
Dopamin, oksitosin, serotonin və endorfinlər əhval-ruhiyyəmizə cavabdeh olan beynin kimyəvi maddələridir. Bu kimyəvi maddələr həmişə hazır vəziyyətdə olurlar. Onları idarə edə bilmədiyimizi düşünürük, lakin elm sübut edib ki, biz onları şüurlu şəkildə də hərəkətə keçirə bilərik.
Yaxşı və xoşbəxt bir zehin həyatımızın gedişatına əhəmiyyətli dərəcədə təsir edir. Sağlamlığımız, uğur və xoşbəxtliyimiz bizim özümüzdən asılıdır. Müsbət neyrotransmitterləri stimullaşdırmağın bir neçə yolu var:
Dopamin
Dopamin bizi stimullaşdıran və hərəkətə gətirən beyin kimyəvi maddəsidir. Motivasiya, yaddaş, diqqət, hətta bədən hərəkətlərinin tənzimlənməsində rol oynayır. Dopamin çox miqdarda ifraz olunduqda, müəyyən bir davranışı təkrarlamağa sövq edən zövq hissi yaradır.
Qarşıya hədəflər qoyub bu hədəfləri tamamlayanda dopamin aktiv hala keçir. Böyük hədəfləri daha kiçik hissələrə ayırsanız, finiş xəttinə daha tez çatarsınız. Bu da, kiçik hədəfləri tamamladıqda hər dəfə dopaminin ifrazına imkan verər. Digər bir araşdırma meditasiyanın dopaminin ifrazına kömək etdiyini sübut edir.
Oksitosin
Oksitosin sosial qarşılıqlı əlaqəni gücləndirməkdən əlavə, qan təzyiqini düşürür, ağrıya qarşı dözümlülüyü artırır və narahatlığı azaldır. Həm də vücudun böyümə və bərpasına kömək edir. Dinləmək oksitosinin səviyyəsini artırmağın başqa bir yoludur. Hamımız istəyirik ki, kimsə qulaq asıb dediklərimizi təsdiq etsin. Başqasını dinləyərkən varlığınızı fiziki olaraq göstərdiyiniz zaman ikiniz arasında bir əlaqə qurulur və bu əlaqə oksitosinin səviyyəsini artırır.
Serotonin
Serotoninin əhval-ruhiyyəyə təsiri səbəbindən antidepresantların əksəriyyəti serotoninə fokuslanır. Serotonin səviyyənizi qaldırmaq istəyirsinizsə, öz xoşbəxtliyinizə diqqət edin. Psixiatriya və Neuroscience jurnalında yayımlanan bir araşdırma, iştirakçıların xoşbəxtliyinin beynin sağ ön singulat korteksində yüksək səviyyədə ifraz olunan serotoninin sintezi ilə müsbət əlaqələndirildiyini bildirir. Əhvalımız serotonin səviyyəsinə təsir göstərə bilsə də, həmçinin serotonin səviyyəsi də əhvalımıza təsir edə bilər.
Parlaq işıq beyninizdə serotonin səviyyəsini artıraraq sizi psixoloji çöküşdən xilas edə bilər. Parlaq işığa məruz qalmaq mövsümi depressiya üçün bilinən bir müalicə üsuludur, lakin işıq terapiyasının mövsümi olmayan depressiya üçün də təsirli olduğu sübut edilmişdir.
Endorfinlər
Endorfinlər, əsasən ağrıya cavab olaraq yüksəlir. Bunlar narahatlıq və depressiyanı azaltmağa da kömək edir. Gülüş nəinki endorfin səviyyəsini artırır, həm də kortizol səviyyəsini və stresin digər təsirlərini azaldır. Gülüş terapiyası, stress və əhval pozğunluqları üçün gülüşdən istifadə edən bir müalicə formasıdır.
Mənbə: Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
