
Qədim türk inanc sisteminin şamanizm olması fikri V.Radlov tərəfındən aktuallaşdırıldı. Türk və dünya xalqlarının şamanist təfəkkürü G.Nioradze, O.Ohlmarks, D.Zelenin, V.Basilov və M.Eliade geniş tədqiq edilib.
Şamanizm nədir?
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat hesab edilir.
Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər.
Şamanizm dini tətbiqat sistemidir. Tarixən, o, tez-tez yerli və qəbilə cəmiyyətləri ilə əlaqələndirilir. Bura digər dünyayla bağlantısı olan şamanların xəstələri yaxşılaşdırmaq, ruhlarla əlaqə qurmaq və ölülərin ruhunu axirət dünyasına apara biləcək gücə sahib olduğu inancı daxildir. Asiyalı və qərbli ziyarətçilərin əsrlər boyu qeyd etdiklərinə əsasən, şamanizm Şimali Asiyada Sibir köklü xalqları ilə xüsusilə bağlıdır.
Yerli xalqların ənənəvi spiritual tətbiqatlarını məhdudlaşdıran müstəmləkəçilik və imperializmin struktural çətinliklər törətməsinə baxmayaraq, bir çox icma öz müqəddəratını təyin etmək və dinamik ənənələrini bərpa etməklə yenidən güclənir. Köçəri Tuvan kimi digər qruplar (araşdırmalara görə, bu qəbilənin əhalisindən təxminən 3000 nəfər sağ qalıb) təcrid olunduqlarına görə, bu struktur çətinliklərin bəzilərinin qarşısını ala biliblər. Tuva Rusiyadakı ən təcrid edilmiş qəbilələrdən biridir.
İnisiasiya və öyrənmə metodları
Şamanlar tez-tez yuxular və ya işarələr vasitəsilə çağırıldıqlarını iddia edirlər. Ancaq bəziləri bu güclərin onlara miras qaldığını deyirlər. Ənənəvi cəmiyyətlərdə şaman təlimləri uzunluğuna görə fərqlənir, amma bu, adətən illər tələb edir.
Törner və həmkarları, "şamanist inisiasiya böhranı" adlanan bir fenomenin adını çəkirlər. Bu, özündə fiziki xəstəlik və ya psixoloji böhranı ehtiva edən, şaman olmağa keçid mərasimidir. Şaman çağırılan zaman bu xəstəliklərin rolunun əhəmiyyətli olması şimal-şərqi Çində Tunqus xalqları arasında sonuncu usta şaman olan Çuonnasuanın tarixçəsində özünü göstərir.
Yaralı şəfaçı arxetipi şamanlara da aiddir. Bu proses gənc şamanlar üçün önəmlidir. Keçirdikləri xəstəlik onları ölümün astanasına gətirir. Bunun iki səbəbə görə baş verdiyi deyilir:
1. Şaman yeraltı dünyadan keçir, beləcə, xəstə olan şəxs və qəbilə üçün həyati əhəmiyyətli məlumatları əldə etmək üçün onun dərinliklərinə enir;
2. Şaman xəstəliyi anlamaq üçün özü də xəstə olmalıdır. Şaman öz xəstəliyinə qalib gəlirsə, bütün əzab çəkənləri sağaldacağına inanılır.
Mənbə: haberturk.com
Tərcümə etdi:Aytac Musayeva
