Bu gün:

Yan Vermeer-Mirvari sırğalı qız


24media.az "İncəsənətin inciləri" rubrikasına reklam üzünə çevrilmiş məşhur sənət əsəri-"Mirvari sırğalı qız" ilə davam edir.

İohannes Vermeer rəsmlərində qadın fiqurları ilə məişət həyatını ön plana çıxaran dövrün ən məşhur Barok rəssamı kimi tanınır.

Onun ən tanınmış və hələ də sirli olan “Mirvari Sırğalı Qız” əsəri tarixdə iz qoymuş ən mühüm əsərlərdən biridir. Bu gün rəsm Hollandiyanın Haaqa şəhərində Mauritshuis adlı muzeydə şüşə otaqda saxlanılır. Rəsmin ilk adı “çadralı qız” olub. XX əsrdən sonra rəsmdəki mirvari sırğalar diqqət çəkdi və “mirvari sırğalı qız” adını aldı. 

Rəsmdə ən diqqət çəkən məqam işığın soldan gəlməsi və fonun qaralması, diqqətin portretdəki qıza yönəldilməsidir. Diqqət çəkən başqa bir məqam isə qızın rəsmdəki təbəssümünün və baxışlarının sirridir.

Baxışları birbaşa tablonu çəkən şəxsə yönəlmiş diqqətli bir baxış olsa da, bir qədər aralı, qeyri-müəyyən bir təbəssüm illər ərzində tablonu görən insanlar tərəfindən fərqli şərh edilib.

Bu qeyri-müəyyən təbəssümü və üz ifadəsini Mona Liza tablosuna bənzətdikləri üçün hətta "Şimallı Mona Liza" da adlandırıblar.

Vermeerin dövrün şərq-qərb sintezindən təsirləndiyini göstərən ən mühüm göstərici əsərdə istifadə etdiyi sarı qotazlı mavi yaylıqdır. Rəsmə ekzotik ab-hava qatan yaylıqda istifadə edilən rənglər mirvari sırğalı qızın üzündəki canlılıq və diqqəti artırıb. 

Əsərdəki əsas məqam isə mirvari sırğalardır. İncilər o dövrün sərvət və status əlaməti kimi tanınırdı. Rəsmi araşdırdıqda məlum olur ki, sırğalar əslində cilalanmış şüşədir.

Saflıq simvolu olan mirvari sırğalar qadının üzündəki saflıqla bir-birini tamamlayır. Bəs bu sirli qadın kimdir?

Rəsmdəki qadının kim olduğu illərdir maraq doğurur. Onun Vermeerin uşağı olduğu düşünülürdü, lakin rəsm çəkilən zaman uşaq kiçik olduğundan bu təxmin qüvvədən düşüb və Vermeerin təxəyyülü kimi şərh edilib.

Hazırladı: Gülay Qəribova


Paylaş
Şərh əlavə et