Bu gün:

“Şri-Lankaya səyahət həyatımdakı ən böyük təcrübə idi“


24media.az-ın “1 sual, 1 cavab” rublikasının növbəti müsahibi ”AİESEC Azerbaijan” layihəsi ilə Şri-Lankaya səfər etmiş Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Nərmin Dibirovadır. O, Şri-Lanka haqqında təəssüratlarını bölüşüb.


- Şri-Lankaya getmək sizə nə qazandırdı və ora səyahət etmək istəyənlərə nə tövsiyə edərdiniz?



İlk olaraq, demək istəyirəm ki, Şri-Lankaya səyahət həyatımdakı ən böyük təcrübə idi. Yaşadığım təcrübələr, unudulmaz xatirələr, tanıdığım insanlar, qazandığım dostluqlar yaddaşımda həmişəlik həkk olunub. İlk dəfə ölkə xaricində olan və ilk səyahət olaraq, Hind okeanının mirvarisi adlanan ölkə seçən mən, bəlkə də, bu qədər hissləri bir arada yaşamamışdım. Öz komfort zonamdan çıxmışdım və adaptasiya olmağa çalışırdım. Universitetdə  “cultural shock”un nə olduğu öyrədiləndə onu bu qədər dərindən yaşacağım ağlıma belə gəlməzdi. Şri-Lankaya səyahət mənə təkcə xatirələr qoymadı, nələrə qadir olduğumu, bacarıqlarımı, özümü tapmağıma kömək etdi. Mənə qorxusuz olmağı, həyatda hər şeyin (istədiyin) mümkün olduğunu, əsla vazkeçməməli olduğunu və fərqliliyə qarşı daim açıq olmağı öyrətdi. Düşünə bilərsiniz ki, sadəcə səyahət etmək insana bu qədər şey necə qata bilər. Bu sadəcə səyahət deyildi, mən könüllülük proqramına qoşulmuşdum və Şri-Lankada tam 45 gün yaşamışam. 


Hazırda Şri-Lankaya çoxları maraqlıdır və onlara tövsiyəm: ilk növbədə qeyd edim ki, uzunmüddətli getmək adaptasiya üçün çox vaxtınızı ala bilər. Ancaq sadəcə bir neçə günlük və həftəlik gedirsinizsə, təbiət aşiqi olan, tarixi, muzeyləri və fərqliliyi sevənlər üçün əsl səyahət məkanıdır. Şri-Lankada keçirdiyim 45 gün ərzində 8 müxtəlif şəhərdə oldum və hər şəhərin abu-havası çox fərqli və mükəmməl idi. Çimərliklər, məbədlər, dağlar, heyvanlar, bitkilər, restoranlar, küçə ləzzətləri... Küçə ləzzətləri demişkən, yeməklərlə bağlı kiçik problem yaşaya bilərsiniz. Çünki yeməkləri həddindən artıq acılı olur və öyrəşmək üçün bir az vaxt tələb olunur. Buna baxmayaraq, siz zövqünüzə uyğun yeməklər tapa bilərsiniz. Əsas məsələ: əhalisi çox mehriban və səmimidir və xaricilərə qarşı daha simpatik olurlar. Əmin ola bilərsiniz ki, çox maliyyə tələb olunmur. Yeməklər, restoranlar, otellər Azərbaycanla müqayisədə qat-qat ucuzdur. Son olaraq, qeyd edim ki, siz də mənim kimi çayxorsunuzsa, yanınıza çay almağı unutmayın. Şri-Lanka çayı ilə məşhur olsa da, əsl yarpaq çayı tapmaqda çətinlik çəkə bilərsiniz.

 

Cənnət Şamilqızı

Paylaş
Şərh əlavə et