
"İncəsənətin inciləri" rubrikası vahiməli "Karl Yohan küçəsində bir gecə" əsəri ilə davam edir...
Rəsmdə qara paltolu, ağappaq sifətləri olan, Karl Yohan küçəsində səki boyu üzü bizə tərəf gələn insanlar zombiləri xatırladır. Bundan öncə Kristiania (hazırda Oslo şəhəri) şəhərini real şəkildə əsərlərində təsvir etmiş rəssam bu əsərində təşviş və narahatlığın ekspressionist mənzərəsini yaradıb.
Gəzənlərin bədənlərini tam göstərməmək üçün şəkli kəsərək rəssam Munk təhlükə və qorxu hissi yaradıb. Başlar daha çox kabusa bənzəyir və izləyiciyə daha yaxın görünür. Sanki indi tablodan çölə çıxacaqlar. Başqa bir nəfər qara geyimlidir, arıq fiqur isə oradan uzaqlaşmaqdadır.
Onu tez-tez Munk-un özü kimi qələmə verirlər. Belə ki, izdiham, səs-küy və həngamə rəssamın həssas ruhuna ziddir. Munk bu əsəri ilə yalnızlıq və qorxunun güclü təsvirini yaradıb.
İşıqlandırılmış pəncərələr sanki dördkünc çərpələng kimi havada süzməkdədir. İnsan üzlərində isə bərəlmiş gözlərdən başqa heç bir xüsusiyyət gözə çarpmır.
Rəssam əsəri sadə və effektiv bir dizaynla üç rəng kateqoriyasına bölüb: qırmızı üzlüklü evlər, qara geyimli insanlar və tünd-mavi rəngli səma.
Rənglər - sarı, tünd-göy, bənövşəyi, işıqlı və parlayan qırmızı-bənövşəyi və s. Rənglərin hətta az qala Van Gogh-un fırçasından yarandığını söyləmək olar, ancaq burada effekt fərqlidir. Van Gogh-un əsərlərində rənglər daxili işıqlardan parlayır, Edvard Munk-da isə onlar qeyri-real və qəribə şəkildə dəyişdirilmiş yuxu, xəyali vəziyyətdən doğur.
Hazırladı: Gülay Qəribova
Mənbə: https://www.artchive.com/artwork/evening-on-karl-johan-1892-by-edvard-munch/
