Bu gün:

"Heç nə qazanmayacaqsan, heç nəyə nail ola bilməyəcəksən" - MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi həkim, Azərbaycan Tibb Universitetinin "Normal fiziologiya" kafedrasının dosenti Rəşid Mahmudovdur.

Rəşid müəllim, söhbətimizi hamının arzuladığı uğurla başlamaq istərdim. Sizcə, uğur qazanmaq üçün nə lazımdır?

 - Uğur deyəndə ki, gərək uğurun özünü qazanasan, heç nəyə baxmadan öz işini yaxşı biləsən. Öz üzərində işləsən, uğur qazanacaqsan, savadlı olacaqsan. Azərbaycanda öz işini, sənətini bilən adamlar çox azdır. Ən birincisi işləmək, öz üzərində çox çalışmaq lazımdır ki, həm bu xalqa xidmət edəsən, həm də çalışqanlığınla, xalqa xidmət etməyinlə fəxr edəsən. Onda sən uğur qazana bilərsən. Pul dalınca qaçsan heç nə qazanmayacaqsan, heç nəyə nail ola bilməyəcəksən, gözdən düşəcəksən, hamının yanında fırıldaqçı olacaqsan, hamı sənə nifrət edəcək. Amma sən düz olsan, səbirli olsan, hər şeydə düzgün yol cızsan həmişə uğurlu olacaqsan.

Müsahibələrinizin birində həyatınızın çox çətin keçdiyini demişdiniz. Ən ağır günlərinizi həyatınızın hansı dövründə yaşamısınız və o çətinliklərin öhdəsindən necə gəlmisiniz?

-Mən həyatımın ən ağır günlərini həm tələbəlik, həm də tələbəlikdən sonra müəllimlik dövründə yaşamışam. Tələbəlik dövründə çox ağır yaşamışam. Biz çox kasıb olmuşuq. Ailədə 11 nəfər olmuşuq. Hətta elə olub ki, beş gün mən ac qalmışam, boğazımdan heç nə keçməyib. Aclıq qədər pis şey yoxdur.

May ayının sonları idi, imtahana hazırlaşırdıq. Təqaüdü də mayın axırı verəcəkdilər. Mayın 24-ü pulum qurtardı. Heç nə edə bilmədim, yolpulu da yox idi ki, gedim kimdənsə borc alım. Borc verəcək heç kim də yox idi, heç kimi tanımırdım. Beş gündə yenicə yarpaqlamış ağacların yarpaqlarını sarı görürdüm. Ən çətin şey odur.

 Ötən illərlə müqayisə edəndə müasir gənclik barədə nə düşünürsünüz?

- İndiki gəncləri bəyənirəm. İndiki gənclər azaddırlar, sərbəstdirlər. O vaxtlar Azərbaycanda oxumağa kitab yox idi. Öz sənətimizi rusca ordan-burdan öyrənirdik. Onu da bilmirdik, kənddən gəlmişdik, qavraya bilmirdik, çətinliklə öyrənirdik. İndi isə nə var ki?! Kitablar hər yerdə doludur. Hər kəsin tanışı var, yanına gedə bilir. O vaxt gənclər qapalı sistemdə idi. Heç kəs heç kəsi tanımırdı. Amma indiki gənclər çalışqandırlar, cavandırlar. İnternetə girirlər, özləri nə bacarırlar, onu da edirlər. Bizim ölkədə diplom tələb olunur. Amma Türkiyədə deyir ki, nə bacarırsan? Diplomu heç nə hesab etmirlər.

Distant təhsilə münasibətiniz necədir? Özünüz onlayn dərslərdə iştirak edirsinizmi?

-Bəli, mən iştirak edirəm. Onlayn dərslər yaxşıdır. Dərsi mən deyirəm, tələbələr sual verir, amma bizim dərsimiz üç saat davam edir. Üç saatdan 40 dəqiqə vaxt verirlər. Ancaq mən əlavə də keçirəm. Öyrədirəm, başa salıram, kimin nə sualı var verir.

Üzbəüz olanda daha yaxşıdır. Təbabətdir bu. Çəkməsən, göstərməsən, başa salmasan öyrətmək mümkün deyil. Bu, tarix, coğrafiya, ədəbiyyat deyil. Əvvəl mən başa salırdım, sonra deyirdim indi öyrəndiklərinizi mənə qaytarın. İndi ancaq mən danışıram, mənə qayıtmaq yoxdur, çünki vaxt çatmır, onlardan heç nə soruşa bilmirəm.

Koronavirusun ikinci dalğasının başlanmaması üçün nə etmək lazımdır?

-Başlanmaması üçün bütün küçələri, məktəbləri, idarələri və xəstəxanaları dezinfeksiya etmək lazımdır. İnsanlar da bayıra çıxmamalıdır. Yoxsa ikinci dalğa mütləq başlayacaq. Hətta bəlkə üçüncü də ola bilər. Bu virus beş gün qalır. Viruslar var ki, 2-3 dəqiqədən artıq qala bilməz, məhv olar. Amma bu virus beş gün əlini hara vursan orda qalır və ora kim əlini vursa, ona keçəcək. Ağır virusdur. Əldə hazırlanmış virusdur.

Karantin dövründə evdə vaxtınızı necə keçirirsiniz?

- Heç mənim vaxtım var ki?! Mənim vaxtım yoxdur. Bəzən elə olur ki, səhərə gözümü açıram. Səhər tezdən yatıram, 3-4 saat sonra qalxıb bir də başlayıram. Hazırda kitab yazıram. Mən iki kitabın müəllifiyəm. Biri 635, digəri 856 səhifəlik dərslikdir. İndi isə mükəmməl bir kitab yazıram. Azərbaycan dilində atlas yoxdur. Heç kəs yazmayıb, ancaq izahlı atlas heç dünyada yoxdur. O şəkilə baxırsan, qulaqdır, burundur, boğazdır, hə, nolsun? Amma orada nə proseslər gedir? Nə baş verdi? Hansı funksiyanı yerinə yetirdi? Bu proseslərin şəklini öz əlimlə çəkirəm, eləsi də var çəkiblər, oradan götürürəm. Bu hadisələri aydınlaşdırıb yazmışam, yəqin ki, 450-500 səhifə olacaq.Qızım mənə deyir "Sən o kitabı yazanda qarşına bir neçə kitab qoyurdun, onlara baxıb öz bildiyin kimi yazırdın. İndi önündə heç nə yoxdur". Deyirəm: "Ay qızım, belə izahlı kitab yazılmayıb axı, hardan baxım? Kiminkinə baxım? Bu ilkdir, bunun qüsurları da olacaq, bəzi səhvləri də olacaq. Amma yazıram, ilkini mən yazıram".

Çalışqan olmaq lazımdır. Gənclərimiz, çalışqan, çalışqan, çalışqan...

Paylaş
Şərh əlavə et