Bu gün:

Niyə körpəlik xatirələrimizi xatırlaya bilmirik?


Niyə körpəlik xatirələrimizi xatırlaya bilmirik?

 İnsanların 2-3 yaşından əvvəl xatirələrini xatırlaya bilməməsi halına elmi olaraq “uşaqlıq amneziyası” və ya “uşaqlıq unutqanlığı” deyilir.  Körpəlikdə yaşadığımız, ümumiyyətlə, “epizodik yaddaş” adlandırılan hadisələrin xatirələrini xatırlaya bilmirik. Bununla belə, araşdırmalar göstərir ki, bəzi xatirə növləri körpəlik dövrünün ilk dövrlərindən formalaşmağa başlayır.

 Məsələn, 1987-ci ildə 2-6 aylıq körpələrlə aparılan elmi araşdırmada körpələr üstündə oyuncaq asılmış beşiyə qoyulmuşdu.  Körpələrin ayaqlarına bağlanan kəndirin digər ucu oyuncağa bağlanıb.  Beləcə körpələr təpik atdıqları zaman oyuncağın hərəkət etdiyini öyrəniblər.  Daha sonra tədqiqatçılar körpələrin öyrəndikləri əlaqəni nə qədər xatırlaya biləcəyini sınaqdan keçirdilər.  Nəticədə, 2 aylıq körpələrin 1-2 gündən sonra bu əlaqəni xatırlaya bildiyi anlaşıldı.  Yaşı artan körpələrin öyrəndikləri məlumatları daha uzun müddət yaddaşlarında saxlaya bildikləri müəyyən edilib.  Bu məlumat onu göstərir ki, prosedur yaddaş adlanan yaddaş növü körpələrdə çox erkən dövrlərdən formalaşmağa başlayır.

 Körpəlikdə öyrəndiyimiz məlumatları, yaşadığımız hadisələri, yaşadığımız yerləri və tanış olduğumuz insanları (avtobioqrafik yaddaş adlanır) yadda saxlaya bilməməyimizin neyrobioloji əsasları tam aydınlaşdırılmamışdır.  Ancaq keçmişdə yaşadığımız hadisələri xatırlamağa imkan verən avtobioqrafik yaddaşın formalaşmasında mühüm rol oynayan beynin hipokampus bölgəsinin körpəlikdə hələ də inkişafını tamamlamaması bir fakt kimi qəbul edilir. Bundan əlavə, avtobioqrafik yaddaşın formalaşmasında özünü dərketmə mühüm rol oynayır. Körpələr təxminən iki yaşında öz mənliklərini dərk etməyə başlayırlar.

 Nəticələri bu yaxınlarda Science jurnalında dərc edilən bir araşdırmada, siçanlar üzərində aparılan təcrübələr, körpəlikdə olan xatirələrin uzunmüddətli yaddaşda saxlanmasında deyil, yetkinlik dövründə bu məlumatlara çatmaqda problem ola biləcəyini ortaya qoydu.

Tərcümə etdi: Günay Ələsgərova
Mənbə: bilimgenc.tubitak.gov.tr

Paylaş
Şərh əlavə et