Bu gün:

Okapi- nadir rast gəlinən heyvan


Okapi zürafələr fəsiləsindən gevişən cüt ayaqlı heyvan növüdür. İlk baxışdan zürafədən çox ata oxşayır və belində zebra kimi qara-ağ zolaqları var. Onu meşə zürafəsi və ya qısaboyunlu zürafə də adlandırırlar.

Okapi adlanan bu heyvanın tükü şokolad rəngli, məxmər kimidir və bir az qırmızımtıl parıltıya malikdir. Arxa ayaqlarının yuxarı hissəsində qara və ağ zolaqlar var. Üzü ağ-qaradır. Ayaqları zürafəninki kimi olmasa da, çox uzundur. Erkəklərinin iki qısa buynuzu var. Dişilərin buynuzları yoxdur.  


Okapilərin dilləri tünd mavi rəngdə olur. Okapi orta hesabla 230 kq ağırlığında, 2 metr uzunluğunda və 1,60 m hündürlüyündədir. Onların quyruqları 40 sm-ə qədər uzana bilir. Dişi Okapilər növünün erkəyindən bir qədər böyükdür.


Okapilərin yaşadığı yeganə ölkə Konqo Respublikasıdır. Ölkənin şimalında və şərqində yerləşən böyük tropik meşə olan İturi yağış meşəsində daha çox məskunlaşıblar. Burada təxminən 10.000-20.000 okapi tapılır.Okapi ot, göbələk və meyvə yeyir. Onlar gün ərzində aktivdirlər və həmişə meşədə sabit qalan yollarda gəzirlər.  


Okapilər tək yaşayır. Onların vaxtaşırı kiçik sürülərdə yaşadıqları görülüb, lakin niyə belə qısamüddətli sürülər təşkil etdikləri sualına hələ də cavab verilməyib. Orta hesabla 25-30 il həyatda qala bilirlər.


Mənbə: sözcü

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et