Bu gün:

Pablo Picasso-Kürə Üzərində Gənc Akrobat


Bu gün "İncəsənətin inciləri" rubrikası Pikassonun "Kürə Üzərində Gənc Akrobat" əsərini təqdim edir..

Rəsm əsəri ispan rəssam Pablo Pikassonun 1904-cü ildən sonra başlayan "çəhrayı period" adlanan yaradıcıllıq dövründə ərsəyə gəlir. Bundan əvvəl isə rəssamın çəkdiyi izdirablardan qaynaqlanan səbəblərə görə o, 1901-1904cü illər arası "mavi period" adlanan yaradıcıllıq dövründə daha qaranlıq, mavi və boz rənglərdən daha çox istifadə etmiş və adətən melanxolik əsərlər yaratmışdı. Lakin bu əsərində mavi rənglə yanaşı, o daha yumşaq rənglərə və isti tonlara də yer verib, beləcə melanxoliyadan xeyli uzaqlaşıb.

Rəssam bu əsərində səyahət edən sirk işçilərinin məşqindən bir görüntünü gözlər önünə gətirir. Rəsmin mərkəzində o, iki subyekti daha çox qabardıb. Solda kürənin üzərində iki ayağı üstə öz balansını taparaq, zərafətlə dayanmış qız təsvir olunub. Sağda isə güclü bir atlet kubun üzərində əyləşib.

"Puşkin muzeyi"nin də vurğuladığı kimi, "Rəssam sənət İşində insanların taleyindən daha çox, ümumdünya tarazlıq və qarşılıqlı təsir, harmoniya və ziddiyyət qanunlarını əks etdirir".

Pikasso əsərində ayrı, lakin bir-birinə bağlı olan bir qrup insan təsvir edib. Bu, iki əsas subyektin təzad və tarazlığında əks olunub. Belə ki, yumru kürənin üzərində özünü balanslayan qız çox zərif və kövrək, kubun üzərində əyləşmiş atlet isə çox güclüdür. Kompozisiyada izləyiciyə geometriya ilə birgə təbii bir lütf təqdim olunub. Qız fiquru onu gerçəkliyin qəddarlığından qoruyan adamın gücü ilə, keçici yaşam xəyalının təcəssümü kimi təsvir olunub. Həm fiqurlar, həm də arxa plan üçün kül çəhrayı və mavi çalarları istifadə edərək, rəssam sirk sənətçilərinin emosional vəziyyətini, öz dünyalarına qərq olduqlarını göstərərək bizə çatdırır.

İki fiqur arasında birbaşa əlaqə də var və bunu rəsmdəki müxtəlif detallarda görə bilirik; adamın sol ayağının iti bucağı qızın sol qolunda öz əksini tapır. Həmçinin şortunun mavi tonu da qızın geyiminin solğun tonlarını əks etdirir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.pablopicasso.org/young-acrobat-on-a-ball.jsp

Paylaş
Şərh əlavə et