Bu gün:

Sakura; Yaponiyanın milli çiçəyi


Albalı rəngi Yaponiyada buludları simvolizə edir. Buna səbəb albalı çiçəklərinin eyni vaxtda kütləvi şəkildə çiçəkləməsidir. 

Sakura adı altında ümumiləşdirilən növ ağaclar adətən ancaq dekorativ bitki kimi istifadə olunur, əksər hallarda məhsul vermir və ya kiçik ölçüdə yabanı meyvə verir. Bu növ (prunus serrulata) təbii şəkildə Yaponiya, Tayvan, Koreya, Çin, Qərbi Sibir, İran, Pakistan, Hindistan, Kanada, ABŞ da daxil olmaqla əsasən şimal yarımkürəsinin mülayim iqlim qurşağında yetişir. Xrizanteniumla birgə sakura Yaponiyada milli çiçək hesab olunur.

Yaponiyada sakuranın müxtəlif növü var, burada 200-dən çox çeşid, hibridlər yetişdirilir. Ən məşhur çeşidi Somei Yoşinodur. Çeşidin adı Somei kəndindən (indi Tokioda Toşima hissəsi) götürülüb. Çiçəkləri ağappaqdır, xüsusilə kökə yaxın hissələrdə açıq çəhrayı çaları vardır.

Qış sakurası və ya fuyuzakura (Prunus subhirtella autumnalis) payızda çiçəklənməyə başlayır və qış müddətində də bu proses davam edir. Edohiqanzakura, Tokio Hiqan çiçəyi (Prunus incisa) və mamezakura (Prunus pendula) arasında calaq olduğu deyilir.

Rəmzi mənası

Albalı rəngi Yaponiyada buludları simvolizə edir. Buna səbəb albalı çiçəklərinin eyni vaxtda kütləvi şəkildə çiçəkləməsidir. Həmçinin buddizmin təsiri ilə assossasiya olunan Yaponiya mədəni irsinin bir aspekti kimi metoforik şəkildə həyatın müddətli təbiətini ifadə edir və mono no avare (物の哀れ – keçici, qısamüddətli) anlayışını təcəssüm etdirir. Mono no avare ilə sakuranın əlaqəsi XVIII əsrə gedib çıxır, alim Motoori Norinaqanın adı ilə bağlıdır. Anilik, qeyri-adi incə gözəllik və çiçəklərin tez tökülməsi – zəriflik, insanın ölümlü olması, taleyi və karmanı asanlıqla qəbul etməsi ilə müqayisə olunur. Buna görə də sakura Yaponiya mədəniyyətində xüsusi yer tutur.

Çiçəklərin seyri

Hanami (花 見 – “çiçəklərin seyri”) çiçəklərin müvəqqəti gözəlliyindən zövq alan yapon ənənəsidir. Hanami dedikdə yaz fəslinin gəlişi ilə ağacların çiçəklənməsinin seyri nəzərdə tutulur. Bu halda çiçək (“hana”) demək olar ki, həmişə albalı (“sakura”) və ya daha az gavalı (“ume”) ağaclarına aid edilir.

Mart ayının sonu və may ayının əvvəllərinədək albalı ağacları Yaponiyanın hər tərəfində çiçəklənir. Çiçəklənmə dövrü fevral ayının 1-də Okinava adasından başlayır və adətən mart ayının sonunda və ya aprel ayının əvvəlində Kioto və Tokioya çatır. Bir neçə həftə sonra Hokkaidoya çatır, yüksək hündürlüklərdə və şimalda olan ərazilərə doğru davam edir.

Hər il Yaponiya Meteorologiya Agentliyi və TV xəbərləri vasitəsilə ictimaiyyətə sakura zensen (桜前線 – albalı çiçəyi cəbhəsi/ sahəsi) barədə məlumat çatdırılır. Yaponlar bu proqnozlara çox önəm verirlər və çiçəkləmə şənlikləri keçirmək üçün ailə və dostları ilə park, ibadətgah və məbədləri ziyarətə çıxırlar.

Mənbə: Yapon.az

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et