Bu gün:

Əvvəllər heç görmədiyiniz insanları yuxunuzda görə bilərsinizmi?


Beyninizin tamamilə yeni bir insanı təsəvvür edə bilməyəcəyini əvvəllər eşitmiş ola bilərsiniz. Bu fikrə inananlar iddia edirlər ki, yuxularımızda daha əvvəl gördüyümüz insanların oxşarı olan yeni insanları görürük. Bəs biz bu iddianı necə sübut edə bilərik və ya bunu etmək mümkündürmü?


Təəssüf ki, bu maraqlı suala eksperimental şəkildə cavab vermək mümkün deyil. Bu fərziyyəni eksperimental olaraq yoxlamaq üçün bizə yuxuda görülən şəxsin portreti və yuxu görənin bu portretin sahibinə hər hansı şəkildə uyğun olub-olmaması haqqında məlumat lazımdır. Bir neçə məlum səbəblərə görə bunları təmin etmək olduqca çətindir.


Birincisi, xəyallarımız tez-tez diqqət mərkəzində olan insanın üz və ya bədən xüsusiyyətlərini ayırd etmək üçün kifayət qədər canlı deyil. Yuxuda tanıdığınız birini görəndə həqiqətən o adamın üz cizgilərini görürsünüz, yoxsa yuxuda tanıdığınız adam olduğunu birtəhər bilirsiniz?


İkinci səbəb odur ki, biz, ümumiyyətlə yuxularımızı çox qısa müddətə xatırlayırıq. Onları oyandığımız andan etibarən unutmağa başlayırıq, bu da yuxuda görülən bir insanı və ya üzü dəqiq xatırlamağı qeyri-mümkün edir. Daha da pisi, bir şeyi dəqiq xatırlaya bilmədikdə, beynimiz keçmiş təcrübələrdən və ya baş vermiş oxşar hadisələrdən istifadə edərək boşluqları doldurmağa çalışır. Beləliklə, yuxuda həqiqətən mövcud olmayan bənzərsiz bir insan görsəniz belə, oyandığınız zaman bu insanın xüsusiyyətlərini xatırlamasanız, beyniniz çatışmayan boşluqları tanıdığınız insanların xüsusiyyətləri ilə dolduracaq.


Hər gün hər bir insan işə və ya məktəbə gedərkən, televiziya və ya filmlərə baxarkən onlarla, bəlkə də yüzlərlə insan görür. Görünən bu insanların çoxu şüurlu səviyyədə bizə yaddır, lakin onların üzləri və siluetləri beynimiz tərəfindən qəbul edilir və işlənir. Bu səbəblə yuxunuzda gördüyünüz insanı daha əvvəl görmədiyinizi söyləmək qeyri-mümkün olur.


Bir çox başqa səbəblərə görə bu nəzəriyyə mənalı şəkildə sınaqdan keçirilə bilməz. Yuxuların təbiəti və beyni ilə bağlı biliklərimizə əsaslanaraq bəzi proqnozlar verə bilərik. Əldə etdiyimiz məlumatlara əsasən, yuxu zamanı beynin əvvəllər görülən üzləri yenilərini yaratmaqdansa, onları çevirməsi ehtimalı yüksəkdir.


Biz oyaq olarkən düşüncələrimiz daxili və xarici dünyadan gələn məlumatlardan təsirlənir. Bu girişlər insanların gördükləri, eşitdikləri şeylər, qarşılıqlı əlaqə və xatirələr ola bilər. Bunun əksinə olaraq yuxu zamanı beyin çox az xarici giriş alır, yəni xatirələr yuxuların əsas, hətta yeganə mənbəyi hesab edilir.



Mənbə: evrimagaci 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et