Bu gün:

"İnsanlar məni görəndə qışqırır, tənbeh edirlər" - Gənc aktrisa ilə MÜSAHİBƏ


“Nə qədər ki, gəncəm...” adlı yeni rubrikaya start verir. Rubrikada geniş oxucu kütləsinin tanımadığı, amma müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən gənclərlə eksklüziv müsahibələr yer alacaq. Gənclər qazandıqları nailiyyətlərdən bəhs edəcək, təcrübələrini bölüşəcəklər. Rubrikamızın ilk qonağı isə Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası, bir çox tamaşalarda, seriallarda rol almış Ləman Mərrihdir.

Ləman xanım, özünüz haqda qısa məlumat verərdiniz...

- 1997-ci ildə Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyor sənəti fakültəsindən 2018-ci ildə məzun olmuşam. Tələbə illərimdən Yuğ dövlət teatrında çalışıram. Bir neçə serialda rol almışam.

Niyə aktrisa olmaq istədiniz?

-Mənə görə bir həyat yaşamaq, bir insan olmaq çox azdır. Bir neçə insan kimi düşünmək, yaşamaq mənə maraqlı gəlirdi və buna görə də bu sənətə gəldim. Yəni, müxtəlif həyatları yaşamaq üçün bu sənəti seçdim. Buna görə peşman deyiləm. Hələ ki, özümü inkişaf etdirib, yaxşı aktrisa olmağa can atıram. Amma həyat nə göstərər, bunu bilmək olmur. Hər şey tamamilə dəyişə də bilər. Hər şeyi atıb, çıxıb gedə də bilərəm. Çünki bu, mənim uşaqlıq arzum olmayıb. Uşaq vaxtı bağça müəllimi olmaq istəyirdim. Yəqin ki, nə vaxtsa bu arzumu da yerinə yetirəcəm. Çünki bir yerdə dayanmağı sevmirəm, fərqliliklərə qaçıram.

Ailəniz sizə dəstək, yoxsa mane oldu?

-Atam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində oxumağımın əleyhinə idi. Bu sahədə təhsil almağımı istəmirdi. 1-ci il universitetə qəbul olmağıma baxmayaraq, oxumadım. 2-ci il isə təhsil almağa başladım. Haqqımda müsbət rəylər almağa başlayandan sonra bunu qəbul etməyə başladı. Bu gün vəziyyət o qədər dəyişib ki, bir zamanlar mənim haqqımda mənfi rəy söyləyən insanlar indi övladlarına örnək göstərir, onlara kömək etməyim üçün müraciət edirlər. Ümumiyyətlə, siz bir cəmiyyətdə yeni bir addım atırsınızsa ya hamını özünüzlə tutub aparmalısınız, ya da addımı atmamalısınız. Mən onları özümlə çəkib aparmağı istədim və bunu bacardım. Çünki bacaracağıma inanırdım. Səhv yolda olmadığımı bilirdim. Hazırda onların mənə yanaşması da bunu daha təsdiq edir.

Ölkəyə səs salan "O qadın” adlı dramatik tamaşada oynamısınız. Bu layihənin yaranması barədə  oxuculara məlumat verərdiniz...

- Günay Səttarın rəhbərlik etdiyi layihə idi. Bununla hüquqları tapdalanan, hər gün döyülən qadınların səsi olmuşduq. Tamaşa ərəfəsində şiddət görən qadınlarla söhbət etmişdik, onların dərdlərinə çarə olmaq istədiyimizi, dəstək olduğumuzu bildirmişdik. Mənim üçün xüsusi yeri olan tamaşadır. Çünki ölkəmizdə hüquqları tapdalanan, amma səsini çıxara bilməyən çox qadın var. Həmin layihə sayəsində elə insanları gördük ki, onlar hər gün şiddətə məruz qalırlar, amma bunu ört-basdır edirlər. Hələ də təsirində olduğum tamaşadır. Sosial mesaj ötürmək üçün ən yaxşı vasitə kimi belə layihələrin çox olmasını istəyərəm. Film, serial, tamaşa və ümumiyyətlə, istənilən sənət sahəsinin köməyi ilə insanlara mesaj ötürmək mümkündür. Amma bu mesajı ötürməzdən əvvəl diqqətli olmalı, auditoriyaya uyğun formanı müəyyənləşdirməliyik.

“Fəlakət” tammetrajlı bədii filmində oynamısınız, komediya sahəsində ilk təcrübəniz, təəssüratlarınız necə oldu?

- Düşünürəm ki, aktyor və ya aktrisa bütün rollarda oynamağı bacarmalıdır. Hansısa rol haqqında "bacarmıram" deyirsə, bu, onun qeyri-peşəkarlığından irəli gəlir. "Fəlakət" filmi ilk komediya təcrübəm olub. Film heyəti çox istedadlı insanlardan ibarət idi. Həm əyləndim, həm də öyrəndim. "Fəlakət" obrazını canlandıran Elşən müəllimlə çox əla tərəf müqabili olmuşduq. O komandadakı hər kəsi çox sevirəm.

İlk serial təcrübəniz hansı olub? Təklif necə gəlmişdi?

- İlk təklif 2016-cı ildə "Ögey ana" serialından gəlib. Bir həftə bu təklifə "yox" demişdim. Serialın rejissoru Sain Qəhrəmanla telefon danışığı zamanı qısa münaqişə də yaşanmışdı. Daha sonra görüşdük. Əslində görüşə gedəndə fikrimin dəyişəcəyini düşünmürdüm. Amma Sain müəllimin mənə güvənməyi mənim də özümə güvənməyimlə nəticələndi. Təklifi qəbul etdim və "Ülkər" obrazını canlandırdım. Mənim üçün çox maraqlı obraz idi. İlk ekran təcrübəm olsa da komanda yoldaşlarım və Sain müəllimin köməyi ilə uğurlu alındı. Bu obrazla sevilsəm də indi başqa bir serialda canlandırdığım mənfi obraza görə insanlar tərəfindən sevilməyə bilərəm.

Hazırda “İmtahan” serialında "Cahan" obrazını canlandırırsınız. Bu haqda danışardınız...

- Serialı bəyənirdim və vaxt tapdıqca izləyirdim. Nə vaxtsa o serialda oynayacağım ağlıma gəlməmişdi. Təklif gələndə çox sevindim. Sevinməyimə digər səbəb isə ilk dəfə mənfi obrazda iştirak edəcəyim idi. İlk başlayanda tərəddüdlərim var idi. "İnsanlar məni mənfi obrazda necə qəbul edəcək?" , "Obrazı canlandıra biləcəyəmmi?" , "Reaksiyalar necə olacaq?" kimi suallar beynimdə fırlanırdı. Amma rejissorların köməyi ilə çox maraqlı obraz yarada bildik. Obrazı əksər insanlar sevmir, bu hal isə məni sevindirir. Deməli, biz mənfi obrazı - Cahan obrazını yaratmağı bacardıq və insanların obraza nifrətini qazana bildik. Cahan çox ağıllı, məqsədyönlü, intellektual obrazdır. Bu xüsusiyyətlər məndə də olduğuna görə həmin obrazı çox bəyənirəm.

Mənfi obrazı canlandırmağınız izləyiciləriniz tərəfindən necə qarşılandı? Hansı reaksiyalar gəldi?

- Hazırda çox qəribə münasibətlə qarşı-qarşıyayam. Küçədə gəzəndə insanların qəzəbli baxışları daim üzərimdə olur. Sosial şəbəkə hesablarım aqressiv mesajlarla dolub-daşır. Digər aktyorları görəndə şəkil çəkdirmək istəyən insanlar məni görəndə üstümə qışqırır, tənbeh edirlər. "Sən onları ayırsan gəlib səni sürüyəcəyik" kimi hədə-qorxu gələn insanlar da olub. Əvvəl bu hallar məni narahat edirdi. İndi isə alışmışam və reaksiyaları normal qəbul edirəm.

Bəs bu reaksiyalardan sonra sizə yenidən mənfi obraz təklifi gəlsə qəbul edərsiniz?

- Ağlınıza gələcək bütün dəlilikləri edib və etməyə davam edən biri kimi deyə bilərəm ki, tərəddüd etmədən qəbul edərəm. Artıq təcrübəli olduğuma görə daha uğurlu olacağımı düşünürəm. Daha çox insanın sevmədiyi, daha sərt reaksiyaların gələcəyi mənfi obraz yarada biləcəyimə inanıram.

Ən uğurlu ekran işiniz hansı olub?

- Hazırda "Cahan" obrazını daha uğurlu hesab edirəm. Müsbət obrazların alacağı reaksiyaları təxmin etmək olur və çox yadda qalan olmur. Amma mənfi obraz yaratmaq nisbətən çətindir. Bu çətinliyin öhdəsindən gəldiyimə görə ən uğurlu bunu hesab edirəm. Onu da qeyd edim ki, mən bir neçə ildir bu sahədəyəm. Yəqin ki, hələ daha uğurlu ekran işlərim olacaq.

Sizcə, bu gün yaşlı nəslin nümayəndələri gənc aktyor və aktrisalara dəstək olurlarmı?

- Məncə, bu, incəsənətimizin ən böyük problemidir. Yaşlı nəslin əksər nümayəndələri gəncləri xor görür, gətirdiyimiz yenilikləri qəbul etmir, ən yaxşı işimizdə belə mənfi nəsə axtarırlar. Gəncləri həvəsdən salmağa, başlamamış bitirməyə sövq edirlər. Amma incəsənət sahəsində çox yaxşı insanlar da var. Gənclər onları özlərinə nümunə görür, onlar da gənclərə bacardıqları qədər kömək olurlar. Mənə bu sahəyə gəldiyim gündən dəstək olanlar olub. Zemfira Əbdülsəmədova isə ən böyük dəstəkçilərimdəndir. Çox sevdiyim sənətkardır, daima mənə bilmədiklərimi izah edir, yanımda olur.


"Facebook" səhifənizi iki Ləman idarə edir sanki. Biri çox qəmgin yazılar paylaşır, digəri isə gülməli zarafatlar. Bu dəyişkənliyin səbəbi nədir?

- Profilimdə iki Ləman var. Amma ruhumda Ləmanların sayı çoxdur. Onlar yaşadığım hadisəyə, oxuduğum kitaba, keçirdiyim günə, oynadığım tamaşalara görə dəyişir. Bu dəyişim mənim zənginliyim və gücümdür. Əgər bunu bacarmasaydım, çox güman ki, intihar edərdim. Çünki insanlar necəsə yaşadıqları acını, ağrını unutmalıdırlar. Bu da mənim üslubumdur. Bu üslubu tapmasaydım, yəqin ki özümü öldürərdim

Nə vaxtsa sizə sosial şəbəkədən sevgi etirafları gəlibmi?

- Sosial şəbəkələrin aktiv istifadəçisiyəm. Belə hallarla tez-tez rastlaşıram. Təbii ki, inanmaq olmaz. Elə insanların çoxu sevgi hissini heç nəyə çeviriblər və rahatlıqla tanımadığı insanlara sevgi mesajları göndərə bilirlər. Amma, ümumilikdə, daha çox təhqir mesajları alıram. "Cahan" obrazına olan qəzəblərini bu formada çatdırırlar.

Ləman kiməsə 76-cı şansı verib?

- Ləman kiməsə 176-cı şansı da verib. Həmişə də "Mən sənin bildiyin insanlardan deyiləm, bitdi", deyib yenidən başlamışam. Gecə ağlayıb, səhər oyananda isə 177-ci şansı verib yenidən qaldığım yerdən davam etmişəm. Bundan yorulmamışam, yorulmayacam da.

Bəs, Ləman xanım sevgiyə inanır?

- Sevgisiz yaşamaq qeyri-mümkündür. Sevgi hər insanın həyatında olmalıdır. Mənim üçün sevmək daha öməmlidir, nəinki sevilmək. Kimisə sevib, qarşılıqsız məhəbbət yaşaya bilərəm. Bu hal mənim üçün çox normaldır.

Siz şeirlər də səsləndirirsiniz, bu həvəs necə yarandı?

-Məncə, insan nəyə sığınırsa odur. Səsləndirdiyim şeirlər mənim özümü ifadə edir. Qiraətçi deyiləm. Həmin anda ruh halıma uyğun gəlib və o şeiri səsləndirmişəm. Şeirlər mənim üçün bir izə, xatirəyə çevrilir və onları insanlara ötürməyə çalışıram.

Sizə xərçəng xəstəsi olma ehtimalınız barədə analiz qoyulmuşdu. Xəstəliyə necə qalib gəldiniz?

-Çətin günlər idi. Narahatlıq hiss  etdiyim üçün həkimə getdim və orada xərçəng olma ehtimalım olduğunu söylədilər. Ayağa qalxdım və dedim ki, "Daha ciddi heyvan yoxdur? Bu nə qeyri-ciddi heyvan adıdır xəstəliyimə qoymusunuz?". Daha sonra onlar mənə ciddi bir müalicə yazdılar, lakin bundan imtina etdim. Analizin nəticələrini Türkiyəyə yolladım. Daha sonra təcili olaraq oraya çağırıldım. Təyyarə bileti tapa bilmədiyimə görə iki gün avtobusla yol getdim. Çox narahat idim. Amma ora çatanda həkimlər bunun xərçəng deyil, sadəcə stress ilə bağlı yaranmış xəstəlik olduğunu dedilər və qısa müalicə ilə hər şey yoluna düşdü. Burada müalicədən imtina etməyim həyatımda atdığım ən ağıllı addımlardan biri idi.

Gənclərin çoxu sənətlərini xaricdə inkişaf etdirmək istəyirlər. Siz də nə zamansa xaricə getməyi düşünürsünüzmü?

-Oxumaq üçün xarici ölkəyə gedə bilərəm. Amma heç vaxt başqa bir ölkədə aktrisa kimi çalışmaq istəmərəm. Bir neçə dəfə təklif gəlib, amma razılaşmamışam. Düşünürəm ki, Azərbaycanda bu sahədə yeni-yeni inkişaf başlayır. Zəngin incəsənətimiz var. Fikrimcə, biz burada qalmalı, yeniliklər gətirməli, onları inkişaf etdirməli və özümüzdən sonrakı insanlara ötürməliyik. Düşünürəm ki, ölkəmdə daha faydalıyam.

Oxucularımıza nə demək istərdiniz?

-Yaşadığınız hər şeyə görə özünüzə təşəkkür edin. Heç nəyə görə peşman olmayın. Dərs çıxarın, amma peşman olmayın. Kiməsə 76-cı şansı verməkdən qorxmayın. İçinizdən gəlirsə 176-cı şansı da verin. Sevin. Sevməkdən yorulmayın, qorxmayın. Yıxılın. Diziniz qanasın. Lakin sonra ayağa qalxın və getdiyiniz yola davam edin. Özünüz sevin və güvənin. Sizdən daha güclü, istedadlı, bacarıqlı heç kim yoxdur. Ən ümidsiz anlarınızda güzgüyə baxın və deyin: "Sən səhvlərinlə belə möhtəşəmsən!"


Rubrikamızın ənənəsinə uyğun olaraq cümləni tamamlayardınız, "Nə qədər ki, gəncəm..."

- Nə qədər ki, gəncəm, yaşlanmamaq üçün əlimdən gələni edəcəyəm.


Paylaş
Şərh əlavə et