Bu gün:

Yer üzündə su həmişə olubmu?



Bir qrup tədqiqatçı Yerin formalaşmasının ilkin mərhələlərindən bəri planetin sulu olduğunu irəli sürür.

Bu gün astronomlar arasında ümumi inam ondan ibarətdir ki, Yer formalaşmasının ilkin mərhələsində quraq planet olub və bu gün okeanları dolduran böyük miqdarda suyun əsas mənbəyi zamanla yerə düşən meteoritlər ya da kometlərdir. Bununla belə, bir qrup tədqiqatçı bu yaxınlarda “Science” jurnalında dərc etdikləri məqalədə Yerin əsas materiallarının əvvəllər düşünüldüyündən qat-qat çox hidrogen ehtiva etdiyini və Yerin formalaşmasının ilkin mərhələlərindən bəri sulu planet olduğunu iddia edirlər.

Dr. Laurette Piani və onun həmkarları enstatit tipli meteoritlərin tərkibini təhlil edərək Yerin əvvəldən yaş planet olduğu qənaətinə gəliblər. Yerə düşən meteoritlərin yalnız 2%-ni təşkil edən bu meteoritlərin ən əhəmiyyətli xüsusiyyəti tərkibindəki izotop nisbətinin Yerdəki ilə eyni olmasıdır. Bu, Yerin tikinti bloklarının və enstatit tipli meteoritlərin mənbəyinin kosmosun eyni bölgəsi olması kimi şərh edilir və buna görə də, onların tərkibi oxşardır.

Dr. Piani deyir ki, keçmişdə bu meteroitlər Günəşə yaxın bölgələrdə əmələ gəldiyi və uçucu qazların kondensasiyasına imkan verməyəcək qədər isti olduqları üçün quraqlıq zənn edilirdi. Lakin tədqiqatçılar müxtəlif enstatit tipli meteoritlərin tərkibini təhlil etdikdə onların heyrətamiz dərəcədə yüksək miqdarda hidrogen olduğunu aşkar ediblər. O qədər ki, əgər güman edildiyi kimi enstatit tipli meteoritlər və Yerin tikinti blokları oxşar tərkibə malikdirsə, bu gün Yer kürəsindəki yüksək miqdarda hidrogendən okeanları dolduran su miqdarından üç dəfə çox su istehsal etmək mümkündür. Tədqiqatçılar bu nəticələrə əsaslanaraq belə qənaətə gəlirlər ki, Yer formalaşmasının ilkin mərhələsindən nəm planet ola bilər.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et