
Narkolepsiya və ya ümumi bilindiyi kimi yuxu xəstəliyi qeyri-adi vaxtlarda yuxululuq və ani yuxu hücumları ilə xarakterizə olunan xroniki yuxu pozğunluğudur. Narkolepsi qurbanı olan fərdlər yaşadıqları mühit şəraitinə cavab olaraq uzun müddət oyaq qalmaqda çətinlik çəkir və gündəlik həyatda böyük çətinliklərlə qarşılaşa bilərlər.
Narkolepsiya, ümumiyyətlə, iki növ olaraq təyin olunur. Bəzi hallarda narkolepsiyaya əlavə olaraq, katapleksiya, güclü emosiyaların səbəb ola biləcəyi əzələ tonusunun qəfil itməsi mümkündür. Katapleksiya ilə baş verən narkolepsiya növü 1-ci tip narkolepsiya adlanır.
Katapleksiya olmadan baş verən narkolepsiya növü 2-ci tip narkolepsiya kimi tanınır. Narkolepsiya, adətən, ilk dəfə 10-30 yaş arası insanlarda görünür.
Narkolepsiya ilə normal yuxu nümunələri arasındakı fərq nədir?
Bir insanın normal yuxuya getmə prosesi sürətli olmayan göz hərəkəti yuxusu və ya NREM yuxusu adlanan faza ilə başlayır. Bu mərhələdə fərdin beyin dalğaları və beyində görülən fəaliyyət səviyyəsi əhəmiyyətli dərəcədə yavaşlayır. NREM yuxusu təxminən bir saat davam etdikdən sonra beyin fəaliyyətlərində dəyişiklik müşahidə edilir və normal olaraq sürətli göz hərəkəti yuxusu və ya REM yuxusu başlayır. Yuxular adətən REM yuxusunda baş verir.
Narkolepsiya hallarında, fərd həm gecə, həm də gündüz fərqinə varmadan əvvəl NREM yuxusunu yaşamadan birdən-birə REM yuxusuna girə bilər. Narkolepsiyanın katapleksiya, yuxu iflici və ya halüsinasiyalar kimi bəzi əlamətləri və simptomları REM yuxusu zamanı beyində və bədəndə baş verən dəyişikliklərə bənzəyir, lakin dərin yuxudan daha çox oyaqlıq və ya yuxululuq zamanı baş verir.
Mənbə: acibadem.com
Tərcümə etdi: Gülay Qəribova
