Bu gün:

Fəlsəfə axtarışında- İoanna Kuçuradi kimdir?


Həyatımız fəlsəfə ilə yoğrulur. Bəli, buna çox əhəmiyyət verməsək belədir. Fəlsəfə bizə həyatın müxtəlif tərəflərini göstərir, fərqli düşüncələrə malik insanların çoxluğunu dərk etməyə və ən əsası yaşadığımız həyatın hansı dəyərlərdən ibarət olduğunu anlamğa icazə verir. Ona görə də hamımız fəlsəfənin tələbəsi sayılırıq. Biliyin mənalı olmasını təmin edən fəlsəfə mövcud olanı hər cəhətdən şüurlu şəkildə dərk etmək üçün bir yol təqdim edir. Başqa sözlə desək, bilik bir nurdursa, fəlsəfə bu işığa aparan vasitədir, filosof isə alətdən istifadə edən şəxsdir. Bu elmin əsgərlərindən biri olan insanın həyat və yaradıcılığını birlikdə araşdıraq. Söhbət fəlsəfə yolunu tutan bir insandan, türk qadın filosofu İoanna Kuçuradidən gedir.

Cümhuriyyətin ilk illərində ölkə hələ də müharibədən sonra baş verən maliyyə dağıntılarından əziyyət çəkirdi. Atatürkün rəhbərliyi ilə sürətlə həyata keçirilən layihələr gecə-gündüz çalışmağı tələb edir. Bütün itkilərə baxmayaraq, ölkə bahar budaqları kimi təzə və ümidli idi. 4 oktyabr 1936-cı ildə İstanbulda bir yunan ailəsində İoanna Kuçuradi dünyaya göz açır. Atası Samoslu mühacir ailəsinin oğlu, anası isə Çorludan İstanbula gələn bir ailənin qızıdır. Atası əczaçı, anası isə evdar qadındır. İoanna Kuçuradi ailəsinin keçmişi ilə çox maraqlanmadığı üçün ailəsi haqqında çox məlumat əldə edə bilmirik.

Uşaqlıq xatirələrini uzun-uzadı danışmağı sevmir. O, bütün müsahibələrində “Məktəbəqədər dövrü o qədər də aydın xatırlamıram” deyir. Məktəb həyatı Mərkəzi Yunan İbtidai Məktəbində başlayır. Altı illik ibtidai təhsildən sonra Zapyon Yunan Liseyinə gedir. Sosial baxımdan adi bir ailə kimi təsvir etdiyi ailəsi onu təhsilə sövq edir. Onun valideynləri haqqında ən aydın təsviri budur ki, onlar davasız, yalansız, sakit həyata üstünlük verən insanlardır. Atası 1942-ci ildə hərbi xidmətə çağırılıb. Vəzifəsinə görə Mardinə gedir və aptekə anası rəhbərlik etməyə başlayır. Bu kiçik xatirə əslində onun həyatında mühüm rol oynayır. Məhz bu dövrdə o, istehlak çılğınlığına dövrünün inanlarının israfçılığına reaksiya verməyə başlayır.

1954-cü ildə orta məktəbi bitirən İoanna Kuçuradi həyatının ilk böyük problemi ilə üzləşir. Türkiyənin qaranlıq dövrü olan 6-7 sentyabr hadisələrini İstanbulda şəxsən yaşayır. O, xalqın yunanlara münasibətini, qonşuların qonşulara qarşı düşmənçiliyini, üstəlik, eyni ölkənin vətəndaşı olduqları halda insanların niyə bir-birini çəkişdirdiyini anlaya bilmir. Ailəsində və ətrafındakılarda ciddi itkilərin şahidi olan İoanna Kuçuradi bütün çətinliklərə baxmayaraq 1959-cu ildə İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirir. Daha sonra magistratura və doktorantura pillələrini bitirir. Belə desək, vaxt itirmədən özünü elm ilə zənginləşdirməyə tələsir.

“İstanbul məni istəməyincə Ərzuruma getməyə qərar verdim”. Kuçuradi müsahibəsində Ərzurum macərasının necə başladığını bu sözlərlə izah edir. O, hadisələrin əslində bitdiyi halda insanların ideyalarının davam etdiyi, yeni siyasi böhranların alovlandığı dövrlərdən bəhs edir. Düşünür ki, zadəganlığını təsdiq etməyə çalışdığı İstanbul Universitetində israrla qalmağın mənası yoxdur. O zaman Ərzurum Atatürk Universitetinin Fəlsəfə bölməsində açılan vakansiya onun köməyinə gəlir. Heç tərəddüd etmədən Ərzuruma köçür. 

Atatürk Universitetində çalışan İoanna Kuçuradi ölkənin qərbinin və ya şərqinin fərqli olmadığını müdafiə edir. Onun sözlərinə görə, hər yer onun vətənidir, vacib olan odur ki, harada olursa olsun, vəzifəsini yerinə yetirə bilsin. Keçmişə fikir verməyən, problemlər üzərində dayanmayan, hər şeyə analitik baxmağı bacaran İoanna Kuçuradi 1968-ci ildə Ankara Hacettepe Universitetinin Fəlsəfə kafedrasının müdiri vəzifəsinə təyin edilib. Təriflərə, titullara əhəmiyyət verməyən Kuçuradi onun üçün vəzifəsini yerinə yetirməyin əsas olduğunu söyləyib bu dəfə də Ankaraya gedir.

İnsan Hüquqları və Fəlsəfi Təcrübə Araşdırmaları Mərkəzinin direktoru və YUNESKO-nun sədri kimi fəaliyyətini davam etdirən İoanna Kuçuradi fəlsəfədə etika üzərində işləyən yeganə şəxslərdən biridir. Onun fəaliyyəti və insan haqlarının müdafiəsi uğrunda apardığı mübarizə onu Türkiyədəki bütün akademiklərdən fərqləndirən iki mühüm amildir. Orta əsrlərin qaranlığında qalan əxlaq məsələsi bu gün İoanna Kuçuradinin əsərləri və araşdırmaları sayəsində üzə çıxa bilmişdir. Bu səbəbdən İoanna Kuçuradinin adının bütün təhsil sistemində hallanması və əsərlərinin öyrədilməsi zəruridir. 

Adının mənası “Tanrının Hədiyyəsi” olan İoanna Kuçuradi həqiqətən də belə bir dövrdə mövcud olan, fəlsəfə elmi üçün hədiyyə olan şəxsdir.

Mənbə: boboscope.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et