Bu gün:

Qohum evliliyi hansı xəstəliklərə yol açır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi pediatr Nigar Mirzəyevadır. O, qohum evliliyi və onun yaratdığı fəsadlar barəsində danışıb.

Qohum evliliyi hansı xəstəliklərə yol açır?

Qohum evlilikləri bir sıra genetik xəstəliklərə səbəb olur, riskli evlilik sayılır. Əvvəlki illərə nisbətən qohum evlilikləri az görülsə də, bəzi bölgələrdə hələ də davam etdirilir. Doğumdan sonra əqli çatışmazlıq, anadangəlmə qüsurlar, ölü doğumlar və bir sıra genetik xəstəliklər daha çox qohum evliliklərində görülməkdədir. Məsələn, qohum evliliyi nəticəsində genetik xestəlik olan fenilketonuriya əqli çatışmazlığın ən sıx görülən səbəbidir.

Bundan əlavə, qohum evliliyi nəticəsində talasemiyaya, oraq hüceyrəli anemiyaya da sıx rast gəlinməkdədir. Oraq hüceyrəli anemiyada eritrositler anormal forma alaraq (oraq formalı) kiçik qan damarlarını tıxayırlar və bu da öz növbəsində ciddi yan təsirlərə səbəb olur. Talasemiya isə ağır qan xəstəliklərindən biridir. Talasemiyalı uşaqlarda hemoqlobin bəzən o qədər azalır ki, davamlı qan transfuziyasına ehtiyac olur. Bizim ölkədə talasemiya daşıyıcıları (genetik qanazlığı) çox oldugu üçün evliliklərdə daşıyıcılığa mütləq diqqət olunmalı və iki daşıyıcı bir-biri ilə evlənməməlidir. Ölü doğulan uşaq sayı normal evliliklərə nisbətdə qohum evliliklərində 2 qat çox görülməkdədir. Anadangəlmə qüsurlarla doğulan uşaqlar da qohum evliliklərində sıx görülməkdədir. Kistik fibroz xəstəliyi-bədənin bütün vəziləri(mukus, tər, mədə bağırsaq) sistemini təşkil edən vəzilərdən ifraz olunan ifrazatların tərkibinin pozulması ilə müşahidə olunan genetik xəstəlikdir. Xüsusilə, ağciyərləri tutur, lakin həmçinin bağırsaq, pankreas, qaraciyər, böyrəklər də daxil olmaqla bir sıra orqanlarda ciddi problemə səbəb olur. Bu xəstəliyin yaranmasında qohum evliliklərinin rolu böyükdür.

Təbii, bir sıra genetik xəstəliklər də var ki, qohum evliliklərində ortaya çıxır. Lakin elmə məlum deyil və araşdırılmaqdadır. Burada insanların bilinçli olması, qohum evliliklərində meydana çıxan xəstəliklər, qohum evliliklərinə bağlı olaraq xəstə dünyaya gələn uşaqlarla hansı çətinliklərlə üzləşəcəkləri haqqında məlumatlı olmaları önəmlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et