Bu gün:

Filmlərin insanlara psixoloji təsirləri, kinoterapiya


Yəqin ki, insanların çoxunun günlərlə təkrar-təkrar izlədiyi və hər dəfə fərqli düşüncələrə sahib olduğu filmlər olub. İnsanları ruhlandıran, ağladan, güldürən və ya qorxudan filmlər haqqında düşünəndə onların duyğu və davranışlarına nə qədər təsir etdiyini, hansı dəyişiklikləri yaratdığını anlamaq olar.

Filmlər səs effektləri, kamera bucaqları, işıqları və dialoqları ilə insanı valehedici bir dünyaya aparır və davranışlardan təsirlənməyə imkan verir. Bu effekti proqnozlaşdıran tədqiqatlardan biri Taylandda 156 universitet tələbəsi ilə aparılıb. Tələbələrə bir yarım illik boyunca filmlərin öyrənmə vasitəsi kimi istifadə olunduğu kurs verilmiş və yarım illik sonunda müsbət xarakter xüsusiyyətlərinin və davranışlarının artdığı müşahidə edilmişdir.

Ancaq, təəssüf ki, filmlərin təsiri müsbət olanlarla məhdudlaşmır. Məsələn başqa bir araşdırmada, filmlərin siqaret çəkmə davranışına təsiri müzakirə edilib və 10-14 yaş arası 6522 iştirakçı ilə telefon sorğusu keçirilib. Nəticələr göstərdi ki, filmlərdə siqaret çəkmək bu vərdişə başlama sürətini artırdı, baxmayaraq ki, həmyaşıdların siqaret çəkməsi, etnik mənsubiyyət və evdə siqaret çəkmək kimi risk faktorları qədər təsirli deyildi.

Kinoterapiya metodu filmlərin yaratdığı psixoloji təsirlərdən terapiya metodu kimi istifadə edilərək işlənib hazırlanmasıdır. Kineterapiya insanların sağalmasına kömək etmək üçün kitabların müalicəvi təsirindən istifadə edən biblioterapiyadan qaynaqlanan bir üsuldur. Kitablarla tətbiq olunan ənənəvi biblioterapiya əvəzinə kinoterapiyadan istifadə etməyin bir çox üstünlükləri olduğunu söyləmək olar. Kitab oxumaqla müqayisədə film izləmək insanların gündəlik həyatda daha tez-tez etdikləri bir fəaliyyətdir. Xüsusilə uşaqlar haqqında danışarkən, televizora baxarkən onların vərdişlərini inkişaf etdirmək üçün çox faydalı ola bilər. Bundan əlavə, bir filmə baxmaq kitab oxumaqdan çox daha qısa müddətdə tamamlana bilər. Onun fərdlərdə buraxdığı təsirin bütün kitablardan daha çox olduğunu iddia edən fikirlər var. Biblioterapiya ilə bağlı araşdırmalar da belə nəticəyə gəlib ki, audiovizual resurslar oxu tapşırıqlarından daha effektivdir.

Kinoterapiyada filmlərdən bəzən müzakirə üçün stimul, bəzən də metaforik müdaxilə kimi istifadə olunur. Bu üsul seanslar arasında istifadə edildikdə terapevt və müştəri arasında terapevtik ittifaqı gücləndirir və bəzi hallarda müstəqil müdaxilə kimi də istifadə edilə bilər. Fərd üç mərhələdən keçir: identifikasiya, katarsis və idrak. Birinci mərhələdə fərd özünü kino personajı ilə eyniləşdirərək özünü kəşfə doğru addım atır. Sonra müəyyən edilmiş xarakter öz problemlərini həll etməyə başlayan kimi, şüursuz emosiyaların sərbəst buraxıldığı katarsis mərhələsinə çatır. Duyğular və daxili münaqişələr üzə çıxır. Nəhayət, idrak mərhələsində fərd öz həyatı və problemlərini daha yaxşı dərk edir. Bəzi elm adamları bu üç mərhələyə universallaşma mərhələsini əlavə edirlər ki, bu da problemlərin ümumiləşdirilməsini və başqasının oxşar vəziyyətlə qarşılaşdığı zaman tanıya bilməyi nəzərdə tutur.

Hər film kinoterapiya tələblərinə cavab vermir. Terapevtin müalicə ilə bağlı bir film seçməsi və tövsiyə etməzdən əvvəl filmə iki dəfə baxıb təhlil etməsi vacibdir. Filmdə olan şiddətin səviyyəsinə diqqət yetirilməlidir. Kinoterapiya psixoloji pozğunluqlar istisna olmaqla, demək olar ki, hər bir xəstəliyə kömək etmək potensialına malikdir. Fərdi terapiya ilə yanaşı, cüt və ailə müalicələrində də istifadə edilə bilər.

Problemlərə “təhlükəsizlik məsafəsindən” baxmağa və özünü daha yaxşı tanımağa kömək edən kinoterapiya, görünür, elmi araşdırmalarla daha geniş auditoriyaya çatmağa davam edir. Sənətə gəlincə, “Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?” müzakirələrdən əlavə, hansı səbəbdən istehsal olunduğundan asılı olmayaraq, özünü anlamağa kömək edir.

Mənbə: Gönüllü Psikolog

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et