Beynəlxalq Zəhmətkeş Qadınlar Günü olaraq da bilinən 8 Mart Beynəlxalq Qadınlar Günündə bütün dünyada qadın hüquqları ön plana çıxır.

Nə vaxt başladı?
Beynəlxalq Qadınlar Gününün kökləri işçi hüquqlarını müdafiə edən hərəkatlarda dayanır və 8 Mart Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Qadınlar Günü kimi tanınır.
Bu gün demək olar ki, bütün dünyada əks-səda doğuran etirazlara səhnə olan 8 Martın toxumları 1908-ci ildə Nyu Yorkda 15 min işləyən qadının iş saatlarının qısalması, maaşların artırılması və səsvermə hüququ tələbi ilə atılıb.
Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi. Bu özəl günün beynəlxalq miqyasda keçirilməsi ideyası ilə çıxış edən ilk şəxs Klara Setkin olmuşdur.
Clara Setkin kommunist fəalı və qadın hüquqlarının müdafiəçisi idi.
Setkin Beynəlxalq Qadınlar Günü ideyasını 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq İşçi Qadınlar Konfransında irəli sürüb.
17 fərqli ölkədən konfransa qatılan 100 qadın Setkinin təklifini yekdilliklə qəbul edib. İlk beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə keçirilib.
1975-ci ildə BMT-nin Beynəlxalq Qadınlar Gününü qəbul etməsi ilə bu gün rəsmiləşib. BMT hər il üçün xüsusi bir mövzu müəyyən etməyə başladı.
1996-cı ildə qoyulan ilk mövzu “Keçmişi qeyd etmək, gələcəyi planlaşdırmaq” idi.
Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdə, siyasətdə və iqtisadiyyatda əldə etdikləri tərəqqinin qeyd olunduğu bir tarixə çevrilsə də, davam edən gender bərabərsizliyi barədə məlumatlılığı artırmaq üçün tətillər və etirazlar təşkil etməklə günün siyasi kökləri qorunur.
Niyə 8 mart?
Beynəlxalq Qadınlar Günü ideyası ilə çıxış edən Klara Setkinin ağlında konkret bir tarix yox idi.
Birinci Dünya Müharibəsi zamanı, 1917-ci ildə rus zəhmətkeş qadınları “Biz çörək və sülh istəyirik” şüarı ilə küçələrə çıxdılar.
Etirazların dördüncü günündə rus çarı taxtdan endirildi. Qurulmuş müvəqqəti hökumət qadınlara səsvermə hüququ verdi.
Rusiyada qadınların etirazlarının başlanğıcı Julian təqviminə görə fevralın 23-ü olub.
Dünyada daha çox istifadə edilən Qriqorian təqvimində bu tarix martın 8-nə uyğun gəlirdi.
İnsanlar niyə bənövşəyi paltar geyinirlər?

Beynəlxalq Qadınlar Günü saytının məlumatına görə, 8 Martın rəngləri bənövşəyi, yaşıl və ağdır.
“Bənövşəyi ədalət və ləyaqəti ifadə edir. Yaşıl ümidi təmsil edir. Ağ, mübahisəli bir anlayış olsa da, saflıq deməkdir. Rənglər 1908-ci ildə İngiltərədə Qadınların Sosial və Siyasi Birliyi tərəfindən müəyyən edilib”, - vebsaytda deyilir.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
