Bu gün:

Frida Kahlo- "İki Frida"


24media.az "İncəsənətin inciləri" rubrikasına "İki Frida" əsəri ilə davam edir..

Öz portretlərində adətən yaşadığı həyatı, təcrübələrini, çəkdiyi əzabları və həyata qarşı duruşunu təsvir edən meksikalı qadın rəssam Frida Kahlo bu rəsmində də bizə bir neçə işarələr verib. Rəsmdə özünün qoşa portretini çəkən Frida bura qan, açıq ürəklər, fərqli ənənəvi geyimlər və başqa xırda bir portret kimi detallar da əlavə edib.

İki Fridanın geyindikləri paltarlar bir-birindən fərqlidir. Soldakı avropalı geyimi, sağdakı isə ənənəvi meksikalı kimi geyinib. Bu onun atasının alman, anasının isə meksikalı olması ilə bağlıdır və beləcə öz irslərini əks etdirir. İki fərqli donun seçilməsi həmçinin onun əri Diego Rivera ilə münasibətinə görə də ola bilər. Belə ki, Diego "meksikalı Frida"nı daha çox qiymətləndirmiş, "avropalı Frida"nı isə heç vaxt bəyənməmişdi.

Rəsmdə başqa bir detal qan təsviridir ki, bu da Fridanın həyatı boyu çəkdiyi əzabları və ağrıları əks etdirir. Cavan yaşında xəstə olması ilə yanaşı keçirdiyi ağır qəza onu həftələrlə yataq xəstəsi olmağa vadar etmişdi.

Qanın istifadəsi və iki Fridanın ürəyinin hər iki fiqurda aşkar, lakin fərqli bir şəkildə təsvir edilməsi, digər qeyri-ənənəvi Fridaya olan fərqli münasibətin göstəricisidir. Solda “avropalı Frida”nın ürəyi qanayıb və qırıq olan ürək damarından onun üzərinə qan axmaqdadır. Sağda “meksikalı Frida" isə daha sağlamdır və heç bir qan axıntısı gözə çarpmır. Bu bizə iki xarakterin fərqli şəklini göstərir. Biri daha güclü, digəri isə daim ağrı içərisində və zəifdir. 

"Meksikan Frida" əlində əri Diegonun kiçik portretini saxlayır. Onlar rəsm çəkilən ili boşanmışdılar, lakin 1 il sonra yenidən evlənirlər.

Nəhayət, hər iki Frida onu məhz Frida edən cəhətləri daşıyır. Rəsmdə onlar əl-ələ tutuşublar və aşkar görünən ürək damarları da onları bir-birinə bağlayır. Rəssamın yaxın dostu bu şəkildə qoşa xaraketerlərin təsviri haqqında Fridanın "Luvr" muzeyində ikən gördüyü Teodor Şaseriyunun “İki bacı” əsərindən ilhamlandığını söyləmişdir.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://artincontext.org/the-two-fridas-by-frida-kahlo/

https://www.britannica.com/topic/The-Two-Fridas

Paylaş
Şərh əlavə et