Bu gün:

"Bayram tonqalı yandırılarkən…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhlükəsizlik üzrə ekspert Orxan Musayevdir. O, bayram tonqalı yandırarkən diqqət etməli olduğumuz təhlükəsizlik tədbirlərindən danışıb.

-Bayram tonqalı qalayarkən hansı təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır?

Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri gündəmə gəlir. Novruz bayramı ilə bağlı keçirilən müxtəlif mərasimlərdə, tədbirlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. Ən vacib olan məsələlərdən biri bayram tonqalı yandırılarkən yerin seçilməsidir. Belə ki, bayram tonqalı yandırılarkən elektrik naqilləri, ağaclar, quru otlar, avtomobillər, ev və digər yanar materiallardan kənar yerdə yandırılmalıdır. Bayram tonqalı yandırılarkən mütləq ətrafda çəlləkdə və yaxud xüsusi qablarda su olmalıdır. Çünki yanğın hadisələri baş verərsə, bərk materiallardan yaranan yanğınlar A sinfinə aid edilir. A sinfinə aid edilən yanğınları isə su ilə müdaxilə edib söndürmək mümkündür.

Buna görə də, bayram tonqalı yandırılarkən ətrafda suyun olmasına diqqət göstərilməlidir ki, hansısa bir qığılcım ətrafa doğru yanğın riski yaradarsa, dərhal su ilə müdaxilə edib söndürmək mümkün olsun. Bayram tonqalı yandırılarkən hündür taxtalardan istifadə olunması tövsiyə olunmur. Normalda tonqalın 1 metr və ya 1.50 metr hündürlükdə yandırılması tövsiyə olunur. Çünki daha hündür olduqda yanğın riski çox olur.

Bundan əlavə, bayram tonqalları sönənə qədər nəzarət olunmalı, söndükdən sonra üstünə su vurulmalı və torpaq atılmalıdır ki, tonqalın söndüyünə əmin olmaq mümkün olsun. Azyaşlıların nəzarətsiz şəkildə tonqalın ətrafında yığışması çox ciddi təhlükə yaradır, bu səbəbdən azyaşlılar mütləq böyüklərin nəzarəti altında olmalıdırlar. Tonqalın üzərindən atlanmaq ən təhlükəli məqamlardan biri hesab olunur. Belə ki, daha hündür tonqalların üstündən atlanarkən insanın geyimi alışa bilər və müxtəlif dərəcəli bədən xəsarətləri ala bilər. Ona görə də, tonqalların üstündən atlanarkən mütləq tonqalın həcminə və yanma dərəcəsinə diqqət edilməlidir. Ev şəraitində yanan şamlarla əlaqədar da yanğın hadisələrinin sayı çox olur Novruz bayramı ərəfəsində. Bu səbəbdən şamlar nəzarətsiz şəkildə saxlanmamalıdır, daimi nəzarət olunmalıdır. Çünki, hər hansısa bir ərimə prosesi zamanı və yaxud nəzarətsiz şəkildə şamın yandırılması yanğın hadisəsinin başlanğıc səbəbi ola bilər. Küləkli hava şəraitində tonqaların yandırılması ümumiyyətlə məqsədəuyğun hesab edilmir. Yəni küləkli hava şəraitində qığılcımların ətrafa doğru yayılması və yanğın riski törətməsi ehtimalı çox böyükdür. Buna da xüsusi diqqət yetirilməlidir, küləkli hava şəraitində, ümumiyyətlə, tonqallar yandırılmamalıdır.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et