Bu gün:

Michelangelo Buonarroti - Pieta


"İncəsənətin inciləri" rubrikası detalları ilə insanları valeh edən "Pieta" əsərini təqdim edir.

"Pieta" qərb dünyasında indiyəcən yonulmuş ən yaxşı heykəllərdən biri sayılır. Mikelancelo heykəli düzəldərkən, iki nəfərin birgə kompozisiyasını piramida şəklində yonmuşdur ki, bu cür işləm sonrakı Renessans heykəltəraşları üçün ilham mənbəyi olub. Ümumiyyətlə, o dövrdə multi-fiqurlu heykəllər çox nadir idi.

Heykəl Müqəddəs Məryəmi və onun qucağında tutduğu, yenicə çarmıxa çəkilib öldürülmüş oğlu İsanı canlandırır. İsa hələ məzara qoyulmadan Məryəm ana ona çox böyük kədərlə, lakin artıq hadisəni qəbullanmış və sakit tərzdə baxır. İsa da gördüyü işgəncəyə və çarmıxa çəkilməsinə rəğmən, çox hüzurlu yuxudaymış kimi təsir bağışlayır. İsanı qucağında tutan Məryəm sağ əli ilə onun bədəninə birbaşa deyil, örtüyü ilə toxunur ki, bu da İsanın müqəddəsliyinə işarədir.

Heykəldə Məryəm və İsanın bədənlərinin eyni nisbətdə olmadığını görürük, belə ki, Müqəddəs Məryəm İsaya nisbətən daha böyük şəkildə yonulub. Dahi heykəltəraş həmçinin Məryəmi çox cavan şəkildə canlandırıb.

Mikelancelo heykəli o qədər incəliklə yonub ki, sanki istifadə etdiyi mərmər deyil, daha yumşaq və elastik materialdır. Geyimlərin təbii görünüşlü qırışları, dərin girintili-çıxıntılı hissələr heykəli daha möhtəşəm və detallı edir. Heykəl həmçinin çox parlaqdır, çünki Mikelancelo onu cilalamağa yonmaqdan daha çox vaxt sərf edib.

Bu möhtəşəm incəsənət parçası Mikelancelonun həm də üstünə öz adlı imzasını qeyd etdiyi yeganə əsəridir.

Heykəl Romadakı fransız nümayəndə Kardinal Jean de Bilhères tərəfindən, Vatikanın San Pietro kilsəsini bəzəmək üçün sifariş verilib.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://devkcad.ferris.edu/uploads/docs/Ashley%20Grotenhuis%20-%20Pieta%20Analysis.pdf

Paylaş
Şərh əlavə et