
Soyuqdəymə və qrip kimi infeksiyaların ən çox görülən əlamətlərindən biri olan boğaz ağrısı nəzarət altına alınmazsa danışmağı, yemək yeməyi və hətta nəfəs almağı çətinləşdirə bilər. Boğaz ağrıları adətən sadə ev müalicəsi ilə idarə oluna bilər. Lakin uzun sürən və şiddətli boğaz ağrıları tibbi müalicə tələb edə bilər.
Boğaz ağrısı ümumi bir səhv anlayış olaraq bəzi onkoloji sahələri, xüsusilə, qırtlaq xərçəngini ağla gətirsə də, faringit və tonzillit kimi bir çox fərqli səbəbləri ola bilər. Hətta müvəqqəti ola bilər və ya qıcıqlanma səbəbindən baş verə bilər.
Boğaz ağrısı nədir?
Boğaz ağrısı, udqunma zamanı tədricən pisləşən boğazda ağrı, qaşınma, yanma hissi və qıcıqlanma hissi kimi təsəvvür edilə bilər. Daha çox boğaz ağrıları infeksiya və ətraf mühit faktorları səbəbindən baş verir. Quru boğaz hissi narahat ola bilsə də, boğaz ağrısı adətən öz-özünə keçir. Bəzən boğaz ağrısı üçün səbəbi və növündən asılı olaraq müalicə tələb oluna bilər.
Boğazın müxtəlif yerlərində yaranan boğaz ağrıları təsir etdiyi bölgəyə görə belə adlanır:
1. Ağızın arxasındakı bölgəyə təsir edərsə, faringit;
2. Badamcıqların şişməsinə və qızarmasına səbəb olarsa, tonzillit (tonzillit);
3. Qırtlaqda şişlik və qızartıya səbəb olarsa, Laringit.
Boğaz ağrısının səbəbləri nələrdir?
Soyuqdəymə, qrip və digər infeksiyalar
Boğaz ağrısının təxminən 90% -i geniş yayılmış infeksiyalar səbəbindən baş verir. Boğaz ağrısı, soyuqdəymə, qrip, mononükleoz, koronavirus xəstəliyi 2019 (COVID-19), qızılca, suçiçəyi və parotit kimi xəstəliklərdə özünü göstərir.
Alergiya
Burun tıxanıqlığı, asqırma və boğaz ağrısı kimi simptomlar polen, toz, kif, ot və ya ev heyvanları kimi müxtəlif oyadıcıların səbəb olduğu allergik reaksiyalarda baş verə bilər. Bunlara cavab olaraq immunitet sistemi müxtəlif kimyəvi maddələr buraxır.
Quru hava
Quru hava boğazın nəmliyini qurudur. Xüsusilə, qışda istifadə edilən qızdırıcılar ətraf mühitin rütubətini azalda bilər və boğazda quruluq, qıcıqlanma və boğaz ağrısına səbəb ola bilər.
Ətraf mühitin çirkliliyi
Bir çox canlılara zərər verən və təbiətin tarazlığını pozan bir çox tullantı və kimyəvi maddələr boğaz ağrısına səbəb ola bilər.
Boğaz ağrısının qarşısını almaq üçün nə etmək lazımdır?
1. Asqırdıqdan və öskürdükdən sonra əllərinizi mütləq yuyun.
2. İnfeksiyaya yoluxduğunu bildiyiniz insanlarla yaxın təmasdan çəkinin.
3. Qapı tutacaqları, kompüterlər və stolüstü əşyalar kimi tez-tez istifadə olunan əşyaların gigiyenasına diqqət yetirin.
4. Sağlam qidalanma və müntəzəm idmanla boğaz infeksiyaları kimi müxtəlif infeksiyalara qarşı immunitet sisteminizi gücləndirin.
5. Ümumi sağlamlıq müayinələrinə laqeyd yanaşmayın.
Mənbə: medicalpark.com
Tərcümə etdi: Aytac Musayeva
