
Rapunzel ilk dəfə 17-ci əsrdə Qrimm qardaşları tərəfindən yazılmış və hələ də yazıldığı gün kimi sevilən uşaq nağıllarındandır. Rapunzel nağılı da bir çox digər nağıllar kimi bizə qədim zamanlarda yaşamış insanlar haqqında çoxlu ipucu verir. Qrimm qardaşlarının kitabında danışılan əsl hekayə kasıb bir cütlük və varlı bir qadınla başlayır. Hekayədə daha sonra görürük ki, varlı qadın şər cadugər, kasıb cütlük isə Rapunzelin ailəsidir. Rapunzel doğulmazdan əvvəl ana cadugərin bağında yetişən bir bitkiyə heyran olmuşdu və bu bitkinin adı Rapunzel idi. Rapunzelin atası ananın arzusunu yerinə yetirmək üçün cadugərin bağından həmin bitkini oğurlamağa başlayır və bir müddət sonra o, cadugər tərəfindən tutulur. Cadugər bir şərtlə cütlüyün həyatını bağışlayır. Gələcəkdəki uşaqlarını cadugərə verməli idilər. Yazıq cütlük razılaşmanı qəbul etməyə məcbur olur və Rapunzel doğulduqdan sonra onu cadugərə verirlər. Cadugər Rapunzeli boş bir meşədə hündür bir qüllədə həbs edir. Hekayə bir az da irəlilədikcə klassik sevgi nağılına çevrilir. Hekayədə bir şahzadə Rapunzelin qaldığı qüllənin ətrafında gəzməyə gedir və Rapunzelin səsini eşidir. Səs gələn tərəfə getməkdən özünü saxlaya bilməyən şahzadə Rapunzelin uzun saçlarından yapışaraq qalaya dırmaşır və Rapunzelə aşiq olur.

Bundan sonra Rapunzel şahzadədən hamilə qalır. Bütün bunları öyrənən cadugər Rapunzelin uzun saçlarını kəsir və onu qüllədən qovur. Rapunzel əsirliyinin bitdiyini düşünüb xoşbəxt olmağa başlayır, lakin birdən özünün vəhşi təbiətdə tək olduğunu anlayır. Bir müddət sonra Rapunzeli xilas etmək üçün qülləyə qayıdan şahzadə boş bir qüllə ilə qarşılaşır və sevginin acısına dözə bilməyib özünü qüllədən aşağı atır. Şahzadə qüllədən yıxılır və kor olur. Vaxt keçir, şahzadə və Rapunzel meşədə bir-birləri ilə qarşılaşırlar. Rapunzellə görüşdükdən sonra şahzadənin gözləri birdən sağalır və görməyə başlayır. Xoşbəxt cütlük əkiz uşaqları ilə şahzadənin ölkəsinə gedir və xoşbəxt həyat sürür.
Mənbə: Onedio
Tərcümə etdi: Tahirə Bağırzadə
