Bu gün:

“Uşaqlara söz haqqı verməli, onların fikirlərini dinləməliyik”


24media.az-ın "1 sual 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Gülnar Orucovadır. Psixoloq özünü təqdimetmə və özgüvən problemləri barədə danışıb. 


-Sizcə, uşaqlarda özünü təqdim etmə və ifadə problemləri nədən irəli gəlir, daha özgüvənli olmanın yolları nələrdir?


Özümüzü tam təqdim edə bilməmə özgüvənimizin və özünü qiymətləndirməmizin yetərincə olmamasından irəli gəlir. Bu da yuxarı yaşlarda ortaya çıxa bilsə də, əslində, altı yaşa qədərki dövrlərdə yaşadığımız problemlər və travmalarımızdır. Bir uşağın şəxsiyyət kimi formalaşmasında bu altı yaşa qədərki dövr çox önəmli bir faktordur. Əgər biz övladımızın özgüvəninin, özünə verdiyi dəyərin yüksək olmasını, gələcəkdə bacarıqlı, lider tipli bir insan olmasını istəyiriksə, o zaman övladımıza o altı yaşa qədərki dövrdə dəyər verməyi öyrənməliyik. Onlara söz haqqı verməli, fikirlərini dinləməliyik. Amma təəssüf ki,  bu hazırda cəmiyyətimizdə mövcud deyil. 


Övladlarımıza kiçik yaşlardan "bacarmazsan, olmaz, səndən heç nə olmaz" kimi ifadələr işlədərək onların özgüvənlərini sındırmış oluruq.  Bəzi valideynlər isə övladının bacara bilmədiyi bir şeyi təkidlə ona öyrənməyə məcbur edir. Bu yanlışdır, bunun əvəzinə, onun yaxşı bildiyi bir şey üzərində çalışmasına dəstək olmalıdırlar. Məsələn, əgər övladınız deyirsə, mən kosmonavt olacam, deyin sən əlbəttə, bacaracaqsan, sən dünyanın ən bacarıqlı pilotu olacaqsan. Bu onu incitmədən fikrinə düzəliş etməyin bir yoludur. Kosmonavt olmaya bilər, amma pilot olmağı bacaracaq. Digər bir yanlış isə müqasiyə etməkdir. Övladlarınızı heç vaxt başqaları ilə müqayisə etməyin, bu bir-başa özgüvəni aşağı salır. Onların seçimlərini dəyərləndirin, əgər bir yanlışı varsa, ona doğru yolu izah edin. Valideynlər bəzən övladlarına doğru tərəfləri söyləmir ancaq yayındırırlar. Amma "olmaz" ların səbəbini açıqlamaq lazımdır ki, uşaq səhvinin fərqində olsun. 


Bu günlərdə valideynlər deyir ki, övladımın heç bir səhvi olmasın. Sualım valideynlərədir: Bəs siz heç səhv etməmisiniz? O uşaq səhv edibsə, hirslənmək əvəzinə, səhvlərini düzəltməliyik ki buradan da doğru nəticələr əldə edək. Bəzən uşaqlar səhv etdikdə onlara o qədər cəzalar verilir ki, fərqində olmadan onlar incidilir. İndi dəbdədir uşağı küncdə saxlamaq. Hətta məktəblərdə müəllimlər də bu hərəkəti etdikdə etiraz edilmir. Etiraz edin, əziz valideynlər, bu Sovet Respublikasının dövründən qalma üsuldur, uşağın şəxsiyyəti alçaldılır. Heç bir müəllimin övladınızı o dərəcədə alçaltmaq haqqı yoxdur. 


Övladınızın ixtisas seçimində ona dəstək  olun, övladınıza ixtisas seçməyin. Baxın, siz  fərqli zaman qurşağında böyümüş insanlarsınız. Həmçinin siz ola bilmədiyiniz şəxsiyyəti övladınızda formalaşdırmaq istəyirsiniz.  Artıq  zaman dəyişir, həmçinin dövrün tələbləri də, buna görə də övladlarınıza haqq verin, seçiminin arxasında olun, icazə verin, olmaq istədiyi şəxsi olsun. 

Son zamanlarda müşahidə etmişəm ki, bəzi insanlar kifayət qədər savadlı olsa da, özünü ifadə etmə qabiliyyəti zəifdir. Bu sosial şəbəkələrdən istifadənin nəticəsidir, orada artıq o qədər virtual ünsiyyətə öyrəşmişik ki, danışıq zamanı nitqimizi ifadə edə bilmirik.  Sosial şəbəkələrdən mümkün qədər az istifadə etməliyik, öz üzərimizdə çalışıb nitqimizi inkişaf etdirməli, mükəmməlləşdirməliyik. Amma bunun başqa bir səbəbi də doğru mühitin olmamasıdır. Ümumiyyətlə, insanın bir şəxsiyyət kimi formalaşmasında üç amil əsasdır:genetika, tərbiyə və mühit. Biz bu üçünü də normada saxlamağı bacarmalıyıq. Övladlarımız üçün etdiyimiz hər hərəkəti gözdən keçirməli, atdığımız addımların necə nəticələnə biləcəyinin fərqində olmalıyıq. 


Günay Məmmədova

Paylaş
Şərh əlavə et