Bu gün:

Henri Fuseli - Kabus


24media.az "İncəsənətin inciləri" rubrikasına əsrlər boyunca mübahisələrə səbəb olan Fuselinin orjinal adı "The nightmare" olan "Kabus" əsəri ilə davam edir.

Kabus və ya orijinal ingiliscə adı ilə The Nightmare ingilis-isveçrəli rəssam Henri Fuselinin 1781-ci ilə aid yağlı boya tablosudur. Fuselinin ən məşhur əsəri olan “Kabus” müxtəlif yollarla şərh edilib. Rəsm həm yuxu görən qadını, həm də müvafiq yuxunun məzmununu təsvir edir. Həm rəsmdəki at başı, həm də qadının yuxarıda təsvir olunan inkubusu kabuslarla bağlı müasir inanclara və folklorlara istinad etsə də, bəzi nəzəriyyəçilər onları daha konkret mənalarla əlaqələndiriblər. Müasir tənqidçiləri tablonun açıq seksuallığı təəccübləndirir və bu xüsusiyyəti ilə rəsm bəzi akademiklər tərəfindən şüuraltı haqqında Freydin fikirlərinin xəbərçisi kimi qəbul edilir. 

Əsər siyasi satirada, məsələn Corc Krukşank kimi karikaturaçılar tərəfindən parodiya edilib. Əsərin şöhrətinə görə Fuseli əsərin ən azı üç fərqli variantını hazırlayıb. Əsər ədəbi mühitdə böyük rezonans tapıb və bir çox ədəbi əsərlərin ilham mənbəyi və ya mövzusuna çevrilib. Məsələn, ümumi rəy belədir ki, Meri Şellinin “Frankenşteyn və ya Müasir Prometey” qotik romanında müəyyən bir səhnə Fuselinin yaradıcılığından ilhamlanıb və roman qəhrəmanının yaşantıları ilə Fuselinin yaşadığı sevgi təcrübəsi arasında paralellik var, bəziləri isə bunun rəsm əsərinin əsasını təşkil etdiyini də qeyd edir. Bəzi sənət tarixçilərinin əsərin əsasını təşkil etdiyini düşündükləri sevgi təcrübəsi Fuselinin dostu İohan Kaspar Lavaterin qardaşı qızı Anna Landholdta olan sevgisidir. Çox güman ki, qarşılıqsız qalan bu sevgi xoşbəxt sonluqla bitməyib. Fuselinin evlilik təklifi Landholdtun atası tərəfindən bəyənilməyib və Landholdt qısa müddət sonra başqası ilə evlənib. Fuselinin rəsm əsəri sublimasiya olunmuş cinsi instinktlərin nümayəndəsi kimi qəbul edilib.

Fuseli öz işində tünd-işıq kontrastını (chiaroscuro) yaratmaqla qadının açıq dərisini və ağ bədənini fondakı tünd tonlara qarşı ön plana çıxararaq heyranedici effekt yaradıb. Əsərdə görünən yataq otağında dövrün dəbli zərifliyinə uyğun mebel və çarşaflar var. Çarpayı başındakı kiçik qəhvə stolunun üzərindəki kitablar, güzgü və bəzi kiçik şüşələr müəmmalı ab-hava yaratsa da, butulkalardakı mümkün narkotik və həzz maddələri ilə bağlı suallar doğurur.

Rəssamın niyə belə bir əsər yaratdığı dəqiq bilinməsə də, əsər çox vaxt Fuselinin repressiyaya məruz qalmış cinsiyyətini üzə çıxarmaq cəhdi kimi şərh edilir. Dostunun qardaşı qızına dəlicəsinə aşiq olan Fuseli evlilik təklifi rədd edildikdən sonra gənc qadın haqqında müxtəlif fantaziyalar qurduğunu məktublarında açıqlayıb. Bu səbəbdən də əsərdə yarı şüurlu qadının sanki cinsi əlaqədə olduğu, hətta orqazm olduğu kimi təsvir edilməsi, qarnındakı cin və cinsi zorakılıq və zorlamaya işarə edən cilovsuz at belə izah olunur.

Fuselinin heç bir ədəbi hekayəyə əsaslanmayan, heç bir tarixi istinad və ya xüsusi portret və ya mənzərəyə yer verilməyən bu əsəri yayımlanarkən, xüsusən də, ehtiva etdiyi cinsi məzmuna görə çox mənfi qarşılanıb. Dövrünün üslubuna görə gözlənilmədən qorxulu görünən bu əsər sənətin qorxulu elementləri ehtiva edə bilən fərqli bir tərəfini ortaya qoyan ən mühüm əsərlərdən biridir və sənət tarixində Qotika incəsənətinin təsirinin meydana çıxmasını göstərir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://smarthistory.org/henry-fuseli-the-nightmare/

https://artincontext.org/the-nightmare-henry-fuseli/

https://sanatabasla.com/2015/03/kabus-the-nightmare-fuseli/

Paylaş
Şərh əlavə et