Bu gün:

"Psixoloji sağlam qurulan ailələr.."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Elmir Əkbərovdur. O, son illər Azərbaycan ailələrində artan boşanmalardan danışıb.

Son illər Azərbaycan ailələrində boşanmaların sayı artmaqdadır. Bəs boşanmaya səbəb olan ailədaxili konfliktləri yaradan psixoloji amillər hansılardır?


Təəssüf ki, son dövrlərdə boşanmaların sayı həndəsi silsilə ilə artmaqda davam edir. Ancaq nə qədər qəribə və ziddiyətli olsa da, bəzi boşanmalar, müsbət haldır. Çünki bəzi boşanmalar qətl və digər cinayət hadisələrinin qabağını almış olur. Həyat yoldaşını qətlə yetirən insanları araşdıranda məlum olur ki, onlar boşanmaq istəyib, valideynlər və başqa səbəblərə görə boşanmayıblar. Bəlkə də, boşansaydılar, qurban tərəf sağ qalardı. Ona görə də, bəzi hallarda boşanmalar, təəssüf ki, labüd olur. 

Bir psixoterapevt kimi deyə bilərəm ki, cütlük terapiyaları zamanı birinci hədəfim ailəni qoruyub saxlamaqdır. Fəqət bəzən elə anlar olur ki, heç cür ailənin bütövlüyünü saxlamaq olmur. Bəzən isə seans zamanı bəlli olur ki, çox xırda bir psixoloji səbəbdən konflikt başlayıb və böyük bir problemə çevrilib. Buna əsasən, bir çox hallarda terapiyalar ailəni qorumağa kömək edir. 

İndiki insanların tələbat və ehtiyacları dəyişib, əvvəlki tərzdə ailə qurmaq modelləri (məhz evlənmək xətrinə evlənmək, tələsik evlənmək) indi özünü doğrultmur. Belə ailələr dağılmağa daha çox meyilli olurlar. Ər və arvadın psixofizioloji cəhətdən uyğunsuzluğu da zamanla ailənin dağılmasına gətirib çıxara bilir. 

Ailələrin dağılmasında digər önəmli rol oynayan faktor isə kənar müdaxilələrdir. Valideynlərin uşaqlarına qarşı qısqanclığı, paylaşmaq istəməmək məqamları, şüuraltı olaraq ailəyə konflikt salır. Üzdə özünü xoşbəxt göstərən, daxildə isə bir qadın kimi bədbəxt olan qadınlar zamanla öz uşaqlarının da xoşbəxtliyinə imkan yaratmır, sanki onları qısqanırlar. Bu da bir çox hallarda ailələrin dağılmasında önəmli rol oynayır. Bunun qabağını almaq üçün, birinci növbədə, ailə möhkəm sütunlar, güclü bünövrə üzərində qurulmalıdır.

Psixoloji sağlam qurulan ailənin dağılmaq ehtimalı, digər ailələrə nisbətdə dəfələrlə azdır. İstək, qarşılıqlı anlayış, güzəştə getmək, hörmət və doğmalıq hissini yarada bilmək sağlam ailə kimi formalaşmaqda ən vacib məqamlardır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi ailələr psixoloqlara müraciət etməkdən çəkinməməlidirlər, təəssüf ki, bəzi insanlar hansısa problem olan zaman, böyük məmnuniyyətlə cadugərə, falçıya gedirlər, ancaq mütəxəssis yanına getmək istəmirlər. Problemlər ilk yaranan zaman cütlüklər mütəxəssisə müraciət etsələr, ailənin dağılmasının qarşısını almaq üçün böyük bir addım atmış olarlar.


Gülay Qəribova

Paylaş
Şərh əlavə et