
Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri, adət-ənənələri və mədəniyyətləri var. Üstəlik, bu xüsusiyyətlər təkcə ümumi həyatı deyil, həm də kulinariya mədəniyyətini təmsil edir. Məsələn, bəzi ölkələrdə yemək yeyərkən yalın əldən istifadə etmək kobudluq sayılır, bəzi ölkələrdə isə yaşlılar süfrəyə oturana qədər yeməyə başlamırlar. Fərqli coğrafiyaların maraqlı süfrə davranışlarını təqdim edirik:
Cənubi Koreya: Əvvəlcə qocaları gözləməlisən. Bu qayda əslində bizim adət-ənənəmizi də xatırladır. Cənubi Koreyada süfrədəki ən yaşlı adam yeməyə başlamazdan əvvəl süfrəyə əl uzatmaq çox kobud hərəkət sayılır. Bundan başqa, sizə verilən boşqabı bir əllə götürmək xoş davranış deyil.
Tayland: Taylandda qrup şəklində şam yeməyinə çıxsanız, aranızdakı ən zəngin adamın hesabı ödəməsinə icazə verməlisiniz. Ortada tək boşqabdan yemək yeyirsinizsə, son loxmanı yeməyə çalışmayın. Yemək çubuqlarını qabda saxlamaq da xoşagəlməz hərəkətdir.
Afrika ölkələri: Afrikada olsanız çalışın ki, sol əlinizlə yemək yeməyin. Dünyanın bir çox yerlərində hansı əllə yemək yediyinizin əhəmiyyəti yoxdur. Ancaq Hindistanda və bəzi Afrika ölkələrində yemək yeyərkən sağ əlinizdən istifadə etməlisiniz.
Yaponiya: İçkilərinizi özünüz süzməyin.
Əgər sizi Yaponiyayda yeməyə dəvət edirlərsə, yeməyinizi istədiyiniz kimi yeyə bilərsiniz, ancaq içkiləri öz stəkanınıza süzmək hörmətsizlik sayılır.
Meksika: Meksikada bir evə dəvət olunsanız və ya restorana getsəniz, ev sahibinin “Nuş olsun.” deməsini gözləyin. Həmçinin, şam yeməyinə dəvət olunmusunuzsa, gecikməmək çox vacibdir.
İspaniya: Qurulan süfrələrdə uzun müddət oturmağı çox sevirik. Əvvəlcə salatlar, sonra əsas yeməklər və ən sonda desertlə doyunca yeməkdən, sevdiklərimizlə söhbət etməkdən həzz alırıq. Ancaq İspaniyada belə deyil. İspaniyada yemək yemək qısa prosesdir. Buna görə də tapas kimi qəlyanaltılar çox populyardır.
Almaniya: Almaniyadasınızsa, kartofu bıçaqla kəsməyin. Burada kartofun bıçaqla kəsilməsi onun yaxşı bişməməsinə işarə etməkdir və əlbəttə ki, hörmətsizlik sayılır.
Çin: Yeməyinizin son loxmasına toxunmayın. Türk mətbəxində boşqabda son loxmanı yemək yeməyi çox bəyəndiyinizi bildirməkdir. Ancaq Çin mətbəxində ev sahibinə təşəkkür etmək üçün son loxma boşqabda saxlanılır. Bunun səbəbi ev sahibinin qonağına kifayət qədər yemək təklif etdiyini göstərməkdir.
Avstraliya: Əslində Avstraliya yemıyin sərt qaydalarla məhdudlaşdırıldığı ölkə deyil. Bununla belə, yemək yeyərkən iş haqqında danışmaq kobudluq hesab olunur.
Cənubi Afrika: İnsanların gözünün içinə baxmayın. Cənubi Afrikada yemək yeyərkən, hətta danışarkən belə, digər insanla göz təması qurmamağa çalışın. Həmçinin, əgər sizi qonaq dəvət ediblərsə, kiçik də olsa, hədiyyə almağa çalışın.
Mənbə: lezzet.com
Tərcümə etdi: Sevil İsmayılova
