Bu gün:

“Hər ibadətin öz mükafatı var” – İlahiyyatçı ilə müsahibə


24Media.az-ın budəfəki müsahibi  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə doktoru Hacı Fuad Nurullayevdir. Nurullayev İslam dininə görə, mart ayının 23-də başlayan Ramazan ayı və bu ayda vacib sayılan əməllər haqqında sualları cavablayıb.



Ramazan ayı niyə vacib hesab edilir?


- Ramazan ayı "Qurani - Kərim"in Əl-Bəqərə surəsinin 183-cü ayəsinə görə mütləq vacibdir. Əl-bəqərə surəsinin 183-cü ayəsində “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” deyilir. Quran bunu bizə vacib buyurub. Allah peyğəmbərinə namazı və orucu vacib əmr edib.

 İslam dininə görə, bu ayda oruc tutulması mütləqdir. Bəs kimlər oruc tuta bilməz?


- Birincisi, xəstələr oruc tuta bilməz. Çünki onlara ac qalmağa icazə verilmir. Xəstələr mütləq şəkildə yaxşı qidalanmalıdır. İkincisi, yaşlıların oruc tutması məsləhət deyil. Belə ki, onlar qidalanmasalar zəifləyə, taqətdən düşə, hətta ölüm riski ilə üzləşə bilərlər. Üçüncüsü, hamilə qadınlar oruc tutmamalıdır. Çünki onlar qidalanmasalar, bətnlərindəki körpələr normal inkişafdan qalar, xəstə doğular. Səfərə çıxanlar oruc tuta bilməz, amma istisna var. Məsələn, bu ayda səfərə çıxmaq zərurəti  olan insanlar var. Tutaq ki, iş yeriylə əlaqəli 10 gündən az səfər edən şəxslər oruc tutmayacaq və daha sonra qəza orucu tutmalı olacaq. Səfər müddəti 10 gündən çox olduqda isə, onlar oruclarına davam edəcəklər.


 Ramazanda necə qidalanmaq lazımdır?


- Həkimlər duru qidalardan istifadə etməyi məsləhət görürlər. Amma din baxımından imsak zamanı yüngül qidalardan istifadə etmək, iftarı isə adətən xurma ilə açmaq tövsiyə edilir. Bu peyğəmbərimizin hədisində də var. Xurmanın orqanizmə böyük faydası var. Eləcə də ilıq sudan istifadə etmək daha yaxşıdır. Çünki ilıq su mədə-bağırsaq sistemini təmizləyir. Ümumiyyətlə yüngül, yumşaq və tez həll olunan qidalardan istifadə etmək lazımdır.

Əvvəlki illərə nisbətən ölkəmizdə oruc tutanların sayında hər hansı dəyişiklik var?


- Hər il ötən ilə nisbətən oruc tutanların sayında artım müşahidə olunur.

Ramazan ayında niyə zəkat verilir?


- Ramazan bayramından əvvəlki gün oruc tutan şəxs həm özü, həm ailə üzvlərinin adına  fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatının da miqdarı var. 3 kq ən çox istifadə olunan ərzaq. Maddi imkanı yüksək olan insanlar bunu düyüdən də ,xurmadan da, kişmişdən də hesablaya bilər. Məsləhət görülür ki, ərzağın özünü verməkdənsə,pulunu vermək daha uyğundur. Fitrə zəkatı qohumda, qonşuda yaşayan fəqirlərə, xəstə olub dərman ala bilməyənlərə, imkansız ailələrə vermək lazımdır. Bu işi bayram namazına qədər etmək daha uyğundur.

Ramazan ayında şənliklər necə keçirilməlidir?


- Şənlik anlayışı geniş məfhumdur. Biz dünyəvi dövlətik. Bizim ölkədə müxtəlif dini inanclı insanlar yaşayır. Heç bir insana yaşam tərzində məhdudiyyətlər qoyulmur və hər kəs azaddır. Azərbaycanda yaşayan az saylı xalqlar,  müxtəlif dinin nümayəndələri var ki, onlar öz adətlərini keçirməyə azaddırlar. Biz müsəlmanlar isə toy, şənliklərimizi bu ayda keçirmirik. Çünki bu ay  dua, zikir və ibadətlər ayıdır. Ona görə də oruc tuturuq, dua edirik, savab işlərlə məşğul oluruq. Amma kimsə uşağına nişan aparmaq istəsə, buna heç bir məhdudiyyət qoyulmur.  

Bəzi ilahiyyatçıların fikrincə, namaz qılmayanlar oruc tutmamalıdır. Sizin məsələyə münasibətiniz necədir?


- Namaz ibadətlərin birincisidir. Sonra oruc, zəkat, həcc və digər ibadətlər gəlir. Namaz qılmayıb oruc tutan adamın orucunu qəbul edən də, etməyən də yaradandır. Allaha xatir edir bunu. Əlbəttə, oruc tutan insanın namaz qılması daha gözəldir. O ibadətin dərəcəsi, savabı da çox olar. Amma Allah həm namaza, həm də oruca görə mükafatını ayrı verəcək. Yəni hər ibadətin özünün öz mükafatı var. Məsələn, bir adam namaz qılmır, oruc tutmur lakin zəkat vermək istəyir. Ona əngəl olmaq olmaz, zəkatını da verməlidir. Bir daha qeyd edim ki, hər ibadətin öz mükafatı var.

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et