Bu gün:

Dünya körpə gözləri ilə



Həyatımız boyu minlərlə sifət və əşya görürük, onları tanıyır və lazım gəldikdə bir-birindən fərqləndiririk. Bəs necə?

Üzün aşkarlanması və ya tanınması ən vacib sosial qavrayış bacarıqlarımızdan biridir. İnsanlarda üz tanınması göz, burun və ağız kimi spesifik xüsusiyyətlərin müəyyən edilməsindən asılıdır.

1961-ci ildə Amerikalı inkişaf psixoloqu Robert Fantz insanların bu mühüm qavrayış qabiliyyəti ilə bağlı əsaslı bir sualla çıxış edib və mövzu ilə bağlı mühüm araşdırmalara imza atıb: "İnsanların obyektlərin formasını qavramaq qabiliyyəti anadangəlmədir, yoxsa öyrənilmişdir?"

Fantz öz araşdırmasında 2-3 aylıq körpələrə iki oxşar rəsm göstərib. Rəsmlər iki ölçülü, eyni həndəsi fiqurlardan ibarət idi. Lakin iki rəsmdə həndəsi fiqurların bir-birinə nisbətən yerləri fərqli idi.

Rəsmlərin birində fiqurlar üz formalaşdırmaq üçün, digərində isə qarışıq şəkildə yerləşdirilib. Təcrübədə körpələrin bu iki rəsmdən hansına baxmağa üstünlük verdikləri və nə qədər müddət baxdıqları müəyyən edilib. Bu üsul “Preferensial baxış paradiqması” kimi tanınır.

Təcrübədə körpələrin hansı cisimlərə baxmağa üstünlük verdikləri, onlara nə qədər müddət baxdıqları araşdırılıb və sifətə bənzəyən ilk rəsmə baxmağın üstünlük, həmçinin müddətinin digər rəsmdən xeyli uzun olduğu müşahidə edilib. 

Bu tapıntılara əsasən, körpələrin sifətlərə diqqət yetirməyə anadangəlmə meylinin olduğu irəli sürülüb. Üzlərə bənzəyən formalara üstünlük verilməsi sosial və şəxsiyyətlərarası şüurun erkən əlaməti hesab olunur. Bu bir həqiqətdir ki, üzləri tanımaq və onlara reaksiya vermək bacarığı sosial bacarıqların, münasibətlərin inkişafı üçün həyat boyu çox vacibdir. Fantzın işi üz qavrayışı ilə bağlı araşdırmalara əhəmiyyət verib və illər ərzində yeni araşdırmalara qapı açıb. Bu araşdırmalardan biri də 2011-ci ildə Guellai, Coulon və Streri tərəfindən aparılan və yeni doğulmuş körpələrin danışan, hərəkət edən üzlərə reaksiyalarının ölçüldüyü araşdırılıb.

Guellai və digərlərinin araşdırmasında yeni doğulmuş körpələrin onlarla danışan tanış sifətə baxma müddəti onlarla danışmayan başqa bir üzlə müqayisə edilib. Doxsan saniyəlik videoçarxda yeni doğulmuş körpələrə onlarla danışan şəxsin siması və əvvəllər gördükləri, lakin onlarla danışmayan tanış simaların fotoşəkilləri göstərilib. Nəticədə, yeni doğulmuş körpələr onlarla danışan üzlərə baxmağa daha çox vaxt sərf ediblər.

Sifətin qəbul edilməsi və tanınması sahəsində digər mühüm məsələ də üzlərin fərdi xüsusiyyətlərinə görə, yoxsa daha bütünlüklə qəbul edilməsi məsələsidir.

James W. Tanaka və Martha J. Farahın araşdırması bu mühüm məsələyə aydınlıq gətirib. Tədqiqatçılar subyektlərdən iki fərqli üz şəklini və bu üz formasındakı elementləri yadda saxlamağı xahiş ediblər. Ancaq üzlərdən birində burun, göz və qaş hissələri qarışıq şəkildə yerləşdirilib.

Bu əzbər mərhələsindən sonra subyektlərə seçim olaraq iki fərqli burun forması təqdim edilib və hansının indicə əzbərlədikləri üz elementlərinə aid olduğunu təxmin etmələri istənilib.

Tədqiqat çərçivəsində iştirakçılardan düzgün yerləşdirilmiş üz cizgiləri ilə iki fərqli burun variantından hansını yadda saxladıqları soruşulub. Üzün digər hissələri düzgün yerləşdirildikdə hansı burnu əzbərlədiklərini müəyyən etmək üçün verilən düzgün cavabların sayı burun variantları tək təqdim ediləndən daha çox idi.

Bununla belə, elementləri fərqli yerləşdirilmiş üz formaları üçün vəziyyət fərqli idi. Yalnız burun elementlərinin variant kimi təqdim edildiyi suala verilən düzgün cavabların burnun üz elementlərinin qarışdığı üz formalarında olan variantlara verilən düzgün cavablardan daha yüksək olduğu müşahidə edilib.

Bu nəticələrə görə, üz anlama “bütöv şəkildə” baş verir, yəni üzün spesifik xüsusiyyətləri yerinə, bu xüsusiyyətlərin birləşməsindən yaranan bütöv strukturdan sifət aşkarlanması və ya tanınmasında istifadə olunur.

Həyatımızdakı rolu danılmaz olan sifətin tanınması doğuşdan bəri fəaliyyət göstərən bir mexanizm kimi görünür və bu barədə kəşf edəcəyimiz daha çox şey var.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et