Bu gün:

Niyə türk qəhvəsinin yanında su servis olunur?


Osmanlıdan günümüzə qədər gəlib çatan türk qəhvəsi Türkiyədə sadəcə bir içki deyil. Yeməkdən sonra içilən, qonaqlar üçün süfrəyə verilən  türk qəhvəsi mədəniyyətə çevrilib. Türkiyədə elçilik mərasimlərinin fəxri qonağı olan türk qəhvəsi su və lokumla ikram edilir. İstəyə görə lokum yerinə kiçik şokoladlara üstünlük vermək olar. Yaxşı, heç düşünmüsünüzmü, niyə türk qəhvəsi ilə su verilir? 

Suyun qəhvə ilə verilməsinin səbəbi budur: 

Bir rəvayətə görə, qədim zamanlarda qonaq gələndə türk qəhvəsinin yanında suyu birlikdə verilirmiş. Qonaq qəhvədən əvvəl su içərsə, ac olduğu başa düşülərmiş. Bundan sonra ev sahibi dərhal süfrəni hazırlarmış. Ancaq qəhvədən sonra su içilirsə, bu, qonağın tox olduğuna və yalnız söhbətə gəldiyinə işarədir. Yəni qonaq “acdım” deməz, əksinə kofe ilə niyyətini bildirərdi. 

Digər söz-söhbət Osmanlı sarayına əsaslanır. Qədim dövrlərdə sultan üçün hazırlanan yeməyin zəhərli olub-olmaması həmişə yoxlanılırdı. Ancaq türk qəhvəsi tək nəfərlik qəhvə qabında hazırlandığından və sultanın ağzına layiq olduğundan məmurlar qəhvənin dadına baxa bilməyiblər. Buna görə də sarayda fərqli üsul işlənib hazırlanmışdır. Sultan qəhvəsini içməzdən əvvəl barmağını qəhvəyə batırır, sonra da suya batırırdı. Qəhvənin suda dağılması onun zəhərli olub-olmadığını göstərirmiş. 

Şayiələr bir yana, bunun başqa elmi səbəbi də var. Qəhvə böyrək daşının əmələ gəlməsinə yol açan yüksək miqdarda oksalat ehtiva edir. Buna görə də, qəhvə ilə su içmək böyrəklərdən oksalatların çıxarılmasına kömək edir. Belə ki, qəhvədən sonra su içmək sağlamlığımız üçün çox vacibdir. 

İkinci səbəb dad fakturalarımızla bağlıdır. Qəhvədən əvvəl bir neçə qurtum su içmək ağzı təmizləyir və digər dadları aradan qaldırır. Beləliklə, qəhvənin saf dadını daha yaxşı dadmaq olar. Qəhvənin sıx dadını azaltmaq və ağız boşluğunu təmizləmək üçün qəhvədən sonra su içilməsinə üstünlük verilir.

Bir sözlə, söz-söhbətlərə inansanız da, elmi səbəblərə görə də köpüklü türk qəhvəsi ilə birlikdə su içməyi unutmayın. Nuş olsun.

Mənbə: lezzet.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et