Bu gün:

Cənnətin qapısına sirli səyahət: Tianmen dağı


"Cənnət qapısı" mənasını verən Tianmen dağı Çin sərhədləri daxilində yerləşir. Adrenalinə ehtiyacı olan səyahətçilərin mütləq kəşf etməli olduğu marşrut dağın arxasına çəkilmiş şüşə yollardan keçir.


Çinin Hunan əyalətinin Zhangjiajie şəhərində yerləşən Tianmen dağının hündürlüyü 1518 metrdir. Dağın zirvəsinin eni təxminən 2,2 kvadrat kilometrdir. Zirvəyə çatanda çinlilərin dediyi kimi “Allaha ən yaxın nöqtəyə” çatmış sayılırsan.


Möhtəşəm mənzərəsi ilə diqqət çəkən Tianmen dağının adının arxasında çox mistik bir hekayə dayanır. Əfsanəyə görə eramızın 260-cı ilində Tianmen mağarasının dağıldığını görən bir hökmdar bu barədə imperatora xəbər verir. Mağaranın çökməsindən sonra göyə açılan qapıya bənzəyən dağ imperator tərəfindən şans kimi qəbul edilərək “Cənnət qapısı” adlandırılıb. Möhtəşəm mənzərəyə çatmaq çətin olduğundan insanlar uzun müddət Tianmen dağını ziyarət etmirdilər. Bu gün dağın zirvəsinə çıxan 999 pilləkən sayəsində turistlərin və yerli əhalinin sevimli məkanına çevrilib. Təsadüfi deyil ki, 999 pilləkən var. Çünki 9 rəqəmi Çin mədəniyyətində şans və bolluğu simvollaşdırır. Odur ki, 999 pilləkən xüsusi əhəmiyyət kəsb edir.


Yaradılan pilləkənlərdən istifadə etmək istəməyən ziyarətçilər üçün kanat yolu tikilib. Dünyanın ən uzun kanat yolu hesab edilən bu nəqliyyat vasitəsi ilə 99 döngədən ibarət olan Tongtian şossesinin möhtəşəm mənzərəsindən həzz ala bilərsiniz.


Tianmen dağı ən çox şüşəli yolu ilə diqqət çəkir. 60 metr uzunluğunda, 1432 metr hündürlükdə olan bu cığır sizə havada gəzmək hissi verir. Ziyarətçilərdən sınmaz şüşədən hazırlanmış bu yolu keçmək üçün ayaqqabılardan istifadə etmələri xahiş olunur.


Mənbə: mynet.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et