Bu gün:

“Onlar olmasaydı, mən məhv olmuşdum” – Küçə musiqiçisi ilə müsahibə


24Media.az-ın budəfəki müsahibi Dənizkənarı Milli Parkda qarmon ifa edərək pul qazanan sənətçi Səlahəddin İbrahimoğludur. O, sənəti barədə sualları cavablayıb, qarşılaşdığı çətinliklərdən söz açıb.


Musiqiyə marağınız necə yaranıb?


- Anadan olandan musiqi mənim sənətimdir. Rəhmətlik anam mən uşaq olanda evdəki qara radiomuzu mənə verirdi, özü isə təcili tibbi yardımda işləyirdi. O işə gedirdi, mən də bu radio ilə başımı qatırdım. Uşaq vaxtı saz havalarını çox sevirdim. Hələ uşaq olanda aşıq Hüseyn Cavanın nəğmələrini tez-tez radiodan, televiziyadan eşidirdim. Onu dinləyərkən yuxulayardım, ayıldıqdan sonra isə anamı axtarırdım,  ağlayırdım, o da məni sakitləşdirməyə çalışırdı. Səsim xanəndə Qədir Rüstəmovun səsi kimi idi. Daha çox Qədir müəllimin nəğmələrindən oxuyardım, o mənim üçün əbədidir.

Qədir Rüstəmovun repertuarında ən çox sevdiyiniz nəğmə hansı idi ?

- 2-ci sinifdən Sovet İttifaqi Qəhrəmanı Əkbər Ağayev adına internat məktəbində oxumuşam. Hər səhər məktəbdə sinif yoldaşlarıma onun “Sonabülbüllər”, “Oyangül” oxuyardım. Qədir Rüstəmovun “Sonabülbüllər” muğamını çox sevirdim, onun yeri məndə tamam başqa idi. Hər səhər uşaqlara onu ifa edərdim,  demək olar ki, o uşaqlar mənim musiqilərimlə böyüyüblər.

Bakının fərqli yerlərində ifa edirsiniz, ya sadəcə  Dənizkənarı Milli Parkda?

- Xəstəliyim ucbatında sevdiyim işlə ürəyim istədiyi kimi məşğul ola bilmirəm. Bura hər gün gəlmirəm. Həftədə 1-2 dəfə gəlmək imkanım olur. Əsasən dənizin təmiz havasını almaq üçün gəlirəm, əsəblərimi sakitləşdirirəm. Digər günlərdə isə evdə oluram.

Ətrafdakı sakinlərin sizə münasibəti necədir ?

- Ətrafda gördüyünüz hər kəs - uşaqdan tutmuş böyüyə qədər mənə böyük hörmət bəsləyir, məni öz doğmaları kimi sevir. Mən müharibə dövründə olduğu kimi indi də öz xalqıma bacardığım qədər xidmət edirəm.

Küçə musiqiçiləri üçün ictimai məkanlarda xüsusi yerlər ayrılmalıdır? Yoxsa öz istəyinizə uyğun məkan seçmək sizə daha uyğundur ?

- Əslində mən mənə, mənim kimilərə “küçə musiqiçisi” deyilməsini sevmirəm. Dünyanın ən böyük dövləti olan Amerikada bu küçə musiqisi sayılmır. İnsanlar bura istirahət etmək üçün gəlirlər. Mən professional musiqiçiyəm. İstənilən ölkənin musiqinin notlarına baxaraq, həmin ölkəyə uyğun mahnılar ifa edə bilərəm.

Bəs günlük qazancınız sizi təmin edir ?

- Yox, bura günlük qazanc yerim deyil. Mən xəstəyəm, canımda 4 xəstəlik var,  bunlar mənə imkan vermir. Mən sadəcə təmənnasız olaraq xalqıma xidmət edirəm, xalqımı sevirəm. Həm də sağolsun xalqım mənə çox kömək edir, onlar olmasaydı mən məhv olmuşdum.

Buradan başqa gəlir yeriniz var ?

- “Heydər Əliyev təqaüdü” alıram. Hazırda 64 yaşım var, digər təqaüdə yaşım çatmır. Bir daha xatırladım ki, 4 xəstəliyim var. Bu xəstəliklər ucbatından da əlavə istəklərimi, planlarımı da həyata keçirə bilmirəm. Buna görə də təqaüd yaşlarının azaldılması istəyərdim. Yaxşı olardı ki, qadınlarda 60, kişilərdə isə 62 yaş olsun. Rusiya kimi ölkədə 55 yaşında qadınlar, 59 yaşında isə kişilər təqaüd alır.

Bununla bağlı adiyyatı qurumlara müraciət etmisinizmi?

- Mən hər yerə müraciət etməyi xoşlamıram. DOST Agentliyinə yaxınlaşdım, “1992- ci ildə vuruşmuşam, Azərbaycanın “Heydər Əliyev təqaüdü” alan milli qəhrəmanıyam” dedim və vəsiqəmi uzatdım. Mənə Müdafiə Nazirliyinə gedib təzə vəsiqə almağımı söylədilər. Hansı qanuna əsaslanır bilmirəm,  müraciət də etməmişəm hələ ki.

 Oxuculara son sözünüz nədir?

- Hər kəsdən bir-birilərinə, eləcə də yaşlı insanlara dəstək olmağı xahiş edirəm.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et