Bu gün:

Qırmızı meyvələr sizi necə qoruyur?


Havalar isinəndə qış meyvələri bazarlardan uzaqlaşmağa və onların yerini yay meyvələri tutmağa başlayır. Yayın qırmızı meyvələri həm görünüşü, həm də dadı ilə hər kəsi özünə cəlb edir. Piştaxtalara rəng qatan çiyələk, böyürtkən və zoğal həm sağlamlığa faydaları, həm də ləzzətli dadı ilə diqqət çəkən ən gözəl yay meyvələrindəndir.

Çiyələk vitamin mənbəyidir.

Ətirli qoxusu ilə belə insanı özünə cəlb edən çiyələk tərkibində bol miqdarda dəmir və fosfor olduğu üçün əhəmiyyətli bir meyvə kimi görünür. C, B və K vitaminləri ilə də zəngin olan çiyələk orqanizmə güc verir, xolesterini aşağı salır və damar tıxanmasının qarşısını alır. 

Həm də çox yaxşı antioksidant olan çiyələk immunitet sistemini gücləndirir. Xərçəngə qarşı da qoruyucu təsiri olan çiyələk həzm sisteminin nizamlı işləməsi və bədəndən zərərli maddələrin çıxarılması üçün də faydalıdır. Sakitləşdirici təsiri ilə təzyiqi aşağı salır və stressi azaldır.

İmmunitet sistemini gücləndirir.

Çox qısa müddətə piştaxtalarda qala bilən zoğal meyvəsi vitamin və mineral baxımından çox zəngin olduğu üçün də seçilir. Tərkibində A, C vitaminləri, karotin, tiamin, riboflavin, niasin, kalsium, maqnezium, fosfor, mis, kükürd, dəmir və yod olan zoğal güclü antioksidant xüsusiyyətləri ilə immunitet sistemi problemlərinə, xüsusilə soyuqdəymə və qripə qarşı kömək edir və immuniteti gücləndirir.

Allergiyaları azaldır.

Bədənimizdə iltihabın qarşısını alan, allergiyanı azaldan və damarları gücləndirən gözəl antioksidant olan zoğal tor qişasını qoruyaraq gözlərə də fayda verir. Zoğal həm də zəngin melatonin mənbəyi kimi seçilir. Mütəxəssislər melatonini ən vacib antioksidant olaraq təyin edirlər. Melatonin əlavəsi bu gün mövcud olan əsas yaşlanma əleyhinə müalicələrdən biridir.

Xərçəng şişlərinin böyüməsini ləngidir.

Tünd qırmızı və bənövşəyi rəngini antioksidant olan yüksək miqdarda antosiyaninlərə borclu olan böyürtkənin xərçəng şişlərinin (xüsusilə də yoğun bağırsaq və yemək borusu) böyüməsini ləngidirdiyi bildirilir. Tərkibindəki antioksidantlarla artrit, yaşa bağlı yaddaş itkisi, katarakta və digər göz problemləri ilə mübarizədə də rol oynayır. Tərkibində həll olunan lif olduğu üçün qanda xolesterinin azalmasına, toxluğun təmin edilməsinə, arıqlamağa və 2-ci tip diabetlə mübarizəyə kömək edir.

Dərini də cavanlaşdırır.

Böyürtkən arıqlamaq istəyənlər üçün də yaxşı bir meyvə variantı kimi görünür. Doydurma xüsusiyyəti sayəsində qida ehtiyacını azaldır. Antioksidantla zəngin meyvə olan böyürtkən gənc qalmaq üçün də mükəmməldir. Bu meyvənin ən mühüm xüsusiyyətlərindən biri də dərini cavanlaşdırmasıdır. Tərkibində çoxlu miqdarda C vitamini də var.

Mənbə: TRThaber

Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et