Bu gün:

“Əvvəllər elə bilirdilər ki, psixoloji problemlərim var”


24Media-nın budəfəki müsahibi həvəskar rəssam, “Body art”  (bədən sənəti) ilə çoxsaylı izləyicilər qazanan Samirə Abbasovadır. 


Əvvəlcə oxucularımıza özünüzü təqdim etmənizi istərdik...

- 1994-cü ildə Bakıda anadan olmuşam. Əslən Şəki şəhərindənəm. Bakı Qızlar Universitetində təhsil almışam və uşaqlıqdan rəsmə marağım olub. Bu sahə üzrə heç bir xüsusi kurs və yaxud təhsilim yoxdur. Anadan gəlmə istedaddır deyə bilərəm. Təvazökarlıqdan uzaq olsa da, bu sahə üzrə təhsili olanların bəzilərindən daha qabiliyyətli və kreativ olduğumu düşünürəm.

"Body art" nədir?

- "Body art" insan bədəni üzərində tətbiq olunan sənətdir. Divar, kağız, paltarların üzərində rəsmlər çəkildiyi kimi, 1960-cı illərdən etibarən insan dərisinin üzərində də rəsm çəkmək sənəti  yaranıb.

Sizdə bu sahəyə maraq necə yarandı?

-Dediyim kimi, uşaqlıqdan rəsmlə məşğulam, amma sırf bu işlə 5 ildir ki, məşğul oluram. Əslində, hər şey çox ani baş verdi. Evdə üz üçün istifadə olunmamış 5 rəngdə boyam və 2 fırçam var idi. Əvvəlcə dodaq üzərində kəpənək qanadı təsvirini yaratdım. Özümə söz vermişdim ki, uğurlu nəticə əldə etsəm, bu işə davam edəcəyəm. Hər şey elə gözlədiyim kimi də oldu, uğurlu alındı. Bundan sonra hər gün üzümdə müxtəlif şəkillər çəkdim. Tək "Body Art" yox, "SFX Makeup" ( xüsusi effektli makyajlar - yaralar, çapıqlar, yanıqlar və s. ), "Transformation Makeup" (dəyişiklik makyajları- öz üzündə başqa üz cizgiləri yaratmaq ) bu kimi sahələri də öyrəndim. Hətta hələ də öyrənməyə davam edirəm. Bütün bunlarla yanaşı, geyimlər, divar üzərində də rəsmlər çəkməyə davam edirəm. Rəsm həyatımın böyük bir hissəsini tutur.

"Bədən sənəti" zamanı istifadə etdiyiniz boyalar üz üçün zərərli deyilmi?

-İstifadə etdiyim boyalarımı, qrim məhsullarımı Amerikadan xüsusi sifarişlə əldə edirəm. Professional qrim məhsulları olduğu üçün üz dərisinə zərəri yoxdur. Bu illlər ərzində dərimə heç bir əks təsirini görməmişəm, ancaq yenə də istifadə sonrası üzümü yuyaraq nəmləndirici vasitələrdən istifadə edirəm.

Yaratdığınız obrazlar arasında "Sərçə Cek", Frida Kahlo, hətta məşhur qorxu filmi olan “İt”in baş qəhramanı olan kloun da var. Bəs, siz bunlardan hansını daha çox bəyənirsiniz?

-Hər bir işimi xüsusi həvəs və zövqlə etdiyim üçün bir-birindən ayırmıram. Amma qeyd etdiklərinizdən əlavə elə obrazlar var ki, onlara qarşı xüsusi simpatiyam var.

Bəzi əl işləriniz həqiqətən çox vahiməlidir, qorxu filmlərində gördüyümüz obrazlardan fərqi yoxdur. Sizcə, bu şəkildə küçəyə çıxsanız sizə qarşı münasibət necə olar?

- Əslinə, dəfələrlə müxtəlif obrazlarda küçəyə çıxmışam. Çünki obrazlara uyğun olaraq müxtəlif yerlərdə çəkilişlərimiz olur. Reaksiyalar isə müxtəlifdir. İlk vaxtlarda özümü gizlədirdim, amma yenə də görənlər olurdu. Bəzən qorxurlar, bəzən şəkil çəkdirmək istəyirlər, çox zaman isə təriflər eşidirəm. Bu təriflər məni işimə daha çox həvəsləndirir.

Bu sənətin nə kimi çətinlikləri var?

- Hər işin özünəməxsus çətinliyi var, amma ən əsası onun səbr və əzmlə öhdəsindən gəlməkdir. Əvvəllər çoxu elə bilirdi ki, psixoloji problemlərim var, ya ünsiyyətdən qaçır, ya da “Nə olub sənə?” sualını verirdilər. Yaxud “Nə üçün özünə belə şeylər edirsən? ” deyirdilər. Zamanla isə bu düşüncələr yox oldu.

Hər hansı bir obrazı yaratmaq nə qədər vaxtınızı alır?

-Sərf etdiyim vaxt yaratdığım obrazdan asılıdır. Ən az 1 saat, ən çox isə 5-6 saat vaxt sərf edirəm. Bəzən daha artıq çalışmalı oluram. Əsas nəticənin möhtəşəm olmasıdır. Bunun üçün səbrlə, həvəslə sərf etdiyin vaxtı düşünmədən işləmək lazımdır.

Daha çox film qəhrəmanlarını, yoxsa vahiməli obrazları yaratmağı sevirsiniz?

-Əslində, hər ikisini sevirəm. Uşaqlıqdan bəri qorxu filmlərini çox sevmişəm və gözümü belə qırpmadan baxmışam. Buna görə də qorxu filmlərinin qəhrəmanlarına üstünlük verirəm. Sosial şəbəkədə də izləyicilərim qorxu filmlərinin obrazlarını daha çox bəyənirlər.

Bu işdə ən böyük dəstəkçiniz kimdir?

- İlk gündən etibarən ailəm yanımda olub. Amma ən böyük dəstəkçim atamdır.

Bəyəndiyiniz və örnək kimi qəbul etdiyiniz "Vücud sənəti" ustası varmı?

-Bəli, var, xaricdə bu iş yüksək səviyyədə icra olunur. Elə ilk gündən onlardan işimin incəliklərini öyrənməyə çalışıram.

Bununla bağlı iş təklifi almısınızmı?

-Bəli, təkliflər almışam. Həm ölkə daxili, həm də ölkə xarici təkliflər gəlib. Dəyərləndirməyi düşünürəm.

Sonda oxucularımıza nə demək istərdiniz?

- Əvvəlcə sizə təşəkkür edirəm, mənim üçün çox xoş oldu. Oxucularımıza isə bir işə başlamazdan əvvəl özlərinə inanmalarını tövsiyə edirəm. Öz bacarıqlarınıza inansanız, işinizin yarısını yekunlaşdırmış olacaqsınız. Ən əsası isə səbrlə, həvəslə yola davam etməkdir. İzləyicilərimə isə demək istəyirəm ki, yaxın zamanda yeni və kreativ işlərlə yenidən qarşınızda olacam.

Paylaş
Şərh əlavə et