya verilirsə, onun anadan aliment tələb etmə hüququ məhdudlaşdırılmayıb.

Aliment müəyyən edilərkən məhkəmə təkcə bununla məhdudlaşmayaraq, hər iki valideynin maddi durumunu nəzərə alır. Bu məqamda da əsas məsələ uşağın mənafeyidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

Məhkəmə tərəfindən aliment məbləği təyin olunarkən nəzərə alınan hallar arasında aliment ödəyən tərəfin cinsiyyəti hər hansı bir rol oynamır. Cəmiyyətdə bir çox hallarda kişilərin aliment ödəməsinə rast gəlinsə də, qadınların da iş həyatında aktiv iştirakları artdıqca onların da aliment ödəyicisi kimi övladının maddi rifahına dəstək verməsi artıq normallaşmalıdır. Belə olduğu təqdirdə boşanma prosesindən əvvəl hər iki tərəf alacaqları bu qərarın onların gələcək həyatlarına hansı formada təsir edəcəklərini bilmiş olacaqlar. Yəni qadın tərəf də boşanarkən gələcəkdə aliment ödəmək öhdəliyinin yaranacağını bilməli və buna uyğun addım atmalıdır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et