Bu gün:

Atlar ayaq üstə yatmağı necə bacarır?


Atların ayaq üstə yatmaq kimi qeyri-adi qabiliyyəti var. Bəs onlar bunu necə edə bilirlər? Atlar uzanaraq da yata bilirmi?

Atların ayaq üstə yatmasını təmin edən ayaq əzələləri, bağlar və vətərlərdir. Bu xüsusiyyətləri sayəsində dizlərini bağlaya bilən atlar yıxılmadan ayaq üstə yuxuya gedə bilir.


At yatarkən üç ayağı vasitəsi ilə tarazlığını qoruyub saxlaya bilir. Bu yolla o, digər sərbəst ayağını da dincəldə bilər. Bu şəkildə sərbəst ayağını dəyişdirərək və bütün ayaqlarına istirahət vermək ayaq üstə yata bilir. Bir atın 500 kq-dan çox kütləsi ola biləcəyini nəzərə alsaq, bu xüsusiyyətin atlar üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar.


Atlar təkcə ayaq üstə yuxuya getmirlər, həm də uzanaraq yata bilərlər. Əslində, alimlər atların hər gün uzanıb yatması lazım olduğunu bildirirlər. Çünki atların beş fərqli yuxu mərhələsi var, bəziləri yüngül, bəziləri isə dərindir. Atların yuxu dövrü dərin yuxu fazası (REM yuxusu) və ardınca yüngül yuxu fazaları ilə tamamlanır. Beynin düzgün işləməsi üçün zəruri olan dərin yuxu mərhələsi yalnız uzanaraq yatdıqları zaman işə düşür. Bu səbəbdən atların hər gün müəyyən müddət uzanıb yatması lazımdır. Atların ayaq üstə yatarkən REM yuxusuna gedə bilməmələrinin özünü qoruma mexanizmindən qaynaqlandığı düşünülür.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et