Bu gün:

"Nəyə tələsiriksə, ona gec çatırıq..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Nabat Mirzəyevadır. O, "Mörfi qanunları" haqqında danışıb.

Gündəlik həyatda hər birimiz işlərin istədiyimiz kimi getməməsi ilə qarşılaşırıq. Məsələn, uzun müddət avtobusu gözlədiyimiz halda gəlməməsi, məhz bizə lazım olmayan zamanlarda intensiv peyda olması kimi. Buna bənzər çoxlu sayda nümunələr göstərmək olar. “Mörfi qanunları” adı altında məşhur olan prinsiplər məhz bu mövzudan bəhs edir.

-Maraqlıdır, qeyd etdiyimiz hadisələr insanın şüuraltına yeritdiyi düşüncələrdir, yoxsa bu prinsiplər doğrudan da gündəlik həyatımızın qanunlarıdır?

Həyatımız zamandan ibarətdir. Zaman heç birimizi gözləmir. Əslində, hər birimiz üçün zaman eyni formada axır. Zaman kimimiz üçün sürətli, kimimiz üçün isə yavaş axan bir məfhum deyil. "Mörfi qanunları" isə tərs psixologiyaya aiddir. Tərs psixologiya gözlədiyimiz şeyin gec olması, gözləmədiyimiz şeyin tez olması deməkdir. Bu, əslində, şüuraltımızdan qaynaqlanmır, dəhşətli dərəcədə gözləməyimizdən irəli gəlir. Məsələn, həmin o avtobus məsələsində bizim bir yerə tələsdiyimiz üçün həmin avtobusun gəlməsini israrlı şəkildə gözləmək həmin zamanın dayanmasını və avtobusun gəlməsini yubadan bir ana çevrilməyə başlayır. Ancaq deyək ki, qulağımızda bir qulaqlıq var və yaxud əlimizdə bir kitab var və ya sevdiyimiz biri ilə telefon əlaqəsi qurmuşuq, danışa-danışa, oxuya-oxuya həmin yolu getdiyimiz zaman bizim üçün uzaq gələn o yol qısalır. Eyni şəkildə danışa-danışa və ya hər hansı başqa bir məşğuliyyətlə məşğul olarkən dayanacaqda dəqiqələrlə gözlədiyimiz avtobus bizə bir neçə saniyəyə gəlmiş kimi təəssürat bağışlayır. Bəzi zamanlarda biz nələrisə gözləməkdən, nəyisə dəhşətli dərəcədə düşünməkdən, nəyinsə bu dəqiqə olması üçün mübarizə aparmaqdan vaz keçməliyik. Çünki, hər bir gözlənti gözlədiyimiz şeyin gecikməsinə səbəb olur. Biz həmin o mövzu üzərində saatlarla, günlərlə düşünürüksə, nəyin israrlı şəkildə olmağını istəyiriksə, bu bizdə çox vaxt tərs nəticəyə gəlib çıxır. Halbuki olmalı olan şey olacaq, həddindən artıq mübarizə və israrlı gözlənti sadəcə insanı yoran faktorlardır.

Bu, gündəlik həyat qanunlarından ziyadə, bizim hər birimizin tez-tez rastlaşdığı bir şeydir. Nəyə tələsiriksə, ona gec çatırıq. Çünki gedəcəyimiz məntəqə bizim üçün artıq əlçatılmaz və ya gec çatacağımız bir yer olduğu üçün vaxt bizim əleyhimizə işləyirmiş kimi gəlir. Əslində isə zaman olduğu kimi axmağa davam edir. Biz tələsdiyimiz yerlərdə sanki gecikirmiş kimi hiss etdiyimiz üçün zamanın əleyhimizə işlədiyini  düşünürük.

Nə olursa olsun biz nəyinsə tərs olduğunu, düşündüyümüz şeyin düşünmədiyimiz kimi olduğunu düşünürüksə, biz özümüzə sual verməliyik:”Bu hal bizə nə öyrədir və bu hadisənin bu şəkildə baş verməsindəki əsl səbəb nədir?”Səsli bir şəkildə özümüzə verdiyimiz hər bir sualın cavabı, əslində, bizim daxilimizdə, beynimizdə, şüuraltımızda yatır.

Həyatımızda gözlədiyimiz şeyin gəldiyi zaman bizə nə qatacağını, gəldikdən sonra nələr olacağını, bu dərəcədə israrlı gözləntinin isə nəyə səbəb olacağını səsli bir şəkildə özümüzdən soruşmalıyıq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et