
24media.az "İncəsənətin inciləri" rubrikasında "Laokoon və oğulları" əsərini təqdim edir.
Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəldən danışacağıq… 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilib. Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə, heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir.
Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır. Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın əziyyətləri, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır. Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil),o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə, Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.
Plini heykəlin müəllifinin imperator Titin sarayında fəaliyyət göstərmiş üç Rodoslu yunan heykəltəraşı – Aqesandr, Afinador və Polidor olduğunu göstərsə də, nə onun işlənmə tarixini, nə də sifarişçisini qeyd etmir.
Əsər “ellinizm barokkosunun ən gözəl nümunələrindən biri” hesab edilsə də, onun orijinal olduğu, yoxsa daha qədim dövrə aid tunc və ya mərmər Qədim Yunan heykəlinin kopyası olduğu bilinmir. Əsərin e.ə. II əsrdə yaradılmış orijinal heykəl olduğu düşünülsə də, hazırda bu ideyanın tərəfdarları azdır və əksər tədqiqatçılar onu tunc orijinalın kopyası hesab edirlər. Digərləri isə onun orijinal iş olduğunu qəbul edərək, daha gecə dövrdə yaradıldığını və Perqam stilinin istifadə olunduğunu düşünürlər. İstənilən halda o, zəngin romalının, bəlkə də imperator ailəsi üzvlərindən birinin evi üçün zifariş edilmişdir. Heykəlin tarixləndirilməsi üçün e.ə. 200-cü ildən e.ə. 70-ci ilə kimi müxtəlif təqvimlər göstərilsə də, hazırda daha çox “Yulilər-Klavdilər sülaləsinin hakimiyyəti dövrü (e.ə. 68-e.ə. 27)” heykəlin yaradılması tarixi kimi qeyd edilir.
Qazıntı zamanı əldə edilmiş heykəl üçün əsər kifayət qədər yaxşı vəziyyətdə olsa da, tədqiq edilməsi göstərmişdir ki, həm qədim dövrdə, həm də yenidən aşkarlanmasından sonra abidə üzərində bərpa işləri aparılmışdır. Hazırda heykəl Vatikan muzeylərinin tərkibinə daxil olan Piy-Kliment muzeyində sərgilənir.
Hazırladı: Gülay Qəribova
Mənbə:
https://en.m.wikipedia.org/wiki/Laocoön_and_His_Sons
