Bu gün:

Aleksandros - Milo Venerası


"İncəsənətin inciləri" rubrikası qədim yunan heykəltaraşlığının ən yaxşı nümunələrindən biri "Milo Venerası" əsərini təqdim edir.

Əvvəllər müəllifinin Praksiteles olduğu zənn edilsə də, heykəlin dayağındakı yazılardan onun Aleksandros adlı heykəltəraşa məxsus olduğu üzə çıxır.

Heykəlin təsvir etdiyi ilahə barədə fikir ayrılıqları mövcuddur. Bəzi mənbələrə görə, bu gözəllik və sevgi ilahəsi olan Afroditadır. Digərlərinə görə isə, bu, Milos adasında xüsusilə ibadət edilən su ilahəsi Amfitrita da ola bilər. Heykəlin qırıq əllərinin naməlum səbəblərdən heç vaxt tapılmaması bu fərziyyələrdən hansının düzgün olduğunu deməyi daha da çətinləşdirib. Belə ki, yunan tanrıları və ilahələri əllərində adətən özlərinə xas əşyalarla təsvir edilirdilər, qolların yoxluğu isə kimliyi sual altında qoyur. Heykəlin adı Romalıların Afroditanı Venera adı ilə qəbul etdikləri üçün Milo Venerası kimi qalır. 203 cm hündürlüyündəki mərmər heykəl hazırda Parisdə, "Luvr muzeyi"ndə saxlanılır.

1820-ci ildə Yunanıstanın Milos adasında Yorgos Kentrotas adlı kəndli tərəfindən kəşf edilən Milo Venerası (əsl adı: Venus de Milo) Qədim Yunan incəsənətinin ən məşhur əsərlərindən biridir. Heykəlin qollarını və altlığını tapmaq mümkün olmayıb, daha real görünməsi üçün səthi rənglənib. Lakin bu gün heykəlin üzərində heç bir boya qalığı yoxdur.  Eramızdan əvvəl 130-100-cü illər arasında tikildiyi təxmin edilən Venera de Milo dövrün ənənələrinə uyğun olaraq daş-qaşlarla bəzədilib. Bununla belə, bilərziklər, sırğalar və boyunbağılar kimi bəzəklərin yeganə qalan əlamətləri heykəlin səthindəki bağlayıcı dəliklərdir. 203 santimetr uzunluğunda və mərmərdən hazırlanmış əsər mühasirələrdən, zəlzələlərdən və hətta muzeydəki yanğından qorunaraq günümüzə qədər gəlib çatmışdır.

Hazırladı: Gülay Qəribova

Mənbə: http://birgunbiryerde.blogspot.com/2013/04/antik-yunan-heykeli-milo-venusu.html?m=1

Paylaş
Şərh əlavə et